Nizami Gəncəvi ilə bağlı kitabların təqdimatı keçirilib

18 Noyabr 2021 17:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış ədəbiyyat adamları iştirak ediblər.

Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza giriş sözü ilə tədbiri açaraq qonaqları salamlayıb, hər iki kitab haqqında iştirakçılara qısa məlumat verib. Sonra çıxış edən Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Nizami Gəncəvi İli”ndə onun yaradıcılığının müxtəlif tərəflərinə fokuslanan kitabların nəşr olunmasını önəmli hesab etdiyini bildirib. Hər iki nəşrin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir Regional Mədəniyyət İdarənin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı çıxışında kitabların əsas məqsədindən, kitabların ərsəyə gəlməsi prosesindən bəhs edib.

Daha sonra yazıçı Seyran Səxavət, Yazıçılar Birliyinin sədrinin müşaviri yazıçı-dramaturq Elçin Hüseynbəyli, Ədəbiyyat İnstitutun icracı direktoru, dosent Mehman Həsənli, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin aparıcı məsləhətçisi Xəyal Məmmədov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, “kulis.az” mədəniyyət portalının baş redaktoru Ulucay Akif çıxış edərək kitablar haqqında fikirlərini bölüşüblər.

Sonda çıxış edən Fərid Hüseyn “Nizami Gəncəvinin əsərlərinin el variantları”nın və Ramil Əhməd isə “Nizami Gəncəvinin poetik portreti” kitabının tərtibi, redaktəsi prosesindən danışıblar.

Qeyd edək ki, “Nizami Gəncəvinin poetik portreti” kitabının təqdimat yazısının müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, kitabın tərtibçisi və redaktoru yazar, ədəbiyyatşünas Ramil Əhməddir.

Kitab XX-XXI əsrlərdə Nizami Gəncəviyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədi ilə tərtib olunub. İthaf şeirlər müəlliflərin ayrı-ayrı kitablarından, qəzet və jurnalların səhifələrindən toplanaraq ilk dəfə sistemli bir şəkildə təqdim edilir. Ölümündən əsrlər sonra belə Nizaminin çağdaş şairlərə təsir etməsi, “Xəmsə”sinin ilham qaynağı olması ədəbi təsir, ədəbi əcdadlıq baxımından çox böyük dəyərləri ifadə etməkdədir. Kitab həm də Nizamiyə şeir ithaf edən şairlərin estetik dünyaları, modern Azərbaycan şairlərinin klassik ədəbi irsə olan münasibətini göstərir.

“Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabında isə Nizami Gəncəvinin əsərlərinin folklorda, nağıllarda, dastanlarda özünə həyat qazanmış süjetləri toplanıb. Kitab bir daha Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bariz örnəklərlə dünyaya çatdırmaq məqsədi daşıyır. Bu kitab Nizami Gəncəvinin süjetlərinin folklorumuza nə qədər sirayət etdiyini, eyni zamanda dahi ədibin Azərbaycanın el yaddaşından, xalq ədəbiyyatından nə qədər məharətlə yararlandığını bir daha aydınlaşdırır. Kitabda sovet dövründə ayrı-ayrı nəşrlərdə yer alan əsərlər, folklor nümunələri ilk dəfə sistemli şəkildə bir araya toplanıb.

Kitabın təqdimat yazısının müəllifi AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, redaktoru və tərtibçisi yazar, ədəbiyyat araşdırmaçısı Fərid Hüseyn, məsləhətçisi isə ədəbiyyatşünas Ramil Əhməddir.