Brüssel görüşü: Ermənistan yenidən masaya otuzdurulur - ANALİZ

22 Noyabr 2021 11:57 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Yerevan və Bakıdan artıq təsdiq olunub ki, Şərq Tərəfdaşlığının Brüsseldə keçiriləcək sammitində Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkili barədə Avropa İttifaqı Şurası Prezidentinin təklifi qəbul edilib. Bu barədə həm Azərbaycan, həm də Ermənistan rəsmi açıqlama verdiyindən Əliyev və Paşinyanın dekabrın 15-də Brüsseldə eyni masa arxasına oturacağı şübhə doğurmur.

Gözlənilən görüş, belə demək mümkündürsə, “zahiri əlamətlərinə görə” ilk növbədə bir neçə baxımdan diqqət cəlb edir:

Əvvəla, 16 noyabr 2021-ci ildə Ermənistan ordusu Azərbaycanın Şərqi Zəngəzurda suveren ərazilərinə hücuma keçməyə cəhd göstərib, ciddi tələfat verərək, çoxsayda döyüş texnikası itirərək dəf edilib. 16 noyabrda Azərbaycana qarşı edilən geniş miqyaslı, lakin uğursuz hücumdan sonra Ermənistanın baş naziri ilk dəfə Əliyevlə üz-üzə oturacaq.

İkincisi, noyabr ayının əvvəllərində kütləvi informasiya vasitələrinə belə bir məlumat sızdı ki, Rusiya prezidenti Vladimir Putinin araçılığı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin Moskvada görüşü təşkil olunacaq. Bu yöndə Kremldən də də mesajlar verildi. Lakin Ermənistan “görüşün vaxtı hələ təyin edilməyib” deyə faktiki olaraq Moskva danışıqlarından imtina etdi. Odur ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə Avropa İttifaqının Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə bir araya gəlməsini Azərbaycan və Ermənistan mediası ilə yanaşı Qərb ekspertləri də “Putinsiz görüş” adlandırır.

Üçüncüsü, Gürcüstan Baş nazirin müavini, xarici işlər naziri David Zalkalianinin dilindən açıq şəkildə bəyan edib ki, rəsmi Tiflis “3+3” formatında regional əməkdaşlıq modelindən imtina edir. Düzdür, Gürcüstan özünü diplomatik təmas xəttində saxlamaq üçün Cənubi Qafqaz ölkələrinin əməkdaşlığına isti baxdığını açıqlayır və hətta Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edir. Lakin hər kəsə məlumdur ki, Gürcüstan Azərbaycanla Ermənistan arasındakı ixtilafların çözülməsində vasitəçi rolu oynaya biləcək çapda dövlət deyil. Necə deyərlər, keçəl dərman bilsə, öz başına yaxardı.

İndi isə, gölənilən görüşün arxla fonunda, ingilislər demiş, “backround”una diqqət edək.

16 noyabrda Ermənistan ordusu daha bir dəfə əzildikdən sonra Nikol Paşinyan fərqindədir ki, Azərbaycan prezidenti İlham Əliyevin qarşısında oturmaqdan uzun müddət yayına bilməyəcək. İrəvan 44 günlük savaşdakı qəti məğlubiyyətindən sonra real sülh danışıqlarından yayınmaq üçün Qərb aktyorlarını diplomatik masaya dəvət etmək istəyir. Bu baxımdan nə Azərbaycanın, nə də Ermənistanın üzv olmadığı Avropa Birliyinin vasitəçiliyi baş tutacaq müzakirə heç bir tərəf üçün xüsusi öhdəliklər yaratmayacağından Paşinyan üçün məqbul görsənir. Azərbaycan isə hər vəchlə Ermənistanı sülhə məcbur etmək istəyir və rəsmi Bakı çox yaxşı başa düşür ki, növbəti mərhələlərdə imzalanacaq barış sözləşməsi beynəlxalq keçərliliyə malik olmalıdır. Ehtimal etmək çətin deyil ki, məhz bu zəmini hazırlamaq məqsədi ilə rəsmi Bakı da Şarl Mişelin təklifini “səmərəli təşəbbüs” sayıb. Əliyevin Avropa Birliyinin vasitəçiliyi ilə Paşinyanla danışıqlar masasına oturmasına razılıq verməsinin bir səbəbi də, ATƏT-in Minsk Qrupunun dirçəldilməsi təşəbbüsləri qarşısında müstəvini dəyişmək taktikasıdır. Rəsmi Bakı bu addımla nümayiş etdirir ki, Qərb təsisatları ilə əməkdaşlıq və müzakirə xəttlərini açıq saxlayır, lakin Qarabağ münaqişəsinin nizamlanmasına heç bir əməli töhfə verməmiş ATƏT-in Minsk Qrupunun yeni reallıqlara adekvat olmayan çıxışlarına məhəl qoymayacaq.

Görüş zamanı gündəmdə nələr olacaq?- artıq yerli və xarici eskpertlər bu sual üzərində düşünür və müxtəlif versiyalar irəli sürürlər.

İlk növbədə güman edilən odur ki, Nikol Paşinyan İlham Əliyevdən Azərbaycanın əlində olan erməni əsirlərini, İlham Əliyev isə Ermənistanın baş nazirindən “mina xəritələri”nin davamını istəyəcək. Bu yöndə istənilən razılaşma Qərbdə xoş qarşılanacağından, tərəflərin bu məsələdə qismən və ya xeyli dərəcədə ortaq məxrəcə gəlməsi mümkün görsənir.

Digər və prinsipial məsələlər barəsində Brüsseldə konkret nəticələrə gətirib çıxaracaq anlaşmaları gözləmək isə, olduqca cətindir, lakin “çoxdan bişmiş məsələlər” gün üzünə çıxarıla bilər.

Birincisi, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi dəqiq bilir ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsi üçün qarant dövlət Rusiyadır. Rusiyanın iştirakı olmadan aparılan danışıqlar “nəbz yoxlaması” səviyyəsindən o tərəfə keçən nəticələr verə bilməz. Elə bu səbəbdən də təxmin edə bilərik ki, Nikol Paşinyan Brüsseldə İlham Əliyevi Rusiya ilə qarşı-qarşıya qoymaq üçün fəndlər işlədəcək, ancaq böyük idarəçilik təcrübəsinə və yüksək diplomatik məharətə malik Azərbaycan prezidentinin əks həmlələri qarşısında xəcil olacaq.

İkincisi, Paşinyan Avropada bütün səylərini o istiqamətə yönəldəcək ki, ATƏT-in Minsk Qrupunun regiona səfərləri üçün İlham Əliyevdən razılıq alsın. Bunun qarşılığında Əliyev, heç şübhəsiz, sərhədlərin müəyyənləşdirilməsi və çəkilməsini, “Zəngəzur dəhliz”inin açılmasını tələb edəcək və ATƏT-in Minsk Qrupunun da uzaqbaşı bu məcrada fikir bildirməsinin mümkünlüyünü ifadə edəcək. Qarabağda yaşayacaq ermənilərinin statusunun hər hansı şəkildə müzakirəyə çıxarılacağını gözlənilmir.

Əgər xatırlayırsınızsa, ikinci Qarabağ Savaşından sonra dəfələrlə yazmışıq ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda Gürcüstanın geosiyasi aktuallığını azaldan amildir. Azərbaycan istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan Qafqazda əsas güc mərkəzidir və müzəffər ordumuzun 44 günlük müharibədə yaratdığı yeni dəngələr Ermənistana Gürcüstandan önə çıxmaq şansı verir. Gürcüstanın “3+3” modelindən açıq şəkildə imtina etməsi və Zəngəzur dəhlizinin açılışının qaçılmazlığı Ermənistam adına Paşinyan üçün inanılmaz tarixi fürsət yaradır. Əgər Paşinyan bu məqamı buraxmadan “Zəngəzur dəhlizi” barədə Brüsseldə müsbət reaksiyalar göstərərsə və həlledici danışıqlara qədər Ermənistan cəmiyyətini hazırlamaq üçün hərəkətə keçərsə, praqmatik bir şəkildə fürsəti dəyərləndirmiş olacaq. Açıqlamanın məhz Brüsseldən verilmiş olması Paşinyanın həm də öz müxaliflərinin psixoloji basqılarınə dəf etməyə yeni imkanlar açacaq.

Bütün hallarda Brüssel görüşünün baş tutması Azərbaycanın növbəti hərbi-diplomatik uğurudur.

O sadə və başlıca səbəbə görə ki, Ermənistana “revanş əməliyyat”larının perspektivsizliyi başa salınıb və nəticədə İrəvan yenidən masaya qayıtmağa məcbur edilib.

Taleh ŞAHSUVARLI