“Bir türkoloq kimi deyirəm ki…” - Peskovdan türk dünyasının xəritəsinə reaksiya

22 Noyabr 2021 17:10 (UTC+04:00)

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının türk dünyasının xəritəsi ilə çəkdirdikləri şəkilə münasibət bildirib.

AzNews.az xəbər verir ki, D. Peskov türk tərəfdaşlarının türk dünyası ideyasını inkişaf etdirməsinin normal hal olduğunu bildirib.

O türk dünyasının mərkəzi olan Altayın üzərində böyük qırmızı ulduzun qoyulmamasına görə təəssüf etdiyini deyib:

“Mən bir türkoloq kimi deyirəm ki, böyük ulduz Türkiyədə yox, Rusiya Federasiyasının torpaqlarında, yəni Altayda, hər bir türk üçün müqəddəs olan, onların doğulub, yayıldıqları yerdə olmalıdır”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Noyabrın 17-də R.T Ərdoğan MHP lideri D. Baxçalını qəbul edib. O Ərdoğana türk dünyasının xəritəsini təqdim edib.

Şəbnəm Zahir