Şahin Ağabəyli ilə bağlı prezidentə müraciət olundu

25 İyun 2013 18:51 (UTC+04:00)
Bir qrup deputat, media və ictimaiyyət nümayəndəsi adından prezidenti İlham Əliyevə müraciət edib.

Müraciət müəllifləri jurnalistlərin mənzil problemi ilə bağlı atılan addımı müsbət qiymətləndirir və prosesin davam etdirilməsini arzulayırlar.

Onlar hesab edirlər ki, bu gün təkcə həyatda olan və fəaliyyət göstərən media nümayəndələrinin deyil, eyni zamanda həyatını bu peşə uğrunda qurban vermiş, dünyasını dəyişmiş jurnalistlərin ailələrinin də mənzil problemi həll olunmalıdır.

Müraciətdə qeyd olunub ki, tikilən mənzillərdən vəfat etmiş jurnalistlərin ailələrinə də ayrılması əsl ədalət nümunəsi ola bilər. Buna misal olaraq 2010-cu ildə peşə fəaliyyətini həyata keçirərkən faciəli surətdə avtomobil qəzasında həlak olmuş, ailəsi isə hazırda mənzil problemi ilə üz-üzə qalan Şahin Ağabəyli göstərilib və onun ailəsinin mənzil probleminin həll edilməsi xahiş olunub.

Ş.Ağabəylinin qardaşı, Pia.az saytının baş redaktoru Azər Qaramanlı "Yeni Müsavat"a bildirib ki, müraciətin imzalanması prosesi başa çatıb və müraciət prezident İlham Əliyevə, Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri əli Həsənova və Mətbuat Şurasının sədrinə göndərilib. A.Qaramanlının sözlərinə görə, müraciətə 9 millət vəkili və iqtidarlı müxalifətli bütün nüfuzlu qəzetlərin, informasiya agentliklərinin, saytlarının baş redaktorları, jurnalistlər imza atıblar: "Bu məsələdə ayrı-seçkilik olmadı. Həm təşəbbüsə, həm də prosesin belə yüksək səviyyədə aparılmasına görə bu işdə zəhməti və müraciətdə imzası olan hər kəsə təşəkkür edirik. Bundan başqa Şahinin ailəsinin adından da Mətbuat Şurasına müraciət olunub. Ümid edirik ki, bu məsələ müsbət həllini tapacaq.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da dedi ki, mərhum jurnalistlərin ehtiyacı olan ailələrinin də mənzillə təmin olunması istiqamətində addımlar atmağa çalışacaqlar".//musavat.com//

AzNews.az