ABŞ səfiri Azərbaycana başsağlığı verib

1 Dekabr 2021 10:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.

“Səfir Örl Litzenberger helikopter qəzasında həlak olanlara görə başsağlığı verir. Onların ailələrinə və dostlarına başsağlığı veririk”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.