Gömrükçülər psixotrop maddə aşkarlayıblar

1 Dekabr 2021 21:15 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilməsi cəhdinin qarşısını alıblar.

Aznews.az xəbər verir ki, Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, İrandan ölkəmizdən tranzit keçməklə Rusiyaya “Badımcan” yükü aparan “Volvo” markalı yük avtomobili Astara gömrük postunun idxal yoxlama xəttində saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasının arxa hissəsində yerləşən yataq yerinin üzərində, şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan qara rəngli qovluqda gömrük nəzarətindən gizlədilən 1 ədəd xırda bükümdə, ümumi çəkisi 2 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.