İlham Əliyev: “Biz tarixi ədaləti bərpa edəcəyik”

26 İyun 2013 08:56 (UTC+04:00)
"Azərbaycan ikinci Ermənistan dövlətini yaradılmasına imkan verməycək".

Bunu bu gün keçirilən hərbi paraddakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev bildirib. "Dağlıq Qarabağ Azərbaycan torpağıdır və belə də qalacaq. İndiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bizim mövqeyimiz güclü ordu ilə tamamlanır, ordumuz inkişaf edir və bu inkişaf daimi prosesdir. Mən hərbi hissələrdə oluram, ordunun döyüş qabiliyyəti artır, nizami ordumuz var. Orduda vətənpərvərlik ruhu yüksək səviyyədədir. Şadam ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə alır. Bu amillər ordumuzu daha da gücləndirir".
Son illər ordumuzun texniki təchizatda çox böyük inkişafa imza atdığını bildirən İ.Əliyev müasir texnika, silah-sursat alındığını vurğulayıb: "Texnikanın bir hissəsi burada nümayiş etdiriləcək. Bu, sadəcə cüzi hissədir".
Azərbaycanda son illər ərzində hərbi məqsədlər üçün böyük vəsait sərf edildiyini bildirən İ.Əliyev bu ilin büdcəsində bu vəsaitin 3,7 milyard olduğunu qeyd edib: "Növbəti illərdə də hərbi xərclər artacaq. Yoxsul Ermənistanın bütün büdcəsi 2 milyarda yaxındır. Sabitliyi qorumaq üçün hələlik siyasi yollara üstünlük veririk. İqtisadi gücümüz müqayisə edilməz dərəcədə artıb. Bəzi istiqamətlər üzrə düşməni 10 dəfədən çox üstələyirik. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir".
Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyini vurğulayan Prezident son 8 ildə yerli hərbi istehsalın inkişaf etdiyini, onlarla hərbi zavodlarda 750 adda məhsul istehsal edildiyini qeyd edib: "Tapança, avtomat, minatanlar, aviasiya bombaları, snayper tüfəngləri, bütün növ patronlar istehsal olunur. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir, ixrac imkanları artır. Azərbaycanda xalqla iqtidar arasında birlik var. Biz tarixi ədaləti bərpa edəcəyik. Bunun başqa yolu yoxdur".

Elnarə Əlosmanqızı
AzNews.az