Vladimir Putin və Co Bayden görüşündə nələr müzakirə olundu?

8 Dekabr 2021 17:38 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında telekörpü vasitəsilə aparılan danışıqlar baş tutub.

Görüşlə bağlı politoloq Samir Hümbətov AzNews.az analitik- informasiya portalına danışıb.

O bildirib ki, görüşün belə gərgin atmosferdə keçəcəyi hər kəsə məlum idi.

“Görüşdən dərhal sonra Ağ Ev tərəfindən məlumat yayıldı və həmin məlumatda tərəflər arasında müzakirə edilmiş məsələlərin nədən ibarət olduğu qeyd edildi. Ağ Evdən gələn açıqlamalar demək olar ki, görüşdən öncə mütəxəssislər tərəfindən təqribən ehtimal edilən mövzularla üst-üstə düşür.

Görüşün əsas müzakirə istiqamətləri hazırda Rusiya və Ukrayna sərhəddində baş verən hadisələr, tərəflər arasında 2016-cı ildə ABŞ-da baş tutmuş prezident seçkilərində Rusiyanın seçkilərə müdaxiləsi və kiber təhlükəsizlik məsələləri, İranın nüvə məsələsi və s. oldu”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya üçün bu görüşü iki istiqamət üzrə önəmli hesab etmək olar: “Birinci, ona qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması və bunun nəticəsində iqtisadiyyatın normallaşdırılması. İkinci isə Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaqla sözügedən hərbi alyansın Rusiyanın sərhədlərinə gəlib çıxmasını əngəlləmək. Fikrimcə, ABŞ-ın da öz maraqları üçün istək və tələbləri vardı və ona görə də görüşdən öncə jurnalist tərəfindən ABŞ prezidenti Co Baydendən Rusiya prezidenti Vladimir Putinin işlətdiyi "Ukrayna bizim qırmızı xəttimizdir" ifadəsinə münasibət bildirməsini istədi və Bayden də öz növbəsində heç bir qırmızı xətt tanımadığını bildirdi”.

S.Hümbətov son vaxtlar ABŞ və Rusiya arasında gərginliyi artıran Ukrayna məsələsi ilə bağlı müzakirələrə də münasibət bildirib: “Hər iki tərəfin Ukrayna məsələsində belə dirənc göstərməsi ondan xəbər verir ki, hələ uzun müddət Ukraynada stabillik məsələsi arxa planda qalacaq və ərazisində hələlik separatçı rejimlər fəaliyyət göstərəcək. Eyni zamanda Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyaların tezliklə aradan qaldırılacağı inandırıcı görünmür.

Digər tərəfdən burada mövqe və nüfuz müharibəsini getdiyini də demək mümkündür. Ukrayna üçün isə yaxın perspektivdə qarşısında dayanan məsələlərin həllinə nail olacağı o qədər də inandırıcı görünmür”-, deyə şərhçi qeyd edib.

Şəbnəm Zahir