Azərbaycanın Özbəkistandakı səfirliyində bayram təntənəsi - FOTO

26 İyun 2013 16:26 (UTC+04:00)
Azərbaycanın Özbəkistandakı səfirliyində Silahlı Qüvvələrin yaranmasının 95 illik yubileyi böyük təntənə ilə qeyd olunub.

Daşkənddəki Azərbaycanlıların Heydər Əliyev adına Milli Mədəniyyət Mərkəzinin həyətində quraşdırılan monitorda Azərbaycan Silahlı Qüvvələrindən bəhs edən sənədli film nümayiş olunub. Azərbaycan səfirliyində fəaliyyət göstərən hərbi idarənin təşkil etdiyi təntənəli bayram tədbirində Özbəkistanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, Türkiyə, Rusiya, Ukrayna, İtaliya, Tacikistan, Türkmənistan, Polşanın səfir və hərbi attaşeləri, Özbəkistanın Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsinin nümayəndələri, mətbuat təmsilçiləri iştirak edib.

Azərbaycanın Özbəkistandakı səfiri ziyafətə gələn qonaqları salamladıqdan sonra ordu generalı, Azərbaycan Milli Ordusunun Özbəkistandakı hərbi attaşesi Elbrus Orucov 95 yaşlı ordumuzun tarixindən danışıb. Çıxışında 1918 -1920-ci illərdə ordunun ilk formalaşma dövrü, Nuru Paşanın hər tərəfdən düşmən əhatəsində olan Demokratik Azərbaycan Respublikasını qorunmaq üçün 30 minlik ordu yaratması, Azərbaycan hərbçilərinin Sovet İttifaqında keçdiyi şərəfli yol, 103 Sovet İttifaqı Qəhrəmanı, minlərlə ordenli-medallı əsgələrimizin şücaətinə geniş yer verən general ordumuzun formalaşmasının üçüncü mərhələsində Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb.

Azərbaycan Silahlı Qüvvələrin ümumi strategiyası və inkişafının perspektivini müəyyən etməsinin maraqlı məqamlarını qeyd edən hərbi attaşe torpaqlarımızın 20 faizinin işğalını qonaqların diqqətinə çatdıraraq Silahlı qüvvələrə dövlət qayğısından danışıb.

Təntənəli mərasimdə Azərbaycanlıların Mədəniyyət Evinin "Azəri qızları" rəqs ansamblı qonaqlar qarşısında xüsusi konsert proqramı ilə çıxış edib.

Aida
AzNews.az