“Hazırda aparılan siyasət Azərbaycanın milli maraqlarına cavab verir”

28 Dekabr 2021 16:50 (UTC+04:00)

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.

Görüşlə bağlı politoloq Məhəmməd Əsədullazadə AzNews.az analitik-informasiya portalına danışıb.

Politoloq Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət və hökumət başçılarının qeyri- rəsmi sammitində Azərbaycan və Rusiya prezidentlərinin görüşündə ölkəmizin Avrasiya İttifaqına üzvülüyü müzakirə ediləcəyini bildirib.

“Bir müddət bundan əvvəl Qazaxıstan eks-prezidenti N. Nazarbayev Azərbaycanı bu quruma dəvət edib. Ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyanda Ermənistanın Azərbaycana bu quruma üzvülüyünə veto qoymayacağı mesajını verdi.

Azərbaycanın Rusiyanın Gömrük İttifaqına qoşulması istiqamətində Kreml israrlıdır. Rəsmi Bakı bu halda Qarabağda silahlı erməni birləşmələrinin çıxarılması və Xankəndində suverenliyin bərpasını ilkin şərt olaraq irəli sürməlidir. Rusiya buna getməyəcək. Azərbaycan üçün Gömrük İttifaqı səmərəli deyil. Rusiya Avrasiya İttifaqının inkişafı və genişləndirilməsi istiqamətində yeni bir siyasət ortaya qoyub. Kreml Azərbaycanı da bu birliyə dəvət edir. Prezident İlham Əliyev Rusiyanın bu təklifini qəbul etməyəcəyi mümkündür. Çünki, hazırkı aparılan siyasət Azərbaycanın milli maraqlarına cavab verir”- , deyə M.Əsədullazadə qeyd edib.

Şəbnəm Zahir