“Son dövrlərdəki açıqlamalar Ermənistanın sülhə məcbur olduğunu göstərir”

31 Dekabr 2021 11:22 (UTC+04:00)

Politoloq Tural İsmayılov AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.

- Ermənistan Baş naziri N.Paşinyan deyib ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb. Onun bu çıxışı necə başa düşülməlidir?

- Nikol Paşinyan yaxşı başa düşür ki, bundan sonra regionda münasibətləri normallaşdırmaq labüddür. Bunun əksi olacağı təqdirdə Ermənistan dövlətçiliyini gözləyən xaos və dağıdıcılıq daha da dərinləşəcək. Çünki Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlamağı Ermənistanın dövlət büdcəsinə işğal altındakı torpaqlardan qanunsuz gəlirlərin daxil olmağı ilə nəticələnirdi. Artıq biz torpaqlarımızı işğaldan azad etmişik. Ermənistanın dövlət büdcəsinə daxil olan qanunsuz gəlirlərin kökü kəsilib. Eyni zamanda Ermənistan Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlər də göstərir ki, Ermənistanda sürətli şəkildə əhali köçü baş verir.Vətəndaşı üçün heç bir ümid bəxş etməyən, dövlət büdcəsi dağıdılmış həm siyasi , həm də hərbi idarəetmədə boşluqları olan, kadr təyinatı aparılmayan ölkədə insanlar yaşamaq istəmirlər. Ona görə də N.Paşinyan gələcəkdə regionda Zəngəzur dəhlizinin açılması fonunda reallaşacaq nəqliyyat-kommunikasiya layihələrindən yararlanmaq istəyir. Başa düşür ki, Avrasiyanı Avropa ilə bağlayan yeni iqtisadi-siyasi formasiyalarda Ermənistan mütləq iştirak etməlidir. İşğalçılıq siyasəti səbəbiylə 30 ildir dalan vəziyyətində qalan Ermənistan bu gün acı reallıqla üz-üzə qalıb. Paşinyan da başa düşür ki, artıq həll edilmiş və Azərbaycan tərəfindən işğaldan azad edilmiş Qarabağa görə vəziyyətin daha da qəlizləşdirilməsi Ermənistandakı milliyyətçi və faşist ritorikanın güclənməsi Ermənistanın özünün əleyhinədir. Bu səbəbdən Paşinyan Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən irəli sürülən 3+3 formatı çərçivəsində Ermənistanın dalan dövləti vəziyyətindən çıxarılmasına çalışır.

Ümid edir ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırdıqdan sonra böyük regional layihələrdən yararlanacaq. Bu Ermənistanın iqtisadi olaraq düşdüyü boşluğun aradan qaldırılması üçün əsas vasitələrdən biri olacaq. Paşinyanın bu açıqlamaları daha əvvəldən gözlənilən idi. Paşinyan erməni ictimai şürunda sülhün labüdlüyü ilə bağlı ideologiyanı möhkəmləndirməyə çalışır.

- Paşinyanın sözləri həm Ermənistanda, həm də separatçılar nəzdində ciddi mübahisələrə səbəb olub. Separatçılarla Ermənistan rəhbərliyi arasında qarşıdurma necə nəticələnə bilər?

- Nikol Paşinyanın sülhlə bağlı çıxışları separatçılar arasında etirazlara səbəb olub. Burada iki versiya düşünülməlidir ki, ikisi də ağlabatan və reallaşa bilən versiyalardır. Ola bilsin ki, Qarabağdakı separatçı tör-töküntülər Paşinyanla razılıq əldə ediblər. Nikol Paşinyan Avropa və özəlliklə Brüsselin diqqətini cəlb etmək üçün sülhdən danışıb. Rusiya ilə də tamamilə körpüləri yandırmamağa çalışır. Buna görə də bir növ separatçıları danışdırmağa çalışır. Nəzərə almaq lazımdır ki, Qarabağdakı separatçıların terrorçu rəhbəri Araik Arutyunyan Paşinyanın kadrıdır. Onun Paşinyan əleyhinə hansısa siyasətlə bəyanat verməyi mümkünsüzdür. İkinci versiya isə ondan ibartədir ki, artıq Ermənistanın həqiqətən heç bir çarəsi qalmayıb. Qarabağdakı separatçılar mərkəzdən qaçma meyillərini daha da gücləndirərək Ermənistan iqtidarından tamamilə uzaqlaşma istəyirlər. Rusiyaya bel bağlamaq istəyirlər. Ancaq düşünürəm ki, separatçıların boş bəyanatlarının heç bir nəticəsi yoxdur. Çünki ortaya qoyulacaq siyasi iradə ancaq Ermənistan hakimiyyəti tərəfindən qoyula bilər. Beynəlxalq hüquqi baxımından da Ermənistanın aldığı qərarların hüquqi və siyasi çəkisi var. Bu baxımda Qarabağdakı separatçıların hər hansısa açıqlamalarının heç bir əhəmiyyəti yoxdur. Bu Xankəndində qalmış barmaqla sayılası erməni əhalinin narazılıqlarını yatırmağa da hesablana bilər. Çünki son günlərdə Xankəndində yaşayan azsaylı ermənilər işsizlikdən, kasıblıqdan etiraz edirlər. Ola bilsin ki, Qarabağdakı separatçılar daxili auditoriyada müəyyən qədər sakitlik yaratmaq üçün qəsdən Paşinyanın əleyhinə açıqlamalar verirlər.

-Türkiyə-Ermənistan münasibətlərinin normallaşması da gündəmdədir. Türkiyə Prezidentinin sözçüsü İbrahım Kalın bildirib ki, Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi artıq başa çatır. Sizin bu prosesdən gözləntiləriniz nələrdir?

- Dünyada yeganə presedentlərdən birini yaratmışıq. Azərbaycan 30 il ərzində işğala məruz qalsa da , 44 günlük müharibə ilə öz torpaqlarını özü işğaldan azad etsə də , biz yenə də sülhə etimadın mümkünlüyündən bəhs etmişik. Düşünürəm ki, bu Azərbaycanın sülhə nə qədər sadiq olduğunu göstərir.

Eyni zamanda Türkiyə də dəfələrlə Ermənistanın Azərbaycanın işğalı prosesini yekunlaşdıracağı, regionda təxribatlardan əl çəkəcəyi təqdirdə Ermənistanla münasibətlərin normallaşmasının Türkiyənin marağında olduğunu vurğulayıb.

Düşünürəm ki, özəlliklə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülmüş “Altılıq platforma” məsələsi də Ermənistanla sülh üçün atılan ən önəmli addımlardan biridir. Ermənistan və Türkiyə münasibətləri əvvəl-axır normallaşmalıdır. Paşinyanın son dövlərdə verdiyi açıqlamaların fonunda normallaşma , münasibətlərinin gerçəkləşməyi təqdirəlayiq haldır. Nəzərə almaq lazımdır ki, artıq həm Ermənistanla Türkiyə münasibətlərinin normallaşması üçün xüsusi nümayəndələr də təyin edilib. Azərbaycan sərhədlərin delimitasiya demarkasiyası prosesinə ardıcıl formada Ermənistan-Türkiyə münasibətlərini normallaşması mərhələli şəkildə baş verəcək. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ermənistanın bundan sonra atacağı addımlardan asılıdır. Ermənistan həqiqətən qonşu dövlətlərə ərazi iddialarından əl çəkib qonşuları ilə münasibətləri gərginləşdirməsə, Türkiyə-Ermənistan münasibətləri normallaşa bilər.

- Proseslərin fonunda Ermənistanın regionun reallıqları ilə barışdığını, sülh sazişi imzalamağa hazır olduğunu demək olarmı?

- Ermənistan müstəqil dövlət olmadığına görə biz Ermənistanın hansısa sözünə güvənməməliyik. Ancaq son dövrlərdəki açıqlamalar Ermənistanın sülhə məcbur olduğunu göstərir. Əslində bu proses Ermənistanın öz istəyi ilə baş vermir. Azərbaycan qazandığı zəfərlə Ermənistanı sülhə məcbur edir. Həm ölkəmizin qazandığı zəfər, həm Ermənistanın daxilindəki ictimai-siyasi qarışıqlıq Ermənistanın sülhə məcbur olduğunu deməyə əsas verir. Ümid edirik ki, kənardan hansısa güclərin qızışdırması olmasa, Ermənistan sülh prosesinə sadiq qalıb, prosesi sabotaj etməyəcək.

Lakin sabah geosiyasi vəziyyət necə olacaq, Azərbaycan və Türkiyənin artan uğurları Ermənistan havadarlarını narahat edib, Ermənistandan yenidən oyuncaq kimi istifadə ediləcəksə, bu sülh prosesinin daimi və əbədi olacağı ilə bağlı proqnozlarda yanılmağımıza səbəb ola bilər.

İndiki situasiya və geopolitik maraqlar Ermənistanın sülhə hazır olduğunu, hələki uzun müddət sülh əleyhinə hansısa proseslərin baş verməyəcəyini deməyimizə əsas verir.

Şəbnəm Zahir