“Türkiyə ilə Ermənistanın yaxınlaşması Kremlin ürəyincə deyil”

3 Yanvar 2022 16:53 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Bununla bağlı siyasi şərhçi Kənan Novruzov AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, çox güman Putin regionla bağlı narahatlığını birbaşa olmasa da, bilavasitə həmkarına çatdırıb.

“Çünki Rusiya dövlət başçısının narahatlığına həqiqətən, əsas var. Türkiyə ilə Ermənistanın yaxınlaşması heç də Kreml rəhbərliyinin ürəyincə deyil. Nəzərə almaq lazımdır ki, bu, Moskvanın bölgədəki mövcudluğunun tədricən azalması deməkdir.

Ankara-İrəvan arasındakı normallaşma isə sürətlənir. Son məlumatlara görə Ermənistan Türkiyə mallarına olan sanksiyanı aradan qaldırıb. Həmçinin Ermənistan hava yolu şirkətlərindən biri birbaşa çarter reyslərini təsdiqləyib. Bu, ciddi irəliləyişdir”.

Siyasi şərhçi Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalının bu günlərdə verdiyi açıqlamalara da diqqət çəkib.

“İbrahim Kalın bildirib ki, Ermənistanla münasibətlərin normallaşmaması üçün heç bir səbəb yoxdur: “1992-ci ildə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsəndə, sərhəddi bağlayanda əsas məsələ Qarabağın işğalı idi. Keçən il 44 günlük müharibənin nəticəsində gələn zəfərlə Qarabağ problemi həll edildi. Qarabağ tarixi sahiblərinə qayıtdı və 1992-ci ildə bizim Ermənistanla əlaqələrimizin sona çatmasına səbəb olan problem həll edildi. Yəni artıq əlaqələrin normallaşmaması üçün səbəb yoxdur. Prezidentimiz də ilk gündən etibarən Azərbaycanla Ermənistan arasındakı münasibətlərə adekvat olaraq Türkiyənin də Ermənistanla əlaqələri normallaşdırmaq istiqamətində addımlar atacağını demişdi. Bildiyiniz kimi, bu istiqamətdə xüsusi nümayəndələr də artıq təyin olunub”.
Böyük ehtimalla, Türkiyə ilə Ermənistan arasında bu istiqamətdə növbəti addımların yaxın gələcəkdə də şahidi olacağıq. Bu, Paşinyan administrasiyasına da, erməni xalqına da sərf edir. Eyni zamanda əlaqələrin bərpası, şübhəsiz, rəsmi Ankaranın maraqlarına cavab verir. Hər şeydən əvvəl ona görə ki, Türkiyənin Cənubi Qafqazdakı mövcudluğu güclənəcək. Eyni zamanda əlaqələrin bərpası xeyli erməninin Türkiyəyə köçməsinə şərait yaradacaq. Bu, qardaş ölkə üçün siyasi və iqtisadi dividentlər deməkdir. Habelə, seçkilər ərəfəsində həm Ərdoğanın regional siyasətdəki bu uğuru, həm də Türkiyədəki ermənilərin səsini qazanması onun “əlini xeyli gücləndirəcək”. Bu mənada İbrahim Kalının “Ermənistanın bir tərəfdən Azərbaycanla, bir tərəfdən Türkiyə ilə əlaqələrini normallaşdırması bütün regiona fayda verəcək. Bu, ən çox Ermənistana lazımdır. Çünki Ermənistan kiçik, kasıb, əhalisi az olan, dənizə çıxışı olmayan, ticarət yolları məhdud ölkədir”.

K. Novruzovun sözlərinə görə, bu Azərbaycanla sülh müqaviləsinin imzalanması, əlaqələrin yaranması deməkdir.

“Türkiyə ilə əlaqələrin normallaşacağı təqdirdə sərhəd ticarətindən sərhəd təhlükəsizliyinə, Türk Hava Yollarının uçuşlarına qədər bir çox sahədə inkişaf olacaq. Bütün bunlar Ermənistanın, erməni xalqının xeyrinədir. Bizim ölkəmizdə yaşayan erməni vətəndaşlarımızla da çox yaxşı əlaqələrimiz var. Onlara qarşı ayrı-seçkilik, hücum olsa, hər zaman konkret mövqe sərgiləyəcək. Onları müdafiə edəcəyik. Onlar bir problemləri olanda dərhal bizə müraciət edə bilərlər.” bəyanatı da Ankaranın regionla bağlı xarici siyasət kursundan xəbər verir.
Şübhəsiz, Rusiya kimi Qərb də Ankara- Moskva yaxınlaşmasını istəmir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Biz Avropa İttifaqının Qarabağ məsələsində vasitəçiliyini müsbət qiymətləndiririk” açıqlaması onu göstərir ki, onlar tərəflər arasında normallaşmaya mane olmaq üçün hətta iş birliyinə də hazırdırlar. Moskva Ankaranı regional oyunçu kimi çoxdan qəbul edib. İndi isə Türkiyənin Cənubi Qafqazdakı təsir gücünün Qərbə nisbətən daha çox olduğunu anlamağa başlayıb.
Əlaqələrin normallaşmasının qarşını almaq məqsədilə Rusiyanın Ermənistana, Qərbin isə Türkiyəyə təzyiqlərinin artacağı gözləniləndir. Ankara müqavimət göstərəcək. Amma İrəvanın durumu getdikcə çətinləşəcək. Ona görə də Paşinyan bilməlidir ki, Türkiyə ilə nə qədər tez yaxınlaşsa, şəxsi və siyasi karyerasını bir o qədər tez təmin edəcək. Əks halda hər ötən gün onun üçün təhdid artacaq”,- deyə şərhçi vurğulayıb.

Şəbnəm Zahir