Azərbaycan “OPEC plus” ilə bağlı qərarı dəstəkləyib - YENİLƏNİB

4 Yanvar 2022 19:22 (UTC+04:00)

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barrel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Aznews.az xəbər verir ki, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 mln. barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

***

18:41

“OPEC plus” ölkələri alyansın hazırkı strategiyasını saxlamaq qərarına gəlib.

Aznews.az xəbər verir ki, fevral ayında da gündəlik neft hasilatı növbəti dəfə sutkada 400 min barel artırılacaq.

Bununla da alyans 2022-ci ilin sentyabrına qədər istehsalla bağlı qoyulan məhdudiyyətləri aradan qaldırmaq niyyətindədir.

Qeyd edək ki, “OPEC plus” ölkələri pandemiya ilə əlaqədar 2020-ci ilin may ayında istehsalı azaltmışdı.

“OPEC plus” alyansının növbəti iclasının fevralın 2-də keçirilməsi planlaşdırılır.