Hüseyn Abdullayevin axtarışa verilməsi xəbəri təsdiqlənmir

27 İyun 2013 10:15 (UTC+04:00)
Vergilər Nazirliyi keçmiş millət vəkili və sahibkar Hüseyn Abdullayevə qarşı vergidən yayınma maddəsi ilə cinayət işinin qaldırılması barədə məlumatı təsdiqləmir.

Nazirliyin mətbuat xidmətindən Turan-a bildirilib ki, bununla bağlı rəsmi məlumat yoxdur, bu barədə yalnız mətbuatda oxuyublar.

Öz növbəsində sabiq deputatın vəkili Kamandar Nəsibov bu barədə danışmaq istəməyib. O "bu mövzuda danışa bilmərəm" deyərək səbəbini açıqlamayıb.

DİN və Baş Prokurorluq da onlarda bu haqda məlumatın olmadığını bildiriblər.

H.Abdullayev keçmişdə nüfuzlu sahibkar və parlament üzvü olub. 2007-cil ildə o, hökuməti pis fəaliyyətinə görə tənqid edib və bu zəmində digər deputat Fəzail Ağamalı ilə aralarında dava düşüb.

Nəticədə H.Abdullayev şərti olaraq 2 il müddətinə həbs olunub. Bundan sonra "kölgədə qalıb".

Musiqi ilə məşğul olan H.Abdullayev bu yaxınlarda "Susma" mahnısını yazıb. Mahnını "Şeron" qrupu ifa edib.

Bəzi məlumatlara görə, H.Abdullayev Türkiyədədir. O, Azərbaycan hakimiyyətini "Susma" klipindən sonra onun qohumlarına və yaxınlarına təzyiq göstərməkdə ittiham edib.

AzNews.az