Boratın inqilabının axırı

6 Yanvar 2022 09:00 (UTC+04:00)

Qazaxıstan öz ərazisinə, strateji mövqeyinə, təbii sərvətlərinə görə istər Orta Asiya, istər post-sovet məkanı, istərsə də Türk dünyası üçün olduqca önəmli ölkədir. Bütün statistik göstəricilər və proqnozlar təsdiq edirdi ki, ölkə əraziyə nisbətdə demoqrafik parametrlərinə, təbii sərvətlərinin işlənməsinə və ixracatına görə Türkiyəni də keçərək 2030-cu ildə Türk dünyasının lideri statusuna yiyələnəcək. Zirvəyə oynayan gənc dövlət bir andaca saray intriqalarının və hakimiyyət uğrunda elitadaxili çəkişmələrin davamı olan kütləvi iğtişaşların ağuşuna düşdü.

Sonu bəllidi: Elbaşı Nursultan Nazarbayev “dərin dövlət”dən- Təhlükəsizlik Şurasının rəhbəri postundan uzaqlaşdırıldı, klanı hədəfə alındı, inzibati binalar tutuldu, silahlar işə düşdü, ölkə vətəndaş müharibəsinə girdi, prezident Qasım Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək rus qoşunlarını ölkəyə çağırdı.

Rusiya ilə Qazaxıstanın münasibətləri həmişə isti olub. Nursultan Nazarbayev geopolitik şərtləri və ölkəsindəki rus əhalinin (hazırda 20 % civarındadır) potensialını göz önündə tutaraq Kremllə mümkün qədər uzlaşmağa çalışıb. Ancaq hələ 2020-ci ildə Rusiya prezidenti Vladimir Putinin daha çox Qazaxıstanı nəzərdə tutaraq “SSRİ-nin dağılması zamanı keçmiş müttəfiq respublikalar Rusiyanın tarixi torpaqlarını ələ keçirib” anlamında bəyanat verməsi münasibətlərin qəlizləşdiyindən xəbər verirdi. Vladimir Putinin daha öncələr verdiyi bir açıqlamanı həmin bəyanata əlavə edəndə ortada fərqli bir plan olduğu da üzə çıxırdı: “Nazarbayev çox qoçaq adamdır, heç vaxt qazaxların dövləti olmamışdı, o sovetlər dağılandan sonra qazaxlara dövlət qurdu”.

Bunun qarşılığında Qazaxıstan bir tərəfdən Çinlə münasibətlərini yaxşılaşdırır, digər yandan Türk dövlətləri ilə tarixi bağları siyasi münasibətlər sisteminə daşıyır, nəhayət Qərbin də istəklərinə dirsək göstərmirdi. Ancaq 1990-cu ildən etibarən Qazaxıstanda iqtidarda olan Nursultan Nazarbayevin “ömürlük prezident” olması zamanın ruhu ilə uzlaşmırdı və o 2019-cu ildə, 79 yaşında postunu Qasım Comərd Tokayevə təhvil verərək “dərin”ə çəkilmişdi.

Vladimir Putin Nursultan Nazarbayevlə görüşür, ancaq Tokayevə "görüşmək barədə" vəd verirdi. Bu, Kremlin nəzərində “Qazaxıstanda hakimiyyətin yiyəsi kimdir” sualına açıq cavab idi. Haçan ki, Elbaşı Kremldən gələn təklifləri “dövlət maraqlarına, müstəqilliyə zidddir” deyə geri çevirdi, qazandakı ikinci qoçun başı yada düşdü. Məlum həqiqətdir, iki qoçun başı bir qazanda qaynamaz, qaynayarsa, əvvəl mətbəx qarışar, sonra aləm...

Qazaxıstanda kütləvi aksiyalar sosial tələblərlə- “maye qazın qiymətinin bahalaşmasına etiraz” görkəmində başladı. Neft və qaz ölkəsində yanacağın qiymətinin artması, əslində, qəsdən artırılması “sosial ədalətsizlik”, “ölkənin sərvətlərinin hakim zümrə tərəfindən sümürülməsi”, “idarəçilikdə bacarıqsızlıq”, “xalqa hörmətsizlik” kimi təqdim olundu, guya bundan qəzəblənən Boratlar küçələrə axışdı.

Qazaxıstanda xalq arasında ciddi dayaqları olan, yaxşı təşkilatlanmış və leqal siyasi sistemin kontr bazasını formalaşdıran müxalifət partiyası yoxdur. Belə bir ortamda küçənin bir andaca, lidersiz və yetərincə “tədbirli” şəkildə təşkilatlanması müəyyən suallar üzə çıxarır, proseslərin arxasında güclü bir qüvvə olmasını hiss etdirirdi. Qazaxıstan heç də kasıb ölkə deyil, amma, əlbəttə, toplumun həllini gözləyən problemləri də çoxdur. Sosial, lap elə siyasi problemlərə etiraz üçün ayağa qalxanlar tələbləri yetiriləndən sonra evə dönməli idi, amma tam əksi baş verdi, küçə daha da qızışdı. "Azadlıq aşiqi" və "sosial inqilabçı" Borat Nazarbayevin heykəlinin başına saldığı iplə rus qoşunlarını dartıb Qazaxıstana gətirdi...

Qazaxıstan olaylarını Azərbaycana misal çəkənlər, dövlətimizə və hakimiyyətimizə Astana və Almatı üsyanları üzərindən dərs verənlər, ən təhlükəlisi, “qazaxlar qədər də olmadıq” deyə xaosu Azərbaycana daşımaq istəyənlər vardı. Dünyada yaranan taxıl böhranının Azərbaycana təsirlərindən vəcdə gəlmiş “fəlakət dəllalları” sosial şəbəkələrdə Barat axtarır, iqtidara bəzən ağıl, bəzən ultimatumlar verirdi...

Dərhal yazdıq: Qazaxstan olaylarının Azərbaycanda təkrarlanmaq ehtimalı yoxdur. Bunun ən başlıca səbəbi, Azərbaycanda vahid mərkəzi hakimiyyət probleminin olmamasıdır. Biz bu mərhələni bir qədər fərqli formada 2005-ci ildə keçmişik. O il İlham Əliyev hakimiyyətin desentralizasiyasına nail olmaq istəyənləri məğlub edib və hər biri qanunla cəzalanıblar. Bununla belə, Azərbaycanda mərkəzi hakimiyyətin desentraliziyası Ermənistan üçün əsas məqsəd olaraq qalır və küçələri qışqırdan hər kəs bilərəkdən və ya bilməyərəkdən Azərbaycanın müstəqilliyinə və Tarixi Zəfərinə qarşı çıxır.

Boratın inqilabının axırı isbat etdi ki, azadlığa, rifaha və qüdrətə gedən yolun kəsilməsi üçün küçənin qızışdırılması sosial eksperment kimi necə sınaqdan çıxarılır.

Boratın inqilabının axırı isbat etdi ki, Azərbaycanın sosial şəbəkələrində dan ulduzu ilə karvanqıranı ayıra bilməyənlərin “analitika”sı nə qədər təhlükəlidir...

Boratın inqilabının axırı isbat etdi ki, Azərbaycanda hakimiyyətin desentralizasiyasına çalışan qüvvələr əslində nəyi arzulayır, nəyə çalışırlar...

Qazaxıstanın KTMT ölkələri arasında çəkisini itirməsi, Rusiyadan asılı vəziyyətə düşməsi Azərbaycanı yaxşı rıçaqların birindən məhrum edir. Biz bu rıçağın nə qədər əhəmiyyətli olduğunu İkinci Qarabağ Savaşında dərindən hiss etmişdik. Ermənistanın Baş naziri Nikol Paşinyanın, formal da olsa, KTMT, əslində, rus qoşunlarının Qazaxıstana girməsi barədə qərarı açıqlamasının siyasi təzahürlərini isə, təkcə Azərbaycan yox, Türkiyə də hiss edəcək. Borat yağlı əlini təkcə öz ölkəsinin deyil, bütün türk dünyasının, həmçinin Çinin başına çəkdi. “Zəngəzur dəhlizi” Çinin müəllifi olduğu və Azərbaycan tərəfindən dəstəklənən “Bir kəmər, bir yol” layihəsinin qovşağı olmalı idi. Çox güman yenə olacaq. Ancaq iş düyünə düşəcək və bu düyün Azərbaycan prezidenti İlham Əliyevin diplomatik məharəti hesabına açılacaq.

Taleh ŞAHSUVARLI