Paytaxtın Binəqədi rayon sakini polisə müraciət edərək dekabrın 31-dən yanvarın 2-dək evdə olmadığı müddətdə naməlum şəxslərin mənzilindən içərisində 10 min manat məbləğində nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları olan seyfin oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aznews.az-a bildiriblər ki, məlumatla əlaqədar hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinlərin Murad Allahverdiyev və Uveys Məmmədov Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Həmin şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.