Partiya sədri bu gün həbs oluna bilər

7 Yanvar 2022 09:09 (UTC+04:00)

İddiaçılar 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovdur.

Onlar Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

Bu barədə VİP mətbuat xidməti məlumat yayıb. İddiaçıların şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Emil Cəfərovun iddiası üzrə hakim Hüseyn Səfərovun sədrlik edəcəyi məhkəmə iclası saat 10:05-də başlayacaq. Ramin Ədilovun iddiası üzrə hakim Rauf Daşdəmirovun sədrlik edəcəyi iclas isə saat 11:20-yə təyin olunub.

Qeyd edək ki, iddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” Yutub kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.