Güclü lideri güclü lider əvəzləməlidir!

9 Yanvar 2022 17:44 (UTC+04:00)

Bakıda 20 Yanvarda törədilmiş qırğınlar zamanı ölkə informasiya blokadasına alınmışdı. Bu blokadanı Ulu öndərimiz Heydər Əliyev dağıtdı. Moskvada Azərbaycan nümayəndəliyinə gələrək bu qanlı hadisənin siyasi mahiyyətini açdı. Bundan sonra Dünya mətbuatı Bakıda törədilən qırğınlar barədə yazmağa başladı.

İndi qazax ziyalıları, siyasətçilərindən xəbər yoxdur. Anında münasibət bildirilməli idi. Daldan atılan daş topuğa da dəymir. Bu böyüklükdə olan ölkənin xaricdə xeyli ziyalıları və alimləri var. Nədənsə onlar da susurlar.

Qazaxıstanda baş verənlər onu göstərdi ki, hər bir ölkənin davamlı inkişafı və yadellilərdən xilası üçün yeganə yol güclü liderin mütləq güclü liderlə əvəzlənməsidir. Geosiyasi vəziyyət elə mürəkkəbdir ki, dünya siyasətindən baş çıxaran, möhkəm iradəyə malik olan, xalqını sevən şəxsiyyət ölkəyə rəhbərlik etməlidir. Onunla hesablaşmalıdırlar. Azərbaycanı "narıncı inqilab"larla, "ərəb baharı" ilə təhdid etdilər. Alınmadı. Ölkə rəhbəri çox güclüdür. Güclü liderin varisidr. Əsl rəhbər odur ki, ölkəsini inqilablarla təhdid edəndə bunları məharətlə dəf edir, diplomatiyası və sərkərdəlik qabiliyyəti ilə itirilmiş torpaqları işğaldan azad edir. Dahi Hegel yazırdı: "Güclü dövlət başçısı odur ki, təhdidlər zamanı ölkəsini qoruyur və imkan düşən kimi işğal altında olan itirilmiş torpaqlarını azad edir."

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı etdiyi çıxışları və müsahibələri kitab şəklində çap olunub. Bu əsər bütün politoloqların stolüstü kitabı olmalıdır.

Bəli, güclü lideri güclü lider əvvəzləməlidir! Bu Azərbaycan modelidir...

Allah məmləkətimizi qorusun!

Etibar Əliyev,

Milli Məclisin deputatı