ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələblərini yerinə yetirəcəkmi? - PROQNOZLAR

10 Yanvar 2022 23:59 (UTC+04:00)

Cenevrədə təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Amerika danışıqları başlayıb. ABŞ-ın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyinin ərazisində qapalı formatda keçirilən məsləhətləşmələrdə əsas müzakirə mövzusu Rusiyanın təhlükəsizlik zəmanətlərinə dair müqavilə layihəsidir.

APA-nın Moskva müxbiri Rusiyanın ultimatum xarakterli tələblərinin mahiyyəti və iki dünya nəhənginin ortaq məxrəcə gəlib gəlməyəcəyi ilə bağlı rusiyalı və amerikalı siyasi analitiklərin proqnozlarını öyrənib.

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra Mərkəzi Asiya regionunda Qazaxıstan hadisələri fonunda hərbi nüfuzunu gücləndirən Rusiya Qərb cəbhəsində də nüfuz dairəsini möhkəmləndirməyə çalışır. ABŞ və Böyük Britaniyanın Ukrayna ərazisində hərbi baza inşa etməsi və Kiyevin NATO-ya üzv olma ehtimalından çəkinən rəsmi Moskva ötən ilin sonunda ABŞ-a təhlükəsizlik zəmanətləri ilə bağlı səkkiz maddəlik layihə müqaviləsini imzalamağı təklif edib. Rusiyanın ABŞ və NATO-ya təhlükəsizlik təminatları ilə bağlı ultimatum xarakterli sənəd layihəsi Vaşinqtonun Rusiyanın təhlükəsizliyi ilə bağlı Moskvaya yazılı zəmanət verməsini özündə ehtiva edir.

Rusiyalı ekspert: “Bu faktiki olaraq Kremlə silah tuşlamaq deməkdir”
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov APA-ya açıqlamasında Qərbin Rusiyanın təhlükəsizliyinə zəmanət verməli olduğunu bildirib: “İndi Kreml görür ki, NATO-nun hərbi infrastrukturu müntəzəm olaraq Rusiya sərhədlərinə yaxınlaşır. Ukrayna faktiki olaraq Qərb, əsasən də Amerika rejimi tərəfindən tutulub. Orada ABŞ və Britaniyanın hərbi bazalar inşa olunur. Rusiya güman edir ki, bir müddət sonra həmin ərazilərdə 5 dəqiqəyə Rusiyadakı obyektləri məhv edə biləcək nüvə başlıqlı raket qurğuları yerləşdiriləcək. Bu isə faktiki olaraq Kremlə doğru silah tuşlamaq deməkdir. Rusiya indi NATO-nun ABŞ qolunun hədəfini özündən yayındırmağa çalışır”.
Rusiya prezidenti Vladimir Putin ötən ilin sonunda keçirdiyi böyük mətbuat konfransında Sovetlər İttifaqı dağılandan sonra 90-cı illərin əvvəllərində Qərbin Rusiyanı aldatdığını söyləmişdi: “Qərb Rusiyanı həyasızcasına aldadıb. NATO-nun Şərqə doğru genişlənməyəcəyi ilə bağlı verdiyi vədləri yerinə yetirməyib”, - deyə Putin bildirmişdi.
Ona görə də, Kreml bu dəfə şifahi deyil, Qərbdən məhz yazılı zəmanət tələb edir.
Sergey Markovun fikrincə, Rusiyanın tələbi konkret və aydındır: “Rusiya konkret olaraq tələb edir ki, Ukrayna ərazisində inşası davam edən ABŞ və Britaniya hərbi bazaları sökülsün. Moskva tələb edir ki, bir daha Rusiyanın qonşularını Moskvanın razılığı olmadan NATO-ya üzv qəbul etməyəcəyi ilə bağlı Qərb zəmanət verməlidir Bundan başqa Rusiya tələb edir ki, ABŞ nüvə silahlarını Avropadan çıxarsın, ancaq öz ərazisində yerləşdirsin. Bəli, Rusiyanın tələbləri çox sərtdir. Bura həm də Avropada 1997-ci ildən etibarən Rusiya istiqamətində dislokasiya olunan ABŞ qoşunlarının həmin əraziləri tərk etməsi daxildir”.

ABŞ eksperti: “Rusiyanın təkliflərindən ancaq üçü ilə Vaşinqtonun razılaşması mümkündür”
Amerikalı siyasi ekspertlər isə Rusiyanın şərtlərinin çox ağır olduğunu, həmin şərtlərin hamısının yerinə yetirilməsinin mümkün olmadığını bildirirlər. Onların fikrincə, Vaşinqton postsovet ölkələrinin müstəqil qərar vermək hüququnun olduğunun hesab edir və Kremli həmin ölkələrin ərazi bütövlüyünə və suveren qərarına hörmət etməyə çağırır.
Amerikalı politoloq Maykl Bom APA-ya açıqlamasında Cenevrə danışıqlarının nəticələrinin olduqca ciddi olacağını söyləyib: “Mümkündür ki, danışıqların nəticələri təhlükəli olsun. ABŞ nə təklif edə bilər və nəylə razılaşa bilər? Düşünürəm ki, Rusiyanın təkliflərindən ancaq üçü ilə Vaşinqtonun razılaşması mümkündür. Bunlardan birincisi, uzaq və orta mənzilli raketlərin Avropa ərazisində yerləşdirilməsinə qarşılıqlı moratorium qoyulmasına razılıq vermək. İkincisi, Avropa-Rusiya sərhədləri yaxınlığında qarşılıqlı olaraq hərbi təlimlərin keçirilməsinin məhdudlaşdırılması, üçüncüsü isə ABŞ tərəfindən Vaşinqtonun Ukraynada hücum raketlərinin yerləşdirmək niyyətində olmadığını bəyan etməsi ola bilər. Lakin düşünürəm ki, bu üç bənd Kremli qane etməyəcək”.

“Rusiyanın Donbasa və ya Ukraynanın daxili regionlarına birbaşa hərbi müdaxiləsi mümkündür”
Rusiyanın ekspert cəmiyyətində düşünürlər ki, NATO bu şərtləri nəyinki yerinə yetirmək istəmir, heç yerinə yetirmək gücündə də deyil. O zaman danışıqlar uğursuzluqla nəticələnsə, bəs Rusiyanın cavabı necə olacaq?
Amerikalı ekspert Bomun fikrincə, Rusiyanın təkliflərində Kreml üçün ən vacib məqam artıq Ağ Ev tərəfindən rədd olunub: “Lakin bununla belə, Rusiya layihə sənədinin bütün bəndlərinin yerinə yetirilməsini, həmin sənədin “menyu” olmadığını bəyan edir. Ona görə də, düşünürəm ki, ABŞ-ın Moskvanın təkliflərindən imtina etməsinin cavabında Rusiya Belarus və Kalininqrad vilayətində ciddi hərbi hücum sistemləri yerləşdirəcək. Bu, ABŞ və onun müttəfiqləri üçün olduqca xoşagəlməz olacaq. Bu, sözsüz ki, Rusiya ilə Qərb arasındakı münaqişənin eskalasiyasına gətirib çıxaracaq. Lakin bu, birbaşa hərbi münaqişə olmayacaq. İkinci variant kimi isə Rusiyanın Donbasa və ya Ukraynanın daxili regionlarına birbaşa hərbi müdaxiləsi mümkündür. Bu ən pis və ən təhlükəli variantdır. Bu artıq müharibədir və kəskin dünya böhranına gətirib çıxara bilər”.

Sergey Markovun da qənaətincə, ABŞ Rusiya təkliflərindən imtina edəcəyi təqdirdə Moskvanın hərbi texniki vasitələri tətbiq edəcəyi mümkündür: “Yəni ki, Rusiya yüksək sürətli raketləri döyüş növbəsinə çıxaracaq və onları Vaşinqton, Brüssel və Londona tərəf istiqamətləndirəcək. Düşünürəm ki, ABŞ və NATO bundan qorxmur. Ona görə ki, onlar əmindirlər ki, Rusiya bu silahları tətbiq etməyəcək. İkinci variant isə Rusiyanın Ukraynada inşası davam edən ABŞ və Britaniya hərbi bazalarına raket zərbələri endirməsi, Donbasın müstəqilliyinin tanıması və ya Krım kimi öz ərazisinə qatmasıdır. Amma Qərb bundan da qorxmur. Üçüncü variant Rusiyanın Ukraynanın daha dərin ərazilərinə, Odessa, Xarkov, Odessa, Xerson və Nikolayevskə müdaxilə etməsidir. Bunlar rus dilli əhalinin yaşadığı ərazilərdir. Bu baş verəcəyi təqdirdə dünyanı genişmiqyaslı böhran gözləyir”.

Bir sözlə, Cenevrədəki danışıqlar və daha sonra Brüsseldə və Vyanada keçiriləcək məsləhətləşmələr istisnasız olaraq vacibdir. Çünki, bu danışıqlar bir çox mənada Avropanın və bütün dünyanın taleyini müəyyən edəcək.

Aznews.az