"Digər ölkələrin qoşunları Qazaxıstandan çıxmalıdır" - MÜSAHİBƏ

11 Yanvar 2022 19:06 (UTC+04:00)

Sabiq baş nazir Pənah Hüseyn AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.

- Pənah bəy, yəqin ki, Azərbaycanda da ciddi müzakirə edilən Qazaxıstan hadisələrini izləyirsiniz. Bu olaylarla bağlı düşüncələriniz nələrdir?

- Bəli, Qazaxıstan hadisələri Azərbaycan cəmiyyətini də ciddi şəkildə narahat edir. Qazaxıstan Azərbaycanla kifayət qədər normal münasibətləri olan dövlətdir. Nəzərə alınmalıdır ki, Qarabağ məsələsində bizə siyasi dəstək veriblər. Eyni zamanda, Qazaxıstan Türk Dövlətləri Təşkilatının formalaşmasında əsas ideyası və təşkilati funksiyası olan dövlətdir. 2009-cu ildə Türk Dövlətləri Təşkilatı yaranarkən Nursultan Nazarbayev onun fəxri sədri seçilib. Bu ideya xeyli dərəcədə Nazarbayevin adı ilə bağlı idi. Hazırda baş verən hadisələrin Turan ideyasını, türk dövlətlərinin birliyini qəbul edə bilməyən, bizə açıq düşmən olan dairələrlə əlaqəsi var. Bu kimi hadisələrdən keçmiş SSRİ məkanında yaranmış dövlətlərin müstəqil dövlət olma qabiliyyətlərini şübhə altına almaq üçün istifadə edirlər. Qazaxıstandakı hadisələr məhz bu baxımdan da bizi narahat etməyə bilməz. Digər tərəfdən bir çox məsələ ortaya qoyuldu ki, ölkədə ciddi reformlar getməzsə, əhalinin sosial vəziyyətinin normal şəkildə saxlanılmazsa, bu cür kataklizmlər digər ölkələrdə də yaşana bilər. Bizim bu məsələyə konkret mövqeyimiz ondan ibarətdir ki, olaylar Qazaxıstanın daxili işidir. Rusiya qoşunlarının Qazaxıstana yeridilməsinə qarşı Azərbaycan Xalq Partiyası olaraq rəsmi açıqlama ilə etirazımızı bildirmişik. Hesab edirəm ki, bu məsələ zorakılıq olmadan, dövlətin əsasları üçün təhlükə yaradılmadan, onun ərazi bütövlüyünə xələl gətirilmədən, milli barışıq yolu ilə həll olunmalıdır. Digər ölkələrin qoşunları Qazaxıstandan çıxmalıdır.

- Qazaxıstandakı iğtişaşlar, rus qoşunlarının buraya gəlişi 1990-cı il 20 yanvar hadisələri ilə müqayisə edilir. Sizcə, bu müqayisə nə qədər doğrudur?

- Bu hadisələri mexaniki müqayisə etmək doğru deyil. Hər halda 1990-ci ilin 20 yanvarında Azərbaycan SSRİ-nin tərkibində idi. Ayrıca beynəlxalq hüququn subyekti olan müstəqil dövlət deyildi. İndiyə qədər o vaxtkı mərkəzin qoşunlarının Azərbaycana dəvət olunması məsuliyyətini öz üzərinə götürən vəzifəli şəxs yoxdur. Həmin dövrdə SSRİ-nin tərkibində olmasına baxmayaraq, o zamankı Azərbaycan Ali Sovetinin sədri etiraz edərək bu hadisəni "təcavüz" adlandırmışdı. Azərbaycan Kommunist Partiyasının rəhbərliyinə daxil olan bir çox şəxs bunu pisləmişdi. Bunun da əsas səbəbi ondan ibarət idi ki, bizim Qazaxıstan hadisələrində müşahidə etdiyimiz ya həqiqətən törədilmiş, ya da qəsdən yönləndirilmiş zorakılıq halları Bakıda yaşanmamışdı. Qazaxıstanda baş verənlər kimi hökumət idarələrinə hücum, onların ələ keçirilməsi, talan tipli hadisələr Azərbaycan cəmiyyətində hətta o dövrlərdə də müşahidə olunmadı. Sonrakı hadisələrdə yəni 2003-cü ilin oktyabr hadisələrində Bakının ən zəngin, modern ticarət obyektlərinin, hökümət idarələrinin yerləşdiyi ərazilərdə kütləvi aksiyalar keçirildi. Ancaq talançılıq hadisəsi baş vermədi. O baxımdan bu hadisələrin mexaniki müqayisəsinin tərəfdarı deyiləm. Ancaq fakt bundan ibarətdir ki, Rusiya qoşunları Qazaxıstanda kütləvi aksiyaların jandarma funksiyasında yatırılımasında istifadə olunur. Söhbət rus qoşunlarının keçirdiyi əməliyyat nəticəsində həlak olanlardan, Rusiya qoşunları gəldikdən sonra əhaliyə qarşı münasibətlərdən gedir. Bu baxımdan Qazaxıstan hadisələrini xarici ölkəyə Rusiyanın müdaxiləsi kimi dəyərləndirmək olar.

- Bildirdiniz ki, Qazaxıstanda baş verən hadisələrdən keçmiş SSRİ məkanında yaranmış dövlətlərin müstəqil dövlət olma qabiliyyətlərini şübhə altına almaq üçün istifadə edirlər. SSRİ-nin yaradılmasının yüz illiyi ərəfəsində mükazirə olunan əsas məsələlərdən biri də bu ittifaqın yenidən bərpası fikirləridir. Sizə görə "SSRİ-nin bərpası" real görünürmü?

- Putin SSRİ-nin bərpasının əleyhinə olduğunu, bunun mümkün olmayacağını deyir. Mən də düşünürəm ki, SSRİ-nin bərpası mümkün deyil. Ancaq faktiki olaraq keçmiş Sovet Sosialist Respublikaları İttifaqı formasında olmasa da, Belarus-Rusiya ittifaqı formasında bərpası istiqamətində işlər aparılır. Qeyd etmək lazımdır ki, bu çox ciddi və təhlükəli məsələdir. Bu cəhdlər həm Rusiyanın özünə, həm də digər dövlətlərin, xalqların təhlükəsizliyi üçün ciddi fəsadlar törədə bilər. Biz Azərbaycan siyasi qüvvələri olaraq ciddi bir şəkildə belə istiqamətdə addımlar atılacaqsa, ona qarşı olacağıq.

Şəbnəm Zahir