KTMT-nin növbəti hədəfi Özbəkistandır? - AÇIQLAMA

11 Yanvar 2022 17:45 (UTC+04:00)

Siyasi ekspert Samir Hümbətov AzNews.az analitik-informasiya portalına açıqlama verib.

Ekspert bildirib ki, Qazaxıstanda baş verən proseslərdən sonra həm regionda, həm də dünyada Rusiya və yaxud KTMT təhdidinin olacağı ilə bağlı fikirlər səsləndirilməkdədir.

“KTMT-yə üzv olan dövlətlərin başçılarının onlayn iclası zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən sətiraltı şəkildə növbəti hədəfin Özbəkistan olacağı ilə bağlı fikirlər səsləndirməsi və daha Rusiya Dövlət Dumasının deputatı Kalaşnikovin buna bənzər açıqlaması məsələnin daha da gərginləşməsinə səbəb oldu. İndi hərkəsi maraqlandıran bir neçə sual var. Doğurdanmı KTMT-nin növbəti hədəfi Özbəkistandır ya bu bir hibrid müharibədir? Özbəkistan KTMT-yə üzv olmadığı halda təşkilat ora necə müdaxilə edə bilər? Qərb ölkələr, Çin və Türkiyə bu məsələdə Rusiya ilə hansı formada davranacaq?

Fikirmcə, Qazaxıstandan fərqli olaraq Özbəkistanda etnik mənşə etibarı ilə daha çox özbəklər yaşayır. Yəni, rusmənşəli vətəndaşlar elə də çox deyil. Bu da ölkədə sabitliyi pozmaq istəyən qüvvələr üçün o dərəcədə əlverişli hesab edilmir. Digər tərəfdən Şövkət Mirzəyevin gəlişindən sonra idarəetmədə islahatlar aparıldı. İslam Kərimovdan qalma rusmeyilli kadrların bəziləri hakimiyyətdən uzaqlaşdırıldı. Orduda ciddi disiplin formalaşdırıldı. Hətta Özbəkistan Türkiyədən PUA-ların alışını da həyata keçirdi.

Digər tərəfdən Özbəkistan 30 milyondan çox əhalisi olan dövlətdir və Mərkəzi Asiyanın ən böyük bazarlarından biri hesab edilir. Eyni zamanda Özbəkistanda milli kimlik məsələsi Qazaxıstana nisbətən daha yüksək görünür.

Əlbəttə ki, Rusiya üçün Mərkəzi Asiyanı və digər post-sovet ölkələri öz təsir dairəsinə almaq böyük arzudur. Amma bu arzunun reallaşmasının qeyr-mümkün olması Rusiyanın özü tərəfindən də daha yaxşı başa düşülməkdədir. Bugün regionda baş verənləri hibrid müharibənin tərkib hissəsi kimi də qəbul edilə bilər”.

Samir Hümbətovun sözlərinə görə, burada önəmli məqam da ondan ibarətdir ki, Türkiyənin Qazaxıstan məsələsinə olduğu kimi Özbəkistan məsələsində sakit dayanmayacağı və prosesləri seyr edəcəyi gözlənilən olmaz.

“Təbii ki, Türkiyənin proseslərə ciddi müdaxilə edəcəyi hər kəsə aydındır. Burada bir məsələni də qeyd etmək olar ki, Özbəkistanda dini faktor da Qazaxıstana nisbətən daha yüksəkdir və Əfqanıstanla həmsərhəd olması ölkədə dini qruplaşmaların aktivliyini bir az daha artırmaqdadır. Xüsusilə də Fərqanə vadisində belə qruplaşmaların ciddi təsir imkanları mövcuddur. Hesab edirəm ki, əgər KTMT Özbəkistanda hər hansı məsələyə müdaxilə edərsə, bu KTMT baxımından böyük yalnışlıq olar. Hətta demək olar ki, KTMT-nin gələcək mövcudluğu da sual altına düşə bilər.

Çinin 2013- cildən başlayaraq reallaşdırmağa çalışdığı "Bir Kəmər, Bir Yol" layihəsi Özbəkistan ərazisindən keçir və Çin son illərdə Özbəkistana 30 milyar dollara qədər investisiya qoyub və kredit verib. Ona görə də hesab edirəm ki, Çin üçün də Özbəkistana müdaxilənin xoş olacağı inandırıcı görünmür”, - deyə siyasi şərhçi qeyd edib.

Şəbnəm Zahir