Qolemin şənbə günü

15 Yanvar 2022 09:36 (UTC+04:00)

Praqa musəvilərinin inancına görə, bir haham Qolemi gildən düzəltmiş və düzəltdiyi heykələ yəhudi xalqını qoruması üçün ruh üfürmüşdü. Ravvin Ben Bezalel canlanan Qolemin alnına “həqiqət” mənasını verən “emet” kəliməsini yazmış, insan şəklinə saldığı palçıq yığınını İsrail övladlarını “qan nifrəti”ndən qorumaq üçün irəli vermişdi. Ancaq Allah xasiyyətini kəssin, Qolemin bir pis cəhəti vardı, şənbə günləri işləməsi yasaqdı. O üzdən “e” hərfini hər həftənin altıncı günü alnına yazılmış sözdən silərdilər. Alın yazısından asılı olan Qolem həmin gün cansız qalar, dəbərə bilməzdi. Çünki baş hərf silinəndən sonra qalan “met” kəliməsi “ölüm” anlamına gəldiyindən, o, heysizləşərdi. Fəqət bir şənbə günü yəhudilər onun alnından “e” hərfini silməyi niyəsə unutdular və coşmuş Qolemin qabağını ala bimədilər. O, qarşısına çıxan hər şeyi yandırdı, külə çevirdi, qırdı, dağıtdı, camaata bir dünya ziyan vurdu. Hahamlar canlarını dişinə tutub Qolemi birtəhər ipə-sapa yatırdılar, boyunladılar, alnından “e” hərfini sildilər, silən kimi əllərində tikə-tikə oldu. Qalıqlarını aparıb Köhnə Yeni Sinaqoqun- Praqanın Cosefov məhəlləsindəki “Altneu” məbədinin zirzəmisinə gömdülər.

Dövlət- məbəddir və hər dövlət-məbədin zirzəmisində bir Qolem- beyinsiz, dağıdıcı, əldəqayırma, üfürülmüş kütlə yatır. Bu kütləni, yəni Qolemi zirzəmidən küçəyə çıxarmaq “rəngli inqilab” kombinasiyalarının debütüdür. Kombinatorların Qolemləri zirzəmilərdən tapması, toparlaması, onları “xalq uğrunda” yenidən görəvləndirməsi, dövlətin “avtoritar” liderinə qarşı nifrətlə yükləməsi, gözlərini qana boyaması, dolayısı ilə “şənbə günü”nü gözləyənlərin ixtiyarına verməsi indiki informasiya texnologiyaları ilə çox da çətin deyil, sosial şəbəkələr istənilən cəmiyyətin altını üstünə çevirir.

Post-sovet məkanında gözlənilən “şənbə günü” ilk növbədə seçki axşamlarıdır.

Budur, 2003-cü ilin payızı, noyabrın ilk həftəsidir. Gürcüstanda Ədliyyə naziri postu tutmuş və bu vəzifədə heç bir il də qalmadan istefa vermiş, prezident Şevernadzeye qarşı müxalifətçiliyə başlamış gənc lider əlində bir dəstə gül küçələrdə çadır qurur. O, Mixail Saakaşvilidir. Kiyev Universitetinin beynəlxalq hüquq üzrə məzunu. Təhsilini Vaşinqton və Strasburqda davam etdirib, çox güman, elə orada da ABŞ kəşfiyyatının diqqətinə düşüb. Mişa seçkilərin saxtalaşdırıldığını iddia edir və səsverməni müşahidə edən Qərb dairələri onun dediklərini eynilə təkrarlayır. İsa Muğanna demiş, zaman o zamandır ki, sosial şəbəkələr hələ ictimai münasibətlərə yetərincə daxil olmayıb, Mark Zükkerberq Facebook barədə təzə-təzə baş sındırır. “Rustavi 2” kanalı ilə cəmiyyətə xitab edən “Qızılgül inqilabçıları” qısa zamanda Gürcüstan cəmiyyətinin sosial-siyasi münasibətlər sistemində eskalasiya yarada bilirlər. Bu eskalasiya “Kmara” qarışıq bütün oyunçuları ilə bir yerdən, daha dəqiq desək, Slobodan Miloşoviçin Yuqoslaviyada devrilməsi səhnələrindən- orada gəncliyi meydana çıxmaq üçün “Otpor” təşkilatlandırırdı- tanışdır. Xatırlayırsınız, bəzi ekspertlər o çevrilişə “buldozer inqilabı” deyirdilər- axı Miloşoviçi devirmək üçün lazım olan telekanalı zəbt etməyə etirazçılar buldozerlə getmişdilər. Üzərindən bir neçə il keçəcək, bax, həmin buldozer Saakaşvilinin həm ləqəbinə, həm də sevimli minik vasitəsinə dönəcəkdi.

Söhbət o buldozerdən gedir ki, təkcə çaloşu Miloşu iqtidardan götürmədi, götürüb də hərbi cani kimi beynəlxalq tribunalın qarşısına qoymadı, Yuqoslaviyanın özünü də tarix səhnəsindən kürüdü. Kür çayının qırağındakı kür demokrat isə, nisbətən modernləşdirilmiş buldozeri əvvəl Cənubi Osetiyada rus tanklarının üstünə sürdü, sonra Ukraynaya “köçüb” Krımda yerli oliqarxların divarlarını yıxmağa başladı. Nəticə ortadadır. Gürcüstan və Ukrayna ərazi bütövlüyünü bərpa etmək üçün nəzəri şanslarını da itirib. Həm Gürcüstanın, həm də Ukraynanın təcrübəsi onu sübut edir ki, buldozer siyasətdəki populistlər üçündür, əslində, nə sərhəd qorumağa yarayır, nə də nə demokratiya qurmağa. Əgər “Buldozeraşvili” hazırda Ukraynadan qeyri-qanuni yolla qayıtdığı ana vətənində həbsxanadadırsa, bu, sosial mühəndisliklə qurulan rəngli rejimlərin demokratiya ilə çüğlaşmadığı deməkdir, bundan savayı əhəmiyyətli bir şey ifadə etmir.

Vay, vay, siz Allah, işə bir baxın, 15 sentyabr 1974-cü ildə, SSRİ-nin ən qüdrətli çağında, kommunist rejiminin qılıncının dalı da, qabağı da kəsən bir zamanda tarixdə “Buldozer sərgisi” kimi qalacaq “mədəni bunt” baş verir. Özü də harada, düz göbəyində olmasa da, Moskvada! Adətən yığışdıqları mənzil yaxınlığında olduğundan, imperiya paytaxtındakı dəmir yol stansiyalarından birinin- “Lianozov”un adını öz çevrələrinə vermiş zirzəmi rəssam və şairləri qərara gəlirlər ki, madam polyaklardan əskik deyilik, gəlin, biz də öz əl işlərimizi aparıb açıq havada camaata göstərək. Təşkilatçılığı boynuna kolleksioner Aleksandr Qlezer və rəssam Oskar Rabin götürür. Vədə yetişəndə “açıq hava sərgisi”ndə iynə atsan yerə düşməzdi, belə ki, hər yerdə milislər və DTK casusları qaynaşırdı. Kremldən verilən tapşırıqla sərgiyə çıxarılmış rəsmlər müəllifləri qarışıq buldozerin qabağına qatıldı.

Təşkilatçı Qlezer canını DTK-nın cəngindən güc-bəla ilə, lap dəqiqi, Moskvadakı diplomatik korpusun sayəsində qurtarıb xaricə- Fransaya qaçdı. Oraya çatar-çatmaz “Üçüncü dalğa” adlı bir nəşriyyat qurdu. Bu ad çoxumuza tanışdı, hərçənd nəşriyyat adı kimi yox, nəşr adı kimi. Futuroloq Elvin Tofflerin dünyanın köklü dəyişikliyə uğramasından, üçüncü- post-industrial dalğanın 2025-ci ildə bitəcəyindən bəhs edən kitabını hər halda az adam oxumayıb ölkəmizdə. Sadəcə, o ilgincdir ki, bizim üçün az məşhur nəşriyyat çox məşhur nəşrdən illər öncə qurulmuşdu. Bəlkə elə bu nəşriyyatın adı da lap qabaqdan- kolleksioner Qlezer “Lianozov” stansiyası yaxınlığındakı daxmaya xarici diplomat və jurnalistləri dadandıran vaxtlarda qoyulmuşdu. O, Henrix Sapqir kimi Qolemi nəzm edəcək “underground” ədiblərin yanında əcnəbilərə fəxrlə deyirdi: “Mənim çiynimin üstündə iki baş var, biri özümünküdür, biri Rabinin”. Çox keçmədi Rabin özü kimi rəssam olan arvadı Valyanı da yanına salıb Qlezerin dalınca getdi. Oskarın əsərlərindən ikisi hazırda post-sovet coğrafiyasında daha məşhurdur. Birinci tabloda yağlı boya ilə kətana üstünə balıq qoyulmuş “NEPRAVDA” qəzeti işlənib. İkinci rəsm “İkona, vodka və demokratik kürü” adlanır. Sovet vətəndaşlarına qaramat aşıladığı, izləyiciləri sosializm realizmindən bədgüman etdiyi, depressiyaya saldığı üçün hələ “Buldozer sərgisi”ndən çox-çox öncə tənqidlərə tuş gələn Oskar Rabinin əsərlərində ən çox istifadə etdiyi simvollardan biri də bilirsinizmi nədir? Yox, vallah, nə konspiralogiyaya yuvarlanmaq istəyirəm, nə də komplo nəzəriyyəsi quraşdırmaq, sizə lap doğrusunu söyləyirəm: ağ və narıncı çiçəklər! Bir də o qəribədir ki, Rabinin kətana həkk etdiyi daxmalarda insan gözə dəymir.

Bəlkə o görsənməyən, şəkli çəkilməyən insanlar Qolem idi, zirzəmilərdə uyuyurdu?

Bəlkə tərsinə çevrilmiş ikonoda başqa mətləblər, simgələr vardı?

“Lianozov çevrəsi” sovet toplumunun narahatlarından ibarət idi. Bəli, bəli, hətta totalitar və repressiv sovet rejimində belə cəmiyyət yekdil deyildi, qeyri- formal dərnəklər vardı, gizli emalatxanalarda təkcə sovet sənayesinin çatdırmadığı mallar yox, həm də alternativ dəyərlər, baxışlar, konsepsiyalar istehsal olunurdu. “Moskva konseptualizmi” elə-belə ortaya çıxmamışdı. SSRİ-dəki qeyri-rəsmi incəsənət komalarından birini də özünü “qıraq məhəllələrin şairi və rəssamı” adlandıran Evgeniy Kropnivnitskiy- Valentinanın atası, Oskar Rabinin qayınatası - qurmuş və İqor Xolin kimi “xuliqan”ları- əsgər yoldaşına qarşı etdiyi dələduzluğa görə, rəsmi qaydada bu maddə ilə ittiham olunmuşdu- başına yığmışdı. Qərbdə onları “nonconformist”lər adlandırırdılar.

Non-konformistlərin alternativ dəyər istehsalının tarixçəsi isə bir az keçmişə, bir az da uzaqlara- Rusiyadan kənara, Avropaya gedib çıxırdı. 1662-ci ildə Britaniya parlamenti “Yekdillik haqda akt” qəbul etmişdi. İngiltərə misli görünməmiş bir iş tutur, öz kilsəsini yaratmaq yönündə qəti addımlar atırdı. Dövlət məbədləşir, məbəd dövlətləşirdi. Məsələ bu məqama heç də birdən-birə və təsadüfən gəlməmişdi. Katolik kilsəsi zənginləşmiş, yolsuzlaşmış və dünyəvi işlərə daha çox müdaxilə etməyə başlamışdı. Avropada başlayan anti-Papa hərəkatı Martin Lüteri üzə çıxarmış, kilsə islahatları xüsusi dalğaya çevrilmiş, xristianlığın ənənəvi iki məzhəbinə yeni biri də əlavə olunmuşdu- PROTESTantlıq. Protestantların İngiltərədəki icması sözügedən aktı qəbul etmədilər və “nonconformistlər”- “uymayanlar”, “riayiət etməyənlər”, “razılaşmayanlar” anlamında- adlandırıldılar. Başqa bir isimləri isə, “dissenter”lər, yəni “qarşı çıxanlar”, “müxaliflər” idi...

Rusiya prezidenti Vladimir Putinin mərhum qatı əleyhdarı Eduard Beniaminoviç Savenkonu bir çoxumuz “Limonov” soyadı ilə tanıyırıq. Onun “Başqa Rusiya” partiyasının başqanı olduğunu, həmyerlimiz Harri Kasparovla birlikdə “Razılaşmayanların marşı”nın ön cərgələrində yürüməsini də hamımız yaxşı bilirik. Boynumuza alaq, sarı mətbuatdan onun arvadbaz olduğu, həftəbaşı bir məşuqə dəyişdiyi, hətta məktəbli qızları tovlayıb yatağına saldığı barədə xəbərləri də az oxumamışıq. Ancaq Limonovun Fransaya mühacirət etməzdən və prezident seçkilərində iştirak etmək üçün Rusiyaya qayıtmazdan öncə “Lianozov çevrəsi”ndə saç ağartdığını necə, bilirdikmi? Eduard Beniaminoviç dörd-beş il dalbadal təşkil etdiyi küçə yürüşləri ilə Putinin anadan əmdiyi südü burnundan gətirdi. O yürüşlərdə səslənən “Putinsiz Rusiya”, “Bizə başqa Rusiya lazımdır” sayaq şüarlar hələ də qulağımızdadır. Doğrudanmı, “Putinsiz Rusiya” “başqa Rusiya” deməkdir? Limonovun loqosuna qumbara şəkli qoymaqla nəşr etdirdiyi qəzetdə “Xalqların qara siyahısı”nı tutduğunu, Yuqoslaviyada serblərə, Abxaziyada Gürcüstana, Dnestr sahillərində Moldaviyaya qarşı könüllü kimi vuruşduğunu xatırlayanda, bu suala heç də “bəli” demək olmur. Hələ Nikol Paşinyanın, Ermənistanda siyasi olimpə meydan stixiyasının sayəsində yüksəlmiş o küçə dığasının özünü geopolitik oyunçu zənn edib Qazaxıstana qoşun yeridilməsi prosesində rol qapmasını xatırlayanda təəccüblənməmək mümkün deyil. İstəyirsiniz lap ingiliscə təəccüblənim: “Oh, my God”!.. Hətta Adelə qoşulub bir ağız da oxuyum:

I know that it's wrong,

But I want to have fun

/ Bilirəm ki, yanlışdır, amma əylənmək istəyirəm...

Qazaxıstanda parlamentin zəbt olunmasında iştirak edən bığ yeri təzəcə tərləmiş gənc yanlışın və doğrunun nə fərqində idi, nə də fərqinə varmaq istəyirdi. Onun niyyəti, sadəcə, quruluşçu rejissoru hələ də ortalıqda görünməyən “inqilab tamaşası”na qatılıb əylənməkdi. “Uvajaemıe deputatı, uvajaemıe deputatı” deyə-deyə spiker kürsüsündən parlamenti dağıdan yaşıdlarına səslənəndə bəlkə də İnstagramda, Tik-Tokda paylaşacağı bir-iki dəqiqəlik video ilə Adel qədər gözəl olmasa da, bir almayanaq qız tuta biləcəyini zənn edirdi. Qıyıq gözlərində parlayan isə, aqressiya yox, məhz transqressiya alovları idi. Boris və Arkadi Struqatski qardaşlarının yazdığı “Bazarertəsi şənbədən başlayır” fantastik-satirik povestindəki Privalov kimi. Hə, qıyıqgözlü divanda gecələmirdi, parlament rəyasətinin kürsüsündə əyləşmişdi, ancaq elə zənn edirdi ki, o, gözəgərünməz ola, uça, divarları dələ bilər- kreslo reallığı dəyişmək üçün ötürücüdür. O, bu “ötürücü”nün yardımı ilə “real yuxular” görür. Salonda professor Vıbeqallonun özünə bənzədərək avtoklavda yaratdığı “mədə-bağırsaq rahatsızlığı olan insan model”ləri bağırırdı. Şənbə gününü gözləməyə səbri çatmayan, sosial tələblərlə meydana atılan Qolem artıq kibernetik robot idi, silahlandırılmış, buldozerə mindirilmiş, bütün hərəkətləri kütləvi psixoz kodları ilə proqramlaşdırılmışdı. Sanki alnına Rabinin etirazçı fırçası ilə “NEPRAVDA” həkk olunmuş, türkün sözü, əlinə gül-çiçək verilmiş robotlar, zombilər müstəqillik ikonasını tərsinə çevirmək- Elbaşının heykəlini yıxmaq üçün buldozerləri Dövlət-Məbədə sürürdü. Hücum Nursultan Nazarbayevə, onun siyasi buxovlarından qurtulmaq istəyən Qasım Comərd Tokayevə deyildi. Rəsmi iqaməthaglara, kəsə desək, dövlətin özünə və özülünə Elbaşına görə hücum olunmurdu, əksinə, Nazarbayev elitası Qazaxıstana görə, qıpçaq çölünün zəngin sərvətlərini, geostrateji qonumunu, Orta Asiyanın parlayan ulduzunu ələ keçirmək üçün hədəfə alınmışdı. Liviyada, Misirdə, Tunisdə, Sudanda, Yəməndə olduğu kimi...

21-ci yüzilin ilk rübü rəngli inqilablara keçdi. Az qala əsrin ¼-i əhatə edən zaman dilimində rəngarəng çiçək buketləri hesabına demokratiyaya keçid edən bircə məmləkət varmı dünyada? Xeyr! Tam əksinə, rəngli inqilablar xuntalar, işğallar, hərbi məğlubiyyətlər, iç savaşlar, dağıntılar, talanlar, yoxsulluqlar, böyük köçlər baxımından bir vaxtlar pis-yaxşı öz ayağı üstündə durmağı bacarmış ölkələr üçün “U” dönüşüdür. Azərbaycanı bu tərəqqi sapmasından prezident İlham Əliyev qoruyur. Sabitlik, bununla bahəm, xalqın ata və oğul Əliyevlərə güvəni Azərbaycanın inkişaf prosesinin əsas bazasıdır. Məhz bu bazaya əsaslanan sosial siyasət proqramları, iqtisadi islahat paketləri, hüquqi dövlət quruculuğu layihələri, rasional xarici siyasət konsepsiyaları Azərbaycanı ərazi problemləri olan ölkədən oyunqurucu dövlətə, müstəqilliyi təhdid altında qalan coğrafiyadan cazibəli siyasi areala çevirib. Ölkəmizdə bütün bu sadalanan istiqamətlər üzrə çətinliklər, problemlər yoxdurmu? Əlbəttə, var və kifayət qədərdir. Ancaq gəlin baxaq, bu problemlərin həlli məsuliyyətsiz kütlənin şüarlarından keçir, yoxsa dayanıqlı hakimiyyətin vətəndaş təhlükəsizliyi və azadlığı arasındakı balansı qoruyaraq, Azərbaycan insanını eksperimentlərə alət etmədən istehsala yönləndirməsindən, kapitala çevirməsindən?

Türkiyə bizim yaxın qonşumuz, yaxşı qardaşımız, böyük müttəfiqimizdir. Ay-ulduzlu bayraq təkcə Türk dövlətləri üçün yox, bütövlükdə Yaxın Şərq coğrafiyasına model dövlətinin rəmzidir. Bu günlərdə Türkiyənin ana müxalifət lideri Kamal Qılıncdaroğlu prezident Ərdoğana çox maraqlı bir mesaj ünvanladı. Dedi ki, Türkiyədə iqtidara gəlməyin yolu küçələrdən deyil, səsvermə qutularından keçir, bizi meydanlara çəkmək istəyənlər yanılırlar. Altını bir daha çizirəm, mesajın müəllifi hazırda Türkiyənin ən böyük şəhərlərinə bələdiyyə başqanları qazandırmış ana müxalifət partiyasının lideridir. Fərqi görürsünüz? Bu fərqi yaradan, heç şübhəsiz, dövlət fəlsəfəsidir. Mustafa Kamal paşa milli azadlıq savaşı apararaq indiki Türkiyə Respublikasını quranda böyük bir siyasi kapitala- Osmanlı kimi nəhəng imperiyanın dövlət ənənələrinə söykənirdi. Ancaq o böyük ənənə və Atatürkün xalq cümhuriyyətçiliyi belə Türkiyəyə birdən-birə çoxpartiyalı sistem, sərbəst seçki, yetkin vətəndaş cəmiyyəti, azad bazar gətirmədi. Türkiyə SSRİ ilə sərhəddə yerləşən bir ölkə kimi “Marşall planı” ilə qorundu, “soyuq savaşda” NATO-ya üzv olaraq Qərb blokunda yer aldı. Əlbəttə, bir qərb ölkəsi olan İspaniyadakı Franko rejimini xatırlayanda, demokratiyaya keçiddə daxili elitanın rolunu, liderlərin tarixi seçimlərini də xüsusi qeyd etmək və İsmət İnönüyə xüsusi təşəkkür etmək lazım gəlir. Bununla belə, qardaş cümhuriyyətdəki sağ-sol gülləbaranlarını, edam səhnələrini, dövlət çevrilişlərini, terroru, PKK-nı, FETÖ-nü yada salanda, Türkiyənin respublika kimi ayaqda qalmaq üçün nə qədər böyük badirələr adladığı aydın görünür. Türkiyənin təcrübəsi həmçinin onu göstərir ki, bir ölkənin hüzuru və güvənliyi, necə deyərlər, immunitet sistemi administrativ və institutional strukturunun gücü ilə düz münasibdir. Bu gücün bir qisminin Fətullah Gülən camaatının mənsubları tərəfindən ələ keçirilməsinin hansı risklərə yol açdığını geniş izah etməyə gərək yoxdur. Sadəcə, onu yada salaq ki, 2016-cı ilin 15 iyuldan 16 iyula keçən gecəsi şənbəyə düşürdü.

Azərbaycanda Qolemin şənbə günü niyə gəlmir, niyə gəlməyəcək? Yekunda bu suala Erik Hofflerin kütləvi hərəkatlarla həsr etdiyi “Həqiqi inananlar” kitabından bir parça ilə cavab vermək yerinə düşər:

“Özünü bir hərəkata qapdıranların gələcəyə aid vədlər və imkanlar haqqında şişirdilmiş inanca sahib olması gərəkdir. Eyni zamanda, daxil olduqları böyük həmlələrin uğurla başa çatması üçün qarşılacaqları çətinliklərdən xəbərsiz olmaları lazımdır. Təcrübəli adamlar belə işlərdən uzaqdırlar. Böyük Fransız inqilabını başladanlar siyasi təcrübədən məhrum idilər. Eyni şey bolşeviklər, faşistlər, Asiyadakı inqilabçılar üçün də keçərlidir. İngilisləri kütlə hərəkətlərindən çəkindirən məhz siyasi təcrübələridir”.

Azərbaycan toplumuna siyasi təcrübəni Ulu Öndər Heydər Əliyev qazandırdı!

Taleh ŞAHSUVARLI