Apelyasiya Məhkəməsi N!DA-çının şikayətini rədd etdi

27 İyun 2013 13:36 (UTC+04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində Nəsimi rayon Məhkəməsinin N!DA Vətəndaş Hərəkatının həbsdə olan İdarə Heyəti üzvü Üzeyir Məmmədli barədə çıxardığı həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilmiş apelyasiya şikayətinə baxılıb.

Bu barədə AzNews.az-a hərəkatdan məlumat verilib. Məlumata görə, Bakı Apelyasiya Məhkəməsinin hakimi apelyasiya şikayətini rədd edərək, birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi ötən həftə Ü.Məmmədli barədə seçilmiş həbs-qətimkan tədbirinin müddətinin 3 ay da uzadılması ilə bağlı qərar qəbul etmişdi.

Xatırladaq ki, Ü.Məmmədli Cinayət Məcəlləsinin 228.1-ci (mütəşəkkil dəstə tərəfindən silah və partlayıcı maddələrin saxlanılması ) maddəsi ilə ittiham olunur. O, mart ayından bəri həbsdədir.

Anar
AzNews.az