“Azərbaycanla Ukrayna strateji tərəfdaşdırlar” - Millət vəkili

17 Yanvar 2022 16:46 (UTC+04:00)

Millət vəkili Azər Badamov Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri ilə bağlı AzNew.az analitik-informasiya portalına danışıb.

A. Badamov bildirib ki, Prezident İlham Əliyevin Ukraynaya səfərinin ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafı və yeni müstəviyə keçməsi baxımından böyük əhəmiyyəti olacaqdır.

“Cənab Prezidentin ilin əvvəlində birinci səfərini Ukraynaya etməsinin kökündə ölkələrimiz arasındakı möhkəm təməllər üzərində qurulmuş yüksək dostluq dayanır. Azərbaycanla Ukrayna strateji tərəfdaşdırlar. Ölkələrimiz bütün beynəlxalq platformalarda bir-birinin mövqeyini dəstəkləyir. Həm də Azərbaycanla Ukrayna geniş iqtisadi əlaqələrə malikdir. Belə ki, son 7 ildə ölkələrimiz arası ticarət dövrüyyəsi ilk dəfə olaraq 2021-ci ildə 1 milyard dollara çatmışdır. Cənab Prezidentin Ukraynaya səfəri çərçivəsində imzalanmış yeni sənədlər ölkələrimiz arası iqtisadi əməkdaşlığı daha yüksək mərhələyə çıxaracaqdır. Hal-hazırda Azərbaycan şirkətləri Ukraynada, Ukrayna şirkətləri isə Azərbaycanda fəaliyyət göstərir”.

Azər Badamov səfər çərçivəsində gələcəkdə qarşılıqlı investisya layihələrinin genişləndirilməsi və həm də Azərbaycanda işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinin həyata keçirilməsində Ukraynanın iştirakı məsələsi də müzakirə olunduğunu qeyd edib.

“Müzakirə olunan məsələlərdən biri də aqrar sahədə əməkdaşlığın genişləndirilməsidir. Bilirik ki, ərzaq təhlükəsizliyi məsələsi günü-gündən qloballaşdığından aqrar sahədə əməkdaşlığın genişləndirilməsi və birgə kənd təsərrüfatı müəssələrin yaradılması bu sahədə daha geniş uğurların əldə edilməsinə töhfə verəcəkdir. Bütün bu məsələlərin müzakirəsi və ölkələrimiz arası istifadə olunmamış potensialın müəyyənləşdirilməsi üçün hökümətlərarası birgə komissiyanın iclaslarının keçirilməsi nəzərdə tutulmuşdur. Beləliklə dövlət strukturlarının əməkdaşlıqda daha yaxınlaşması ilə üzə çıxarılacaq yeni potensiallardan səmərəli istifadə olunması qarşılıqlı fayda əldə edilməsinə imkan verəcəkdir”,- deyə millət vəkili ifadə edib.

Şəbnəm Zahir