Azərbaycanda 3D animasiya qrafikasından istifadə etməklə sosial çarx hazırlanıb - VİDEO

18 Yanvar 2022 20:59 (UTC+04:00)

Azərbaycanda 3D animasiya qrafikasından və teatr səhnələşdirilməsindən istifadə etməklə "Playback: intihardan həyata atılan addım" layihəsi çərçivəsində sosial çarx hazırlanıb.

AzNews.az xəbər verir ki, çarxda imtina edilən sevgisinə görə bütün hisslərini itirərək robota çevrilən və intihar həddində olan insan təsvir edilib.

Onun improvizasiya üslubunda işləyən teatrla (Playback Theatre) təsadüfi tanışlığı hadisələrin mahiyyətini anlamasına imkan yaradır. Başa düşür ki, çətin həyat yaşayan təkcə o deyil.

Sosial çarx Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Addım" Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb. Rejissor Elşən Rüstəmov, layihənin rəhbəri isə Kamil Həmidovdur. Sosial çarx "Playback: intihardan həyata atılan addım" layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi həssas əhali qrupları işləyən dövlət qulluqçularının intihar riskini, psixoloji problemləri müəyənləşdirib onlara ilkin psixo-sosial dəstək verilməsi, doğru yönləndirmələrin edilməsidir. Layihə çərçivəsində çarxın hazırlanması ilə yanaşı Bakı şəhərində, Quba və Şamaxı rayonlarında intihar psixologiyası mövzusunda psixoloqların təlimləri təşkil edilib, həssas əhali qrupundan olanlarla fərdi psixoloji konsultasiyalar keçirilib.

"Addım" GİM İctimai Birliyi dəstək üçün Azərbaycan Respublikasının Gənclər Fonduna, "Playback" tamaşasının təşkili üçün isə müstəqil ŞAH MAT teatrının kollektivinə təşəkkür edir.