Daxili işlər nazirinin çıxışında bir mühüm məqam

19 Yanvar 2022 11:51 (UTC+04:00)

Dünən Daxili İşlər Nazirliyində ötən il göstərilmiş fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

Toplantıda Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib ki, 2020-ci illə müqayisədə 1,1 ton çox- 3 ton 45 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Həmçinin 174 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanaraq məhv edildiyini vurğulayan cənab Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib.

General-polkovnik problemin həlində cəmiyyətin də fəal olmasının vacibliyini vurğalayaraq sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən, bloqqerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.

Nazirin çıxışından göründüyü kimi, bu il də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Azərbaycan polisinin fəaliyyətində əsas prioritetlərdən olacaq.

Odur ki, müvafiq istiqamətdə ötən ilin yekunları ilə bağlı Daxili işlər nazirinin açıqlamasının ictimai müzakirəsi faydalı olar.

Bu müzakirəni zəruri edən isə vacib amillərdən biri də budur ki, ötən il elə sosial şəbəkələrdə Azərbaycan polisinə qarşı qaralama kampaniyası aparıldı, Daxili İşlər Nazirliyinin guya narkotik vasitələrin dövriyyəsinə qarşı təsirli tədbirlər görə bilməməsi, göz yumması, hətta şərait yaratması baradə qərəzli və məqsədli iddialar ortaya atıldı.

Əlbəttə, mən polis orqanlarında narkotik maddələrlə bağlı suçlara göz yuman, dövriyyəsinə şərait yaradan bir neçə nəfərin ola biləcəyini istisna etmirəm. Narkotik satışı ilə məşğul olan çətələrin ilk növbədə polislər arasında özünə simsar və dayaq axtarması təkcə Hollivud filmlərinin ssenarisində yer almır, mütəşəkkil cinayətkarlıq fəaliyyətinin əsas texnologiyalarından biridir.

Bununla belə, Daxili İşlər Nazirliyi kimi, belə deyək, zəhmli bir qurumun, güc strukturunun fəaliyyətinə kölgə salınması üçün başlanan kampaniyanın sistemli olması və idarə edilməsi açıq görsənirdi.

Əlbəttə, ilk məqsəd, Azərbaycan dövlət təşkilatının ən önəmli qollarından birinə ictimai etimadsızlıq formalaşdırmaq, bununla gələcəkdə tətbiq etmək istədikləri ssenarilər üçün baza yaratmaq idi. Ancaq bütün hallarda bu işin arxasında narkotik satışı ilə məşğul olan transmilli çətələr də vardı. Bu da təsadüfi deyildi. Çünki 44 günlük savaşda Azərbaycanın qazandığı parlaq qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Qarabağdan Ermənistana, oradan da Avropaya gedən narkotik tranzitini bağlamışdı. Transmilli çətələr yeni bazar və yol arayışında idilər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti, ictimai əlaqələr üzrə peşəkar mütəxissisləri cəmiyyətlə kommunikasiyanı düzgün qurdular, ictimai rəy yaradıcılığında yüksək krizis idarəçiliyi sərgiləyərək, elmi dillə desək, böhranı fürsətə çevirdilər.

Bəlkə də Daxili İşlər Nazirliyinin İctmai Şurasının üzvü olduğumdan bu rəyimi kimlərsə doğru qarşılamağa çətinlik çəkə bilər, ancaq faktlar ortadadır.

“WhatsApp” çıxandan bəri hər gün xəbər saytının rəhbəri kimi DİN-dən gündəlik məlumatlar alıram. Bir neçə gün əvvəl telefonumun “Qaleriya” bölməsindən DİN-in göndərdiyi məlumatlara əlavə olunnuş on minlərlə şəkil silmişəm- illərdir yığılıb qalıbmış. Fotoların əksəriyyəti polisin narkotikə qarşı mübarizəsini əks etdirirdi. Bu şəkilləri silmək üçün bir daha nəzərdən keçirdikcə əmin oldum ki, DİN-in narkotiklərə qarşı mübarizəsi həmişə- ən azı “WhatsApp” çıxandan- aktual, sistemli, ardıcıl, qətiyyətli olub. Narkotiklərlə bağlı ictimai kampaniya başlamazdan əvvəl də, sonra da polis öz işini görüb. Sadəcə, dediyim kimi, DİN-in PR mütəxəssisləri yaxşı bir iş görərək polisə qarşı qaralama kampaniyasını narkotiklərə qarşı mübarizəyə ictimai dəstək aksiyasına çevirə biliblər.

Əslində, nazir Vilayət Eyvazovun ənənəvi və yeni media nümayəndələrinə, vətəndaş jurnalistikasına lap başda qeyd olunan müraciəti də elə bu ictimai dəstək aksiyasının davamlılığına DİN- in marağının ən bariz göstəricisidir.

Bəli, uyuşdurucu maddələrin yayılmasına qarşı mübarizə polis üçün ildən-ilə yeni metodlar tələb edən bir sahədir.

Bu gün dünyanın istənilən ölkəsində narkotik satıcıları və istifadəçiləri arasında bir “örtülü bazar” formalaşıb. Hər bazarda olduğu kimi, burada da tələb və təklif prinsipi var. Piyasaya “mal”ı təkcə yerli istehsalçılar deyil, daha çox xarici qaçaqmalçılar ötürür. Qazanılan böyük pullar mütəşəkkil cinayətkarlıq, terror qruplaşmaları üçün ciddi maliyyə qaynağıdır. Bununla yanaşı, narkotik dövriyyəsinin artması toplumları çökdürmək üçün bəzi dövlətlərin əlində bir növ kimyəvi silahdır. Bu “kimyəvi silah”ın Azərbaycana haradan və niyə tuşlanması barədə danışmağa xüsusi ehtiyac yoxdur. Ümumdünya statistikasına görə, 18-25 yaş qrupunun narkotik aludəçiləri arasında əsas yer tutduğunu xatırlayanda cəmiyyətimizə atılan bu “səssiz bomba”nın həm fərdləri, həm ailələri, həm də bütövlükdə gələcəyimizi təhlükə altına saldığı mübahisə doğurmur.

Daxili İşlər Nazirliyinin məlumat və hesabatlarından məlum olur ki, Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sistemli aparılır və bu sistemlilik aşağıdakı meyarlara əsaslanır:

- Narkotik vasitələrin yayılması insanlığa, cəmiyyətə və dövlətə qarşı cinayət hesab edilir.

- Bütün növ psixotrop maddələrin yayılmasına qarşı çevik və təsirli əməliyyat sistemləri formalaşdırılır;

- Hər cür mütəşəkkil cinayətkar qrupların narkotik ticarətindən maliyyə əldə edərək güclənməsinin qarşısı qətiyyətlə alınır;

- Narkotik aludəçiliyinin artması, yəni “bazarın genişləşməsi”nə qarşı digər dövlət qurumları ilə koordinasiyalı fəaliyyət göstərilir, maarifləndirilmə işləri aparılır.

Qısacası, bütün faktlar ötənilki fəaliyyətin nəticələri ilə bağlı nazirin qiymətləndirməsini təsdiq edir.

Demək ki, bu il polisin davam etdirəcəyi genişmiqyaslı əməliyyat tədbirləri ilə narkotik vasitələrin əlçatanlığına böyük ölçüdə son qoyulacağına inanmaq olar.

Taleh ŞAHSUVARLI