Sahibkarların işinə müdaxilə edən məmura 6 il həbs

27 İyun 2013 14:00 (UTC+04:00)
Azərbaycanda yeni qərar qəbul olunacaq.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qəbulundan sonra yeni qanuna müvafiq olaraq İnzibati Xətalar və Cinayət məcəllələrinə əlavələr olacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni qanunun şərtlərindən irəli gələrək sahibkarların işinə qanunsuz müdaxilə edən yoxlayıcı məmurların inzibati və cinayət məsuliyyətinə cəlb olunması ilə bağlıdır.

Yeni qanunda üç risk qrupu müəyyənləşib. Yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupunda - iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupunda - üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Həmçinin yoxlamaların elektron uçotu aparılmalıdır.

Cinayət və İnzibati Xətalar məcəllələrinə ediləcək əlavələrə görə, yeni qanunda təsbit olunan risk qruplarına müvafiq olaraq təyin olunmuş vaxtdan kənar sahibkarları mexaniki və inzibati yanlışlıq üzündən yoxlayanlar inzibati məsuliyyətə cəlb olunacaq. Bura müvafiq olaraq müxtəlif dərəcəli inzibati cəza tədbirləri, maaşların müvafiq mislində cərimələr, eyni zamanda vəzifəsindən azad olma daxildir. Bilərəkdən, vəzifəsindən sui-istifadə edərək yoxlayanlar, sahibkarın fəaliyyətinə ciddi zərər vuranlar isə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bununla bağlı Cinayət Məcəlləsinə nəzərdə tutulan əlavələr arasında azadlıqdan məhrum etmə də var ki, bura ictimai işlərlə yanaşı, işin motivindən asılı olaraq 1, 3 və 6 ilə qədər azadlıqdan məhrum etmə ilə bağlı təkliflər də daxildir. Məcəllələrə edilən əlavələr ilə bağlı layihə qanunun tam olaraq qəbulundan dərhal sonra müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, yeni qanun layihəsi hazırlanıb birinci oxunuşda müzakirəyə çıxarıldıqdan sonra bir sıra ziddiyyətli məqamlar aşkarlanıb və növbəti iclas üçün müzakirəsi təxirə salınıb. Bunların bir qismi üzərində işlənərək ikinci oxunuşda iyulun 2-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.


AzNews.az