Ukrayna növbəti Suriyadırmı? - ŞƏRH

22 Yanvar 2022 18:55 (UTC+04:00)

Ötən ilin yayında, səhv etmirəmsə, iyul ayının 12-də Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı məqaləsi yayımlandı. “Ruslar və ukraynalıların tarixi vəhdəti” başlıqlı məqalə, elmi baxımdan, insafən, olduqca konseptual, əhatəli və sərrast idi.

Əlbəttə, Rusiya prezidentinin ixtiyarında təcrübəli aparat, böyük elmi institutlar və ciddi analitik mərkəzlər var. Odur ki, həmin məqaləni Rusiyanın “Ukrayna məsələsi” ilə bağlı ideoloji doktrinası kimi də qəbul etmək olar.

Vladimir Putin öz məqaləsində:

- Tarixə ekskurs edir, ruslarla ukraynalıların eyni xalq olduğunu vurğulayır;

- Ukraynalıların milli identifikasiyasını meydana gətirən proseslərə nəzər salır və prosesdə kənar müdaxilələrin rolundan danışır;

- SSRİ dövründə Ukraynanın RSFSR əraziləri hesabına genişləndirildiyini xatırladır;

- Bu gün gəlinən nöqtədə Ukraynada “Ukrayna-Rusiya deyil” şüarlarının “Ukrayna- anti-Rusiyadır” moduna keçdiyindən narahatlığını ifadə edir, bu şüarın Ukrayna əhalisinin bir hissəsi tərəfindən də rədd edildiyini vurğulayır;

- “Rusiya heç zaman anti-Ukrayna olmayacaq” deyə vəd verir, bununla belə açıq eyham vurur ki, müstəqil olmaq istəyirsinizsə, buyurun, ancaq RSFSR tərəfindən sizə hədiyyə olunmuş torpaqları qaytarmağa da hazır olun.

Kiyevin pəncərəsindən isə, Vladimir Putinin dedikləri Rusiyanın imperialist revanşı kimi görünür. Ukrayna tarixin müəyyən mərhələsində slavyan xalqlarının fərqli bir qolu kimi təşəkkül tapdığına inanır, haqlı olaraq özünü müstəqil dövlət hesab edir və Kremlə mesaj verir ki, “ərazi bütövlüyümə toxunma, suveren bir ölkəyəm, bundan sonra necə inkişaf etməyimə, təhlükəsizliyimi qorumaq üçün hansı bloka qoşulmağıma sərbəst qərar verirəm”.

Zənnimcə, Rusiya və Ukrayna arasında əsas konflikt məhz bu məqamda yaranır. Moskva hesab edir ki, Ukraynanın NATO blokunun təsirinə düşməsi, bir gün tez, bir gün gec onun sərhədlərində NATO bayrağının dalğalanması Rusiyanı supergüc kimi dünya xəritəsindən silinməsinə hesablanıb. Elə bu səbəbdən də Rusiya prezidenti öz məqaləsində altını cızaraq vurğulayırdı ki, Ukraynanın “anti-Rusiya” olması, əslində, onun müstəqillik xəttindən sapması deməkdir.

Ukrayna bu gün nə NATO-nun, nə də Avropa Birliyinin üzvüdür. Sadəcə, həmin ölkədə baş verən “məxməri inqilab” Kiyevdə hakimiyyəti Qərbin əlinə keçirib, baxmayaraq ki, Rusiya Ukraynanın iç siyasətində hələ də olduqca güclü aktyordur. Deməli, Rusiyanın Ukraynaya təzyiq etməyə, hətta vətəndaş müharibəsinə sürükləməyə əlində yetərincə imkanlar var. Bu rıçaqlara iqtisadi təhdid mexanizmləri, kəşfiyyat imkanları da daxildir.

Belədə, Rusiya nədən hərbi güc tətbiq etsin ki?

Məsələyə bu rakursdan baxdıqda Rusiyanın Ukraynaya qarşı savaşa başlaması inandırıcı görünməyə bilər. Hərçənd o da məlumdur ki, Ukraynanın hərbi potensialı dünyanın ən güclü ikinci ordusuna malik Rusiyanın qarşısında davam gətirməyə yetərli deyil. Əgər belə bir savaş başlayarsa, Rusiya müəyyən müddətdən sonra Qara və Azov dənizinin sahillərindəki Ukrayna torpaqlarına tam hakim olacaq, ölkə faktiki olaraq bölünəcək, hərbi müdaxilənin məqsədi heç də həmişə bütün ərazilərə bayraq sancmaq olmur. Bu vəziyyətdə NATO qoşunlarının Ukraynaya yardıma gələcəyi də inandırıcı deyil, ən azından “bizim blokun üzvü deyil” deyərək sudan duru çıxmağa çalışacaqlar.

Müharibə təkcə qoşun yox, həm də pul və iqtisadiyyat deməkdir. Bu baxımdan ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hücum çəkməsini hazırda hər kəsdən çox arzulayır. Ukrayna bölünəcək? Cəhənnəmə bölünsün! Əsas odur ki, Rusiyanın iqtisadi çöküşünə zəmin hazırlansın.

Bunu Rusiyanın strateqləri başa düşmürmü?

Əlbəttə, hər şeyi çox dəqiq bilirlər və elə bu səbəbdən də assimetrik savaş aparırlar. Supergüclər eskalasiya görüntülərindən, adətən, bazarlıq üçün istifadə edirlər. Onlar heç bir halda açıq savaşda üz-üzə gəlməzlər. Zira, savaş başlasa da, başlamasa da, olan Ukraynaya olur.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünün təhlükəyə düşməsini istəmir. Eyni zamanda Rusiya ilə Ukrayna arasında savaşın çıxmamasına ən səmimi şəkildə çalışan da elə bizik. Azərbaycan prezidenti İlham Əliyevə hər iki tərəf etimad göstərir, bu etimada arxalanan rəsmi Bakı problemlərin danışıqlar masası arxasında çözülməsinə cəhd edir. Bu arayış Türkiyə tərəfindən də dəstəklənir. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təcrübəli siyasətçi və dövlət xadimi kimi dərindən fərq edir ki, Rusiya və Ukrayna arasında savaş çıxması bütövlükdə beynəlxalq arxitekturanın çökməsi demək olacaq. Fəqət Azərbaycan və Türkiyə rəhbərliyinin bu məsələdə vasitəçi kimi edə biləcəklərinin bir çərçivəsi var. Bir anlıq Rusiya və Ukrayna prezidentlərinin üzbəüz və qapalı danışıqlarda təsəvvür edək:

Putin: “NATO-nu buralara gətirməyin”

Zelenskiy: “Tamam, gətirmərik”.

Məsələ bununla bitəcəkmi?

Zənn etmirəm!

Çünki işin içərisində ABŞ var və Ağ ev bir hesabında ciddi şəkildə yanılıb. SSRİ-nin çökməsindən sonra 10 ilə, uzağı 15 ilə Rusiyanın da parçalanacağını gözləyən Qərb əsasən neft və qaz pullarının hesabına Kremlin küllərindən necə yenidən doğulduğuna şahid olub. Ancaq nə qədər ki, iqtisadi güclə hərbi güc arasında uçurum böyükdür, Rusiyanı bir yerdə bataqlığa salmaq lazımdır. Ağ evdə belə düşünürlər və topun lüləsinə Ukraynanı qoyub Rusiyaya atırlar. Həm də təkcə Rusiyaya yox, elə Avropaya da! Heç kimə sirr deyil ki, Ukraynada baş verəcək eskalasiya və təlatümün yaradacağı qaçqınlar ordusunu məhz Avropa ölkələri qarşılamalı olacaq.

Bütün bunlardan sonra ortaya başqa bir sual çıxır.

NATO Ukraynaya girmək istəyir, amma girə bilmir;

Rusiya Ukraynanı tabe etdirmək istəyir, amma bacarmır, risklidir.

Əcəba, NATO bayrağı ilə Ukraynaya girmək istəyib, amma girə bilməyən ABŞ-la Kiyevi yenidən əyalət şəhərinə çevirmək istəyən, amma bacarmayan Rusiyanın alverində əsas predmet nədir?

Bu bazarlıq V. Putinin öz məqaləsində işarə etdiyi və Rusiyanın da dərindən bildiyi "parçala, hökm sür" prinsipi ilə aparılsa, məsələ məlumdur.

Ancaq başqa bir ehtimal da var.

Bu ehtimala görə, tərəflərin əsl hədəfi heç Ukrayna deyil.

Kim bilir, bəlkə də Ukraynadan xeyli uzaqda körfəzə, dənizə çıxışı olan bir neft ölkəsidir...

Taleh ŞAHSUVARLI