“Ermənistanda konstitusiya dəyişməsə, növbəti prezidenti də eyni tale gözləyəcək”

24 Yanvar 2022 14:54 (UTC+04:00)

“Ermənistan Prezidenti Armen Sarkisyanın istefası gözlənilən idi. Çünki parlament tərəfindən seçildiyi 3 il yarımdam bir az çox müddətdə istər pandemiya ilə bağlı, istərsə də Azərbaycan tərəfindən məğlubiyyətə uğradıqları bir dövrdə heç bir ciddi addımlar atmadı, hemç ata da bilməzdi”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Millət vəkili Ermənistandakı istefanın səbəbləri barədə danışarkən maraqlı fikirlər söylədi: “Məlumdur ki, həm Rusiyanı, həm də Qərbi razı sala biləcək bir şəxs kimi prezident olan Sarkisyan daha çox portfelsiz nazirə bənzəyirdi, arabir hansısa bəyanatlar verir, nələrsə haqqında danışır, lakin dəqiq bir işdə iştirak etmirdi. Ermənistan Konstitusiyasına görə, o, heç Ali Baş Komandan da deyil”. A.Nağıyev bildirdi ki, hazırda Ermənistan ciddi bir dövlətçilik böhranı içindədir və hakimiyyət də umumiyyətlə yox səviyyədədir: “Bütün bunlara cavabdehlik daşıyan kimsə olmalıdır. Armen Sarkisyan da bunu başa düşür və özünü məsuliyyətdən sığortalayıb, istefa verir. Bunu təbii ki, nə Serj Sərkisyan, nə də Robert Köçəryan istəmir. Çünki Konstitusiya dəyişməsə, kimliyindən asılı olmayaraq, növbəti prezidenti də eyni tale gözləyəcək”.

Deputat hesab edir ki, A.Sarkisyanın istefası ilə Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi arasında dolayı yolla bağlılıq var: “Çünki həm Qərb, həm Rusiya bunu istəyir, lakin məsuliyyət məsələsində hamı özünü kənara çəkir.Bu yolla Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq versiyası inandırıcı deyil, çünki prezident parlamentdə seçilir və parlament də səs çoxluğu ilə Paşinyanı dəstəkləyir. Hətta Sarkisyanın istefasından 25-35 gün ərzində yeni prezident seçilənə qədər onu spiker əvəz edir. Yəni əsas məsələ Konstitusiya dəyişikliyi məsələsi ola bilər. Bu zaman referendumun təyin edilməsi gündəmə gələcək, o halda da səsvermə uzana bilər və sair. Bu variantlar da istisna deyil”.

Ancaq A.Nağıyev əmindir ki, bütün bunlara baxmayaraq, 10 noyabr və digər sazişlər öz qüvvəsindədir: “Hansı siyasi gediş edilsə də, Azərbaycanın, digər maraqlı regional və beynəlxalq aktorların adekvat addımları var. Odur ki, nəzərdə tutulan mühüm addımlar atılacaq, buna şübhə yoxdur”. Deputat fikirlərinə əlavə olaraq qeyd etdi ki, istefanın məhz Türkiyə ilə danışıqlar gedən vaxt edilməsi də bəzi suallar doğurur: “İstefa qəbul edilərsə və kim özünün namizədliyini irəli sürəcəksə, bu da əsas faktorlardan biri olacaq. Sarkisyan dəfələrlə, daha doğrusu, bir il öncədən başlayaraq, Paşinyanın istefasını tələb edirdi. Bu gün isə özü istefa verdi və düşünür ki, konstitusiya islahatları aparılacaq, dövlət başçısı və prezidentlik institutu vətəndaş və hakimiyyətlə balanslı, koordinasiyalı şəkildə işləyə biləcək. Mövcud durumda isə bu, Ermənistanda mümkün görünmür”.