Azərbaycanlılara qarşı cinayət törədən 297 erməni barəsində cinayət işi açılıb

24 Yanvar 2022 18:22 (UTC+04:00)

Ötən il hərbi prokurorluq orqanları tərəfindən 1846 cinayət hadisəsi qeydə alınıb.

Aznews.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev ötən ilin yekunları ilə bağlı geniş Kollegiya iclasında deyib.

O bildirib ki, onlardan 530-u korrupsiya cinayətləri ilə bağlı olub: “Hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 110 şəxs barəsində 85 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib”.

Diqqətə çatdırılıb ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Hərbi Prokurorluqda istintaq edilən cinayət işi üzrə bu günə kimi 297 şəxs barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və s. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarışları elan edilib.

K. Əliyev onu da qeyd edib ki, hazırda Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması ilə bağlı yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyən edilməsi, sübutların toplanılması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilir.