“Armen Sarkisyan məğlub prezident imici ilə tarixə düşmək istəmir” - MÜSAHİBƏ

25 Yanvar 2022 13:52 (UTC+04:00)

AzNews.az analitik-informasiya portalının suallarını siyasi icmalçı Müşfiq Ələsgərli cavablandırır.

- Müşfiq bəy, Ermənistan Prezidenti Armen Sarkisyan rəsmi saytında bəyanat yayıb və istefa verdiyini açıqlayıb. Onun qəfil istefasını necə şərh etmək olar?

- Zahiri yanaşanda Armen Sarkisyanın istefası qəfil görünə bilər, amma Ermənistandakı prosesləri izləyənlər bilirlər ki, bu ölkədə ən müxtəlif kataklizmlər yaşana bilər. Ölkə böhran içindədir. Daha doğrusu, təkcə ölkə olaraq Ermənistan deyil, erməni ideologiyası, beyin mərkəzləri, diasporası, erməni şəbəkəsi çaşqınlıq içindədir. II Qarabağ savaşının nəticələri onlar üçün öldürücü zərbə olub. 200 illik ideologiyalarını, arzularını, duyğularını dağıdıb. Yeni düşüncə, yeni yol, yeni proseslər müəyyənləşdirə bilmirlər. Köhnə yolla da gedə bilmirlər, gücləri, qüvvətləri çatmır. Mən Armen Sarkisyanın hələ 2021-ci ilin yanvar ayında öz medialarına verdiyi müsahibəni xatırlayıram. Əzilmiş, ruhdan düşmüş, çıxış yolu axtaran, amma tapa bilməyən, “səmimi etiraflar”la zəngin müsahibə idi. Deyirdi ki, “II Qarabağ savaşının nəticələri çox ağır olub, xalq ruhdan düşüb. Xalqın ruhunu, inamını bərpa edəcək tezislər tapmaq lazımdır”. Görünür axtardığını tapa bilmədi. Düzdür, o, istefa bəyanatında fərqli səbəblər də açılayır. Məsələn, deyir ki, prezident institutunun səlahiyyətləri məhduddur, proseslərə təsir edə bilmir. Amma məncə, bunlar bəhanədir. Fikrimcə, o məğlub ölkənin məğlub prezidenti imici ilə tarixin yaddaşına düşmək istəmir. Özünü kompensasiya etmək istəyir. Məğlub Ermənistan düşüncəsi cəmiyyət tərəfindən həzm edildikdən sonra, yenidən siyasətə qayıdacaq. İndiki keçid dövründə siyasətdə olmaq həm də məğlubiyyətin məsuliyyətini bölüşmək deməkdir. İstefa bəyanatında da qeyd edir ki, ölkə ümumilli böhran içindədir, çıxış yolları görünmür.

- Armen Sarkisyan bildirib ki, Ermənistan formaca parlament respublikasıdır, ancaq mahiyyət tam fərqlidir. Ölkəmiz üçün belə çətin vaxtda, prezidentlik institutu dedi-qodu və sui-qəsd nəzəriyyələrinin hədəfinə çevrilməməli, bununla da ictimaiyyətin diqqəti ən mühüm məsələlərdən yayındırılmamalıdır. Ermənistan hakimiyyətindəki böhranın yoluna qoyulması mümkündürmü?

- Sarkisyan prezident postuna gətiriləndə indiki səlahiyyətləri ilə razılaşıb gəlmişdi. İndi nə dəyişib ki? Heç nə. Yəni o parlamentli respublikanın prezidenti postuna gəldiyini bilirdi və bu gün də ölkənin quruluşu eynidir. Bu baxımdan fikrimcə, Sarkisyanın bəyanatında açıq ifadə edilmiş səbəblər o qədər də inandırıcı görünmür. Əsl səbəbləri qısaca göstərib, milli böhran olduğunu vurğulayıb. Sadəcə cəmiyyətdə ruh düşkünlüyü yaratmamaq üçün üzərindən sakitcə keçib. Ermənistanda II Qarabağ savaşından sonra böhran var və bu gün də davam edir.

- Ermənistan mediasında artıq ölkənin yeni prezidenti vəzifəsinə mümkün namizədlərin adı açıqlanmağa başlayıb. Ermənistanın yeni prezidenti kim ola bilər?

- Fikrimcə, bu Ermənistan mediasının özünün ehtimallarıdır. Ölkənin siyasi simaları bu barədə danışmağa tələsmirlər. Bu gün jurnalistlər prezident səlahiyyətlərinin icraçısı, parlamentin spikeri Alen Simonyana suallar ünvanlayıblar. Heç bir cavab verə bilməyib. Anlayışı olmadığını göstərib. Axırda jurnalistlə mübahisə edib. Ondan prezidentinin istefası, prezidentin səlahiyyətlərini nə qədər icra edəcəyi ilə bağlı soruşublar. Çox sərt reaksiya verib. Cümləni olduğu kimi qeyd edirəm. Alen Simonyan jurnalistə belə deyib: “Dedim ki, danışmayacağam. Ermənicə soruşdunuz, danışaqmı, dedim yox”. Belə çıxır ki, perspektivi proqnozlaşdıra bilmirlər. Hətta mümkündür ki, Sarkisyanın istefası tamamlanmasın. Onlarda qayda belədir ki, istefa elan edildikdən sonra bir həftə ərzində müvafiq vəzifəli şəxs istefa ərizəsini yazılı şəkildə geri götürə bilər. İstefasını geri götürməzsə, onun səlahiyyətlərinə xitam verilməsi haqqında protokol tərtib edilir, bu protokol Milli Məclisin sədri tərəfindən imzalanır və dərc edilir. Protokol dərc edildiyi andan istefa qəbul edilmiş sayılır. Bu 7 gündə nələr olacağını heç kəs bilmir.

- Bu dəyişiklik Azərbaycanla bağlı proseslərə eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinə necə təsir edəcək?

- Ermənistan siyasətində belə acı təcrübə var. 1997-ci ildə prezident Levon Ter Petrosyan vəziyyətlərinin acınacaqlı olduğu barədə açıqlama verdi. Azərbaycanla sülh bağlamağın zəruriliyindən danışdı. Bundan bir il sonra Ermənistan parlamentində qətliam törədildi, ölkənin sülhə meyilli kəsimi güllələndi. Bununla da danışıqlar prosesi pozuldu. Bu gün də ona bənzər bir proses var. Sülhə müqavimət göstərən güclər yenə də aktivdirlər.

Amma fikrimcə, bu dəfə dərinə gedə bilməyəcəklər. Artıq 2 ildir ki, Ermənistan prosesə müdaxilə imkanlarını itirib. Heç ondan rəy soruşan da yoxdur. Regionda şərtləri Ermənistan və müttəfiqləri deyil, Azərbaycan-Türkiyə ittifaqı diktə edir.

Şəbnəm Zahir