Məşhur “Çöl pişiyi” üzərindən qurulan “vurulma” oyunu

25 Yanvar 2022 16:49 (UTC+04:00)

1995-ci ilin yayında “Avrasiya” qəzetinin “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsində yerləşən redaksiyasına əlində diplomat bir nəfər daxil oldu. Yaşına görə saçları çox ağarmışdı, məndən bir neçə bayram böyük olardı, dalğın və hüzursuz görsənirdi. Dediyinə görə, jurnalistikada üç-dörd illik təcrübəsi vardı. Buna rəğmən qısa müddətdən sonra qəzetdən uzaqlaşdırıldı. Dönəmin ən populyar nəşrində qalıb işləyə bilməməsinin səbəbi yazı qabiliyyətinin olmaması idi- hərçənd universitet ixtisası, səhv etmirəmsə, kitabxanaçılıqdı. Oradan hara getdi, haralarda çalışdı, düzü, xatırlamıram. Ancaq heç yadımdan çıxmaz, həm adama yovuşmazlığına, həm də isminə uyğunsuzluğuna görə, kollektivdəki baməzə uşaqlardan biri ona “çöl pişiyi” ayaması qoymuşdu.

“Çöl pişiyi” ilə təbii ki, sonralar hərdən rastlaşır, rastlaşanda hal-əhval tutar, xoş-beş edərdik. Üzdə xoş danışardı, di gəl, günlərin birində xatirimi çox istəyən bir millət vəkilinə qarama xeyli danışmasından duyuq düşdüm. Özümə sual verdim ki, axı, bizim kəsişən, toqquşan heç marağımız olmayıb, nədən yığışa bilər içindəki bunca zəhrimar? O zaman bir daha anladım ki, islam müdrikləri nə qədər haqlıymış: “Həsəd aparanın hüzuru, tez daralanın dostluğu, yalançının igidliyi olmaz”.

2015- ci ildə “çöl pişiyi”nin sorağı xaricdən gəldi. Sən demə, mühacirət edibmiş. Azərbaycanda kim idi axı sıxışdırmaq, təzyiq göstərmək hələ bir yana dursun, ümumiyyətlə, onu itirib-axtaran? Zatən, axtarsalar, imzasını hansısa samballı yazının altında yox, özünü haradansa üç-beş manat bac alıb dəmləndiyi ucuz kafelərdən tapacaqdılar. Dedilər, Çexiyadadır. Oradan Almaniyaya keçdi və haray saldı ki, Azərbaycan hakimiyyəti məni öldürtmək istəyir. Lap axırda sorağı İsveçrədən gəldi. Çox pakizə, amma ortaya bir sual çıxır: iqtidara qarşı həqiqətən də kəskin yazılarla çıxış etmiş, etirazçı mövqeyi bütün cəmiyyətə bəlli olan məhbuslar olub ölkədə, onlar Avropadan sığınacaq almaq istəyəndə həddən artıq çətinliklərlə üzləşdiyi halda, müxalifət partiyalarının qərargahlarının yanından da qorxa-qorxa keçən biri necə oldu ki, rahatlıqla qos-qoca Avropanı təqibə məruz qalmasına inandıra bildi? İsveçrə kimi siyasi mühacirlərə son dərəcə vasvasılıqla yanaşan və yaşam üçün bahalı bir ölkədə asanlıqla məskunlaşmaq, oturum almaq mümkün deyil axı...

İşdən hali olanlardan eşitdiyimə görə, Avropada özünü “ən radikal müxalifət qəzeti”nin əməkdaşı kimi təqdim edib və “rejimə qarşı mübarizliyini” təsdiq etmək üçün həmin qəzetin internet versiyasında adına köhnə tarixlərə yazılar, guya təqiblərə məruz qalması barədə məlumatlar yerləşdirilib. Hansı ki, belə “fədakarlıqlar” müftə olmur.

Bu qəfil və saxta mühacirətin əsl səbəbləri üzə bir qədər sonra çıxdı. Jurnalist təhqiqatı ilə bağlı istər nəzəri, istərsə də praktik baxımdan heç bir biliyə, səriştəyə malik olmadığı halda, sosial şəbəkələrdə bir “cəsur imza” parladı. O, ayrı-ayrı məmurların biznesi, deputatların varidatı, məşhur insanların və onların yaxınlarının mülkləri barədə bəlgələr paylaşır, bəzən yerli informasiya resursları bu məlumatları həvəslə yayırdı. Beləliklə, “Avrasiya”nın baməzə uşaqlarından birinin “çöl pişiyi” ləqəbi qoyduğu qabiliyyətsiz və hüzursuz qara diplomatlı şəxs “qara qutuya” döndü, “müstəqil araşdırmaçı-jurnalist Cavanşir Həsənli” kimi tanınmağa başladı. Hərçənd paylaşdıqları araşdırma yox, əsl kompromat idi. Kommersiya məlumatları Azərbaycanda qapalı olduğundan və xaricdə oturub, məsələn, Buzovnada kimin neçə mülkü olmasını müəyyənləşdirmək praktiki baxımdan imkansız göründüyündən hər kəs başa düşürdü ki, ortada heç bir araşdırma- filan yoxdur, sadəcə, ötürülən sənədləri, siyahıları yaymaq üçün “Cavanşir Həsənli” sosial şəbəkələrdə “influencer” rolunu oynayır.

Bəs, bu kompramat savaşını Azərbaycana, iqtidara qarşı kim açmışdı? Media cameəsində sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun adı çəkilirdi. Söz gəzirdi ki, Cavanşir Həsənlinin paylaşımları vəzifədə olduğu vaxtlarda Mahmudovun xaricə çıxartdığı bilgilərdir. Həsənlinin paylaşımlardan öncə ayrı-ayrı məmurlara xəbər yolladığı, əlində olan informasiyaların yayılmaması üçün “babat pul” oxuduğu, şantaj etməsi barədə gəzən söz-söhbətlər də Mahmudovun dəst-xəttinə uyğun görsənirdi. Amma dərindən düşünəndə bu söylənənlər qəsdən ortaya atılmış blef təsiri də bağışlayırdı...

2021-ci ilin ortalarında “Mediafakt.com” isimli bir sayt yayıma çıxdı. Maraqlıdır ki, bu domendə dövlət idarəçiliyinin ancaq bir istiqaməti hədəfə götürülmüş, məhz həmin istiqamətə rəhbərlik edən rəsmilər qaralanırdı. Saytın heç bir rekviziti, ünvanı, əlaqə telefonu yox idi, ABŞ-da qeydiyyatdan keçirilmişdi. Naməlum müəlliflər nəinki media nümayəndələrinin xəbər tuta biləcəyi, hətta inzibati binalarda belə çoxlarının qulağına görə olmayan məsələlərdən bəhs edirdi. Son dərəcə səlis, hər sözü zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş mətinlərdə sətir altından elə incə mesajlar verilirdi ki...

Bu üslub bir yerdən tanış gəlirdi. Amma haradan? Hə, özüdür ki, var, bu, ortaya “Cavanşir Həsənli” imzası ilə çıxan məchul müəllifdir.

2021-ci ilin əvvəllərinə, izə düşüb 2020-ci ilin sonlarına gedəndə Facebook-un Azərbaycan seqmentinə xitab edən bir neçə səhifə zühur etdiyi görünür. Həmin səhifələrdə müəyyən dövlət orqanları və məmurlarla bağlı materialların Cavanşir Həsənlinin fərdi hesabındakı paylaşımlarının üst-üstə düşməsi təsadüfə bənzəmir. Demək ki, ya həmin səhifələr Cavanşir Həsənli tərəfindən idarə olunub, ya da Cavanşir Həsənli və həmin səhifələr eyni mərkəzdən. İşin ən ilginc tərəfi isə budur ki, sözügedən sayt elə bil fırt eləyib “Cavanşir Həsənli və səhifələri”nin burnundan düşmüşdü: Mövzuca, üslubca, hədəfcə!..

“Cavanşir Həsənli”nin fərdi Facebook hesabına göz gəzdirək: 2020-ci sonlarında o, “mövzunu dəyişir”, məmurların var-dövləti haqqında məlumatlar daha yayımlanmır, daha sonra özü də “qeybə çəkilir”, 2021-ci ilin mayından noyabrınadək heç bir paylaşım edilmir. Şübhə doğurmur ki, bu süstlük yox, “Mediafakt”ın işə başlamasına, fəaliyyətin sayt və sosial şəbəkə hesabları vasitəsi ilə daha sistemli hala gətirilməsinə hazırlıq mərhələsi imiş. Əks halda, “cavan şir”in Facebook statusları, onun nəzarətində olduğu güman edilən səhifələrdəki paylaşımlar və məlum domendən yayımlanan məqalələr bu qədər identik olmazdı. Deməli, Həsənlini istiqamətləndirən dairələr onun üçün yeni iş və imkanlar yaradıblar. Görəv- ünvanlı şəkildə hansısa məmurların vurulması indi də davam edir. “Çöl pişikləri” isə bu işdə, sadəcə vasitə, lap əvvəl də dediyimiz kimi, “influencer”dir.

Yenə əsas suala dönək: kimdir Cavanşir Həsənlini marionet kimi idarə edən əl?

Kimdirsə, görünür, vaxtilə Eldar Mahmudovun adını ortaya atmaqla diqqəti özündən yayındırmaq istəyib. Axı bu cür məsələləri qara, çirkli işlərdə ad çıxarmış, əlinin altında böyük məlumat və maliyyə imkanları olan fiqurlarla əlaqələndirmək asandır və cəmiyyət tərəfindən həzm olunmaq ehtimalı yüksəkdir.

Amma indi hər şeydən görünür ki, məsələ o qədər də sadə deyilmiş və Cavanşir Həsənlini “araşdırmaçı jurnalist” kimi kəşf və icad edənlər, onun xaricə sığınmasının təşkilatçıları, fəaliyyətini yönəldənlər başqa ünvandadır və indi də iş başındadırlar.

Üstəlik, bu məkrli oyuna təkcə xaricdəki dozanqurdu domenlər deyil, həm də ölkə daxilində reketçi üslubla işlədiyi bütün peşəkar media qurumları tərəfindən vurğulanan “gündəmxəbər” və adını çəkməyə gərək olmayan bəzi başqa saytları da qatıblar.

Çox təəssüflər olsun ki, ictimai mühit olaraq biz bu cür reallıqlarla üz-üzəyik və özlərinin nəhəngliyi, əlçatmazlığı ilə öyünənlər reket səviyyəsinə enmək acizliyini özlərinə rəva görə bilirlər.

Taleh ŞAHSUVARLI