"SSRİ-ni bərpa etmək istəyənləri anlamaq çətindir"

20 Yanvar 2022 20:26 (UTC+04:00)

Biz bu gün azad, müstəqil, suveren dovlətin vətəndaşları olaraq yaşayırıqsa, bizə bunu yaşadan bütün şəhidlərimizin mübariz ruhuna böyük hörmət və etiramımızı bildirməliyik və bildiririk. Onların ruhu qarşısında baş əyirik. Dövlətin mövcudluğu və qüdrətlənməsi həm də bu cür insanların cəsarətinə, mərdliyinə, igidliyinə əsaslanır.

Belə ki, hərbi güc yolu ilə xalqları, dövlətləri öz əsarəti altına salmaqla imperiya şəklində yaranmış SSRİ-nin 70 illik qeyri-demokratik fəaliyyəti xalqları özündən çıxarmış oldu. 1988-ci ildən etibarən SSRİ-nin hər yerində olduğu kimi Azərbaycanda da sovet rejiminə qarşı başlanmış mübarizə onun süqutunu labüd etdi. Buna baxmayaraq imperiyanın mövcudluğunu qoruyub saxlamağa çalışan Sovet rəhbərliyi, vətəndaşı hesab etdiyi azərbaycanlılara qarşı hərbi gücdən istifadə etməklə onların qətlinə fərman verdi. İdarəetmədəki acizliyini görərək 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə ordunu dinc əhalinin üzərinə yeritməklə amansızcasına yüzlərlə müxtəlif yaş qruplu insanların öldürülməsini həyata keçirdi. Bu addımı ilə Azərbaycan xalqının azadlıq, suverenlik mübarizəsinin qarşısını almağı düşünən totalitar rejim, əksinə onun gücü və iradəsi qarşısında məğlub oldu. Xalqa qalib gəlməyin mümkünsüz olduğunu başa düşərək geri çəkilmək məcburiyyətində qaldı.

Lakin bütün bu vəhşiliyinə, amazsızlığına rəğmən 30 il sonra yenidən SSRİ-ni bərpa etmək istəyənlərin niyyətini anlamaq həqiqətən çətinlik yaradır. Müasir dünyamızda sivil, hüquqi dövlətlərin vətəndaşlarının hüquq və azadlıqlarının daha yaxşı təmin olunması, demokratik, hüquqi cəmiyyətin qurulması üçün mübarizə apardıqları bir məqamda hələdə imperiya düşüncəsinə malik şəxslərin və hakimiyyətlərin mövcudluğu təəccüb doğurur.

Görünən oldur ki, insanları demokratik, hüquqi yolla idarə etmədə, sosial ədaləti təmin etmədə acizlik totalitar rejimə meyilləri artırır. Dövlətlərlə qarşılıqlı anlaşma, milli maraqlar, dostluq çərçivəsində yaşamanın mümkünsüzlüyünü düşünənlər çıxış yolunu onları imperiya formasında birləşdirməklə özündən asılı vəziyyətə salmağa çalışırlar. Bunun üçün suveren dövlətlərin ərazisinə iddia edərək, onu özünküləşdirməkdən və beynəlxalq hüququn tanıdığı ərazisinə daxil olub, vətəndaşına qarşı amansız addımlar atmaqdan belə çəkinmirlər.

Amma düşünürəm ki, demokratik dəyərlərin, prinsiplərin gekdikcə daha çox yer aldığı dünyamızda süqut etmiş imperiyaların, totalitar rejimlərin yenidən bərpa olunmaq imkanları yoxdur. Hətta dövlətləri və xalqları qorxu və güc yolu ilə buna məcbur etmiş olsalar belə bunun real olmaq şansları olduqca aşağıdır. Əksinə bu addımlar ona cəhd edənlərin özlərinin hazırkı mövcudluğuna təhlükə yaratmış olur.

Ramid Hüseynov, siyasi elmlər üzrə fəlsəfə doktoru

dosent