“İrandakı bəzi çevrələrin Ermənistanla sıx əməkdaşlıq qurmaları Azərbaycanda suallar yaradır”

26 Yanvar 2022 16:33 (UTC+04:00)

“Azərbaycanın müdafiə nazirinin İrana, İranın yol və Şəhərsalma nazirinin isə Azərbaycana, özü də Qarabağ üzərindən səfəri Prezident İlham Əliyevin də vurğuladığı kimi ölkələrimiz arasında yeni səhifənin açılmasından xəbər verir”.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev öz feysbuk hesabında paylaşıb.

Millət vəkili bildirib ki, hər iki dövlətin prezidentlərinin Aşqabaddakı görüşlərindən sonra İranla əlaqələrin tərəflərə iqtisadi, tranzit potensialının artması və elə həm də geosiyası baxımdan xeyli dvidentlər vəd edən yöndə getdiyini görməmək mümkün deyil.

“Gələcəkdə necə olacaq-bu, ilk növbədə rəsmi Tehranın atacağı addımlara bağlıdır. İranla bir-birinin daxili işlərinə qarışmadan, qarşılıqlı faydaya dayanan mehriban qonşuluq siyasəti yeritmək bizim istəyimizdir və bunu heç vaxt gizlətməmişik. Ancaq onu da gizlətməmişik ki, İrandakı bəzi çevrələrin Ermənistanla sıx əməkdaşlıq qurmaları Azərbaycanda suallar yaradır”.

Sahib Əliyev bunun aradan qalxmasının isə çox sadə həlli olduğunu vurğulayıb.

“Əksər Qərb dövlətlərinin bizim regiona yanaşmadakı davranışları göz önündədir. Onlar din faktorunu çox qabartmasalar da, atdıqları addımlarda bunu heç vaxt unutmurlar. Bu reallığı görüb də rəsmi Tehran ona adekvat siyasət yeritsə, onda biz İranla Ermənistan arasında əlaqələrdən nəinki narahatçılıq keçirər, hətta indikindən də yüksək səviyyədə olmasını istərdik”,- deyə o əlavə edib.

Şəbnəm Zahir