Yunus Oğuzun "Uçurum" romanı təqdim olundu

27 Yanvar 2022 11:26 (UTC+04:00)

Azərbaycan Yazıçılar Birliyində "Olaylar" qəzetinin baş redaktoru, yazıçı Yunus Oğuzun "Uçurum" romanının təqdimat mərasim keçirilib. Toplantıda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, xalq şairi, deputat Sabir Rüstəmxanlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, AzNews.az saytının baş redaktoru Taleh Şahsuvarlı, filologiya elmləri doktoru , millət vəkili Nizami Cəfərov, "Ədalət" qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas , AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova və yazıçının digər qələm dostları iştirak ediblər.

Nizami Cəfərov tədbirdəki çıxışı zamanı "Uçurum" romanından danışıb. O bildirib ki, bu əsər ən yeni tariximizin önəmli romanlarındandır:

"Yazıçının əsərə seçdiyi baş qəhrəman məğlubedilməzdir. Ümumilikdə " Uçurum" hər bir gömrük işçisinin oxuyub istinad edə biləcəyi bir kitabdır. Yunusun əsərlərinin təqdimatında Kiyevdə , Daşkənddə də iştirak etmişəm. Hazırda o, Özbəkistanda ən çox oxunan yazıçılardandır".

Mərasimdə S.Rüstəmxanlı məktəblərdə tədris olunan yeni tarix fənninə diqqət çəkib:

"Bu tarixin SSRİ dövründə tədris olunan tarixdən fərqlərini araşdırmaq lazımdır. Tarixə yeni baxış olduqca önəmlidir. Bizim orta məktəblərdə şagirdlərimiz nə vaxtdan yeni tarixlə bəslənəcək? Gələcəkdə AYB ədəbiyyatçılar ilə yeni tarixə baxış haqqında müzakirələr keçirə bilər. Beləcə biz bu yöndənki problemləri müxtəlif dairələrə çatdıra bilərik. Özünüz AMEA-dakı hazırkı vəziyyəti görürsüz. Bu barədə heç danışmaq istəmirəm. Amma tarix bizdən uzaqlaşdıqca nağıla çevrilir. Bunun qarşısını almalıyıq".

E. Qarayeva "Uçurum" da əsrimizin bəlası olan narkomaniyaya qarşı mübarizənin önə çəkildiyini vurğulayıb:

"Romanda bu bəlanın hardan başladığı, necə davam etdiyi barədə məlumat verilib. Burda gənclər üçün önəmli mesajlar var".

Ə.Amaşov isə son dönəmlərdə tarixi romanların böyük maraqla qarşılanmasından söz açıb:

"Artıq Leyli və Məcnun", "Romeo və Cülyetta" kimi romanlar az oxunur. Dünya tarix öyrənməkdə maraqlıdır. Bəlgəsəl əsərlərə diqqət artıb. Bu baxımdan Yunus Oğuzun yeni tarixi romanını da yüksək qiymətləndirirəm. Yeri gəlmişkən bizdə kitab oxuyanların azlıq təşkil etdiyini bilirik. Gəlin, bunun səbəblərini də düşünək"

Sonda yazıçı özü yeni nəşr olunan kitabından bəhs edib və tədbir iştirakçılarına təşəkkür edib:

"Əsər Dövlət Gömrük Komitəsinin 30 illik yubileyinə həsr olunub. Burda müxtəlif tarixi dövrlər əksini tapıb. İnsanın şəxsiyyəti, sosial həyatı sonda da siyasi sistemdəki uçurumdan söz açılıb. Burda dünyanın ən böyük bəlalarından biri ola narkomaniya mövzuna toxunulub. Bir cəmiyyəti məhv etmək üçün orda narkotik vasitələri yaymaq kifayətdir. Əsərdə gömrük işçilərinin narkotiklərə qarşı gərgin mübarizəsi göstərilib. Belə bir romanı yazmağım üçün təxmini üç aya yaxın vaxt lazım oldu. Bəlkə, gələcəkdə bunun ikinci ya da üçüncü variantı da yazıldı. Bilirik ki, mafia ölməzdir. Reallığa əsaslandığı və günümüzlə səsləşdiyi üçün uğurlu olacaq deyə düşünürəm. Təqdimatda iştirak edən hər kəsə təşəkkür edirəm". (sherg.az)