Yunus Oğuzun yeni romanının təqdimatı

27 Yanvar 2022 12:24 (UTC+04:00)

Dünən Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Yunus Oğuzun “Uçurum” romanının təqdimatı oldu.

Tədbiri akademik Nizami Cəfərov aparırdı.

Nizami müəllim Yunus Oğuzun əksər romanlarının, bəlkə də hamısının ön sözünün müəllifidir.

Həm yazarın yaradıcılığı, həm çağdaş Azərbaycan ədəbiyyatının nəzəri məsələləri ilə bağlı mükəmməl giriş nitqi söylədi.

Nizami müəllim həm də yaxşı həmsöhbətdir. Nitqini maraqlı əhvalatlarla zənginləşdirdi, hətta bir məqamda “vallah, Yunus Oğuz o qədər məhsuldar çalışır, roman ərsəyə gətirir ki, ön söz yazmağa çatdırmıram” deyə auditoriyanı canlandırdı.

Xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlı konseptual bir çıxış etdi, tarix, tarixi romanlar və cəmiyyətimidə tarix şüuru mövzusunda gerçəkdən çox qiymətli fikirlər səsləndirdi.

“Kaş ki bu çıxış qeydə alına, çap oluna, portallarda yayımlanaydı” deyə düşünməyə başlamışdım ki, AYB katibi Elçin Hüseynbəylidən gözəl bir təklif gəldi.

Çağdaş Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən, xüsusən mətnlərdə çox mahir dil fəndləri tətbiq edən Elçin Hüseynbəyli təklif etdi ki, yazıçıların növbəti qurultayında Sabir Rüstəmxanlı yeni dövrdə tarixi romanlar mövzusunda məruzə ilə çıxış etsin. Rüstəmxanlı razılaşdı.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova isə Yunus Oğuzun bədii yaradıcılığının tədqiqatçısı kimi etdiyi çıxış maraqla dinlənildi, nasirin çağdaş Azərbaycan ədəbiyyatındakı yerinə və roluna aydınlıq gətirdi.

Toplantıya yazıçı kimliyi ilə qatılan Səyyad Aran, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, görkəmli qələm adamı Aqil Abbas həm çıxış, həm də müəllifi təbrik etdilər. AYB katibi Rəşad Məcid tədbirə çox şıx geyinərək gəlmişdi, əvvəl elə bildim çıxış eləməyib, sözünü "ikinci hissə"yə saxlayıb, əgər olacaqdısa. Sonra məlum oldu ki, tədbiri Rəşad müəllim açıbmış, mən bir qədər gecikmişəm.

Tədbirin ən maraqlı özəlliyi isə o oldu ki, təqdimatda “Uçurum” romanının qəhrəmanının prototipi- Dövlət Gömrük Komitəsinin polkovniki Fikrət Ələsgərli də iştirak edirdi.

Polkovnikin dediyinə görə, Dövlət Gömrük Komitəsinin narko ticarətə qarşı mübarizəsini də əks etdirən romanın yazılma mərhələsində müəlliflə birgə səfərlər ediblər, səfər zamanı maşının qarşısından turac keçməsi kimi detallar da əsərdə əks olunub. Bu, əlbəttə, yazıçının müşahidə qabiliyyətinin yüksəkliyinə dəlalət edir.

Ən maraqlı epizodlardan biri də budur ki, müəllif əsərin qəhrəmanını mətndə öldürmək istəyib, amma qəhrəman razı olmayıb.

Tədbir bitdi, Yunus Oğuz avtoqraf yazaraq “Uçurum”un bir nüsxəsini də mənə bağışladı. Kitabı hələ oxumadığım üçün haqqında nə isə danışmağım mümkünsüzdür. Yəqin ki, oxuyacam, fikirlərimi oxucularla bölüşəcəm. İndilik onu deyə bilərəm ki, tarixi roman 4 min tirajla və nəfis tərtibatla nəşr olunub.

Tarixi romanlar hər zaman ədəbiyyatın ən çox sevilən qollarından biri olub. Tarixi romanların ən başlıca xüsusiyyəti odur ki, burada mətn, süjet, yazıçı fəndləri ilə ilə yanaşı keçmişə baxış açısı da önəmlidir. Yunus Oğuzun bu günə qədər yazdığı, təkcə Azərbaycanda yox, türk dünyasında da populyar olan romanlarında əslində ən çox diqqət çəkən, aktuallıq yaradan da elə budur.

Əvvəla, Yunus Oğuz yazdığı dövrü yaxşı araşdırır, araşdırdığı zamanın simalarını dolğun şəkildə bədii mətnə daşıyır və oxucunu keçmişə MİLLİ mövqedən baxmağa sövq edir.

İkincisi, Azərbaycanda yazılmış tarixi romanlarda adətən zaman qələmə alınan tarixi dövrlə çərçivələnir, belə demək mümkünsə, qələm zamanı və tarixi paralelləşdirir. Lakin Yunus Oğuzun bu günə qədər oxuduğum əsərlərində müəllifin bu paralellikdən qaçdığı, zamandan bəzən üfüqi, bəzən də şaquli şəkildə istifadə edərək oxucunu bu gündən keçmişə, keçmişdən bu günə aparması yaradıcılıq texnologiyası kimi xüsusi təqdir yaradır. Bu mənada Oğuzun romanları təkcə keçmiş haqqında deyil, həm də indiki zamanın bədii təsviridir.

Üçüncüsü, bir elm kimi tarixlə tarixi romanın ən böyük fərqi ədəbiyyatın keçmişi yenidən yaratmaq haqqına sahib olmasıdır. Yunus Oğuz bir müəllif olaraq bu haqqdan layiqincə, oxucunu inandıraraq istifadə edir.

Taleh ŞAHSUVARLI