Sevinc Babayevanın ölüm işində yeni məqamlar- İstintaq materialı

27 İyun 2013 21:00 (UTC+04:00)
"Gülərgeyt qalmaqalı"nın baş qəhrəmanı, 2012-ci ilin 26 dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın ölümü ilə bağlı araşdırma apardığımızı xəbər vermişdik. Araşdırma çərçivəsində S.Babayevanın İstanbuldakı izlərini də araşdırdıq.

Bu dəfə S.Babayevaya İstanbulda hamilik edən iş adamı Səlcuq Ağlayanın 29.12.2012-ci ildə (ölümündən 3 gün sonra) istintaqa verdiyi ifadəni təqdim edirik.

Məlumat üçün deyək ki, 01.01.1971 təvəllüdlü S.Ağlayan boşanmış və iki oğul atasıdır. İş adamıdır, sadəcə, ibtidai təhsil alıb.
İstintaqa vəkili Halis Keleşin yanında verdiyi ifadə isə aşağıdakı kimidir:

"Bakıdakı kafedə oturmuşdum, Məryəm Solmaz yaxınlaşdı..."

"Yuxarıda özüm haqqında vermiş olduğum informasiyalar doğrudur və mənə aiddir. Mən hələ də yuxarıda yazdığım ünvanda yaşayıram. Yaxalandığım zaman mənə ünvanlanan ittiham və qanuni haqlarım sadalandı, məlumatlandım. Ünvanımı göstərdiyim yerdə 40 ildir tək yaşamaqdayam. Tekstil işi (geyim sənayesi) ilə məşğulam, xarici ölkələrdən alver edirəm, tələbat əsasında türk cümhuriyyətlərinə mal göndərir və faiz alıram. Sabit bir iş ünvanım yoxdur. 8 ay əvvələ qədər Beylikdüzündə (İstanbuldakı bölgələrdən biri) bir iş yerimiz vardı, amma iflas etdiyimiz üçün oranı bağladıq. İşimlə əlaqədar olaraq davamlı şəkildə xarici ölkələrə gedib-gəlirəm. Təxminən 3 ay öncə Azərbaycana getdim. Məqsədim oradakı bazarın durumunu araşdırmaq idi. Çünki Avropada iqtisadi böhran olduğu üçün ticarətimi Azərbaycan, Qırğızıstan kimi ölkələrlə davam etdirmək istədim. Yuxarıda göstərdiyim nömrə xaricində cib telefonundan istifadə etmirəm. Bu nömrə mənim adıma qeydiyyatdadır, təxminən 15 ildir istifadə edirəm. Polisdə daha öncə silah məsələsi ilə bağlı olaraq qeydiyyatım var. Azərbaycanda daha öncə ortaq iş gördüyüm dostlar və onların tanımadığım dostları mənə telefonla zəng edərək ayaqqabı və ehtiyacı olan başqa məhsullara bağlı qiymət soruşurdular. Mən də onlara qiymətləri deyirdim. Razılaşsaydıq, birgə ticarətlə məşğul olacaqdıq. Bu səbəbdən də İstanbulda azəri olaraq tanıdığım, soyadını bilmədiyim dülgər Kərimov olaraq tanıdığım şəxs, eyni zamanda şəxsən tanımadığım Tağı adlı şəxs zəng edərək məndən bəzi telefon nömrələrini öyrəndi. İndi adını xatırlamadığım bir neçə azərbaycanlı müştərim var. Mən də bazarın vəziyyətini öyrənmək üçün bundan təxminən 3 ay öncə Azərbaycanın Bakı şəhərinə təyyarə ilə getdim. Aeroportdan düşdüm, bir taksiyə mindim. Taksi sürücüsünə kirayə ev axtardığımı dedim. O da mənə bir ev tapdı. Ev Bakının sahilində idi. Orda 4 gün qaldım, 400 dollar pul verdim. Daha sonra Bakını gəzib-dolaşdım. Sonra bazar araşdırması etdim. Gördüm ki, burda sərbəst bazar olduğu üçün mal satmaq çox çətin olacaq. Ona görə də ancaq Azərbaycan vətəndaşı olan bir iş adamı ilə ortaq iş görə biləcəyimi anladım. Azərbaycana səyahətimin ikinci günündə Bakının sahilində yerləşən, böyük bir alış-veriş mərkəzi olan Park Bulvara getdim. Oradakı açıq kafelərdən birində oturub, Türkiyə ilə telefon danışıqları aparırdım. O vaxt yan tərəfdəki masada oturan, adını Məryəm Solmaz olaraq söyləyən, amma gerçək adını sizlərdən öyrəndiyim Sevinc Babayeva adlı qadın mənə yaxınlaşdı. "Türkiyədən gəldinizmi?" deyə soruşdu. "Bəli" dedim, ardınca da ona məşğul olduğum tekstil işi ilə bağlı məlumat verdim. O da mənə ayaqqabı işi ilə məşğul olduğunu, hətta Çindən alıb Dağıstana ayaqqabı göndərdiyini, bu ayaqqabıların keyfiyyətsiz olduğunu söylədi və Türkiyədə onun üçün bir imkan yaradıla bilərmi deyə soruşdu.

"Mənə iş ortaqlığı təklif etdi, İstanbula gələcəyini dedi"

O istəyirdi ki, həmin ayaqqabılara "Made in Turkey" yazdırmaq şərti ilə ona yardım edim. Mən də dedim ki, "onsuz da işim budur, yardım edə bilərəm. Türkiyəyə gedən kimi bir bazar araşdırması apararam". Bildirdi ki, "istəyirsinizsə bir-birimizə telefonlarımızı verək, ora gələndə görüşərik". Mən də razılaşdım, telefonlarımızı bir-birimizə verdik. Bu arada mənə ürəyindəki problemlərdən danışdı. Orada bir və ya iki xəstəxanada müalicə olunduğunu, amma bunun kifayət etmədiyini dedi. Amma dedi ki, yaxın çevrəsindəki insanlardan Türkiyədə çox yaxşı xəstəxanaların olduğunu, orada tibbin çox inkişaf etdiyini eşidib. Mən də bunun doğru olduğunu bildirdim. Bundan başqa, daha öncə də zaman-zaman Türkiyəyə gəldiyini dedi. Ardınca da soruşdu ki, Türkiyəyə gələndə ona xəstəliyi ilə bağlı yardımçı ola bilərəmmi? "Təbii ki" dedim. Təxminən 2-3 saat oturub söhbət etdik. Daha sonra sağollaşdıq. Mən də daha sonra Türkiyəyə qayıtdım. Mən Türkiyəyə qayıdandan 1 və ya 2 gün sonra mənə cib telefonundan zəng edərək bildirdi ki, Türkiyəyə gələcək. Həm ürəyindəki problemlə bağlı müalicə olunacaq. Həm də ayaqqabı ticarəti üçün bazar araşdırması həyata keçirəcəyini dedi. Mənə bir gün sonra İstanbula gələcəyini dedi. Böyük ehtimalla Sabiha Gökçen aeroportuna gələcəyini və gələndən sonra mənə zəng edəcəyini də vurğuladı. Amma bir az yaddaş problemim olduğu üçün danışığımızın tarixini tam xatırlamıram. Mənə zəng edəndən bir gün sonra, sabah saat 10.00 radələrində avtomat telefondan mənim istifadə etdiyim cib telefonuna zəng etdi. Kadıköydə (İstanbulun bölgələrindən biri) olduğunu dedi və dəstəyi orada türkcə bilən birinə verdi, sonuncu onun harda olduğunu təsvir etdi. Mən də tək getdim və onu Kadıköy sahilindən götürdüm. Beylikdüzünə (o da İstanbulun bölgəsi) gedən yolda mənə çox yorğun olduğunu dedi. Yolda yatdı, Beylikdüzündə adını xatırlamadığım bir restoranda səhər yeməyi yedik.

"15 gün hoteldə pasportsuz qaldı, sonra kirayə evə köçdü"

Mənə pasportunu Azərbaycana göndərdiyini dedi. Bildirdi ki, həkim tibbi rəylərini və reseptlərini pasportu ilə birgə görməlidir. Ondan sonra pasportu geri göndərəcəklər. Mən də onu Beylikdüzündə daha öncədən müştərisi olduğum Beynova hotelinə apardım, bir otaq xahiş etdim. Hotel işçilərindən də xahiş etdim ki, bu xanımın pasportu tezliklə gələcək, onu hələlik qeydiyyata alın. Amma onlar razılaşmadılar, çünki bu, qanun pozuntusudur. Mən də onlara öz pasportumu təqdim etdim və otağı öz adıma tutdum. Məryəm həmin hoteldə təxminən 15 gün qaldı. Bu hotelin günlük haqqı təxminən 100 dollar idi. Daha sonra buranın bahalı olduğunu və İstanbulda uzun müddət qalacağı üçün ev kirayələmək istədiyini dedi. Bundan başqa, oğlunu da yanına gətirəcəyini dedi. Mən də ona Beylikdüzündə Ayışığı sitesində (bina kompleksi) makler vasitəsilə aylıq kirayəsi 900 TL (təxminən 450 manat) olan və əşyalı bir ev kirayələdim. Daha sonra onu hoteldən götürüb mənim adıma kirayələnmiş evə gətirdim, orda yerləşdirdim. Bu müddət ərzində mən iki gündən bir onu ziyarət edirdim. Bir ehtiyacı olub-olmadığını soruşurdum. Amma özü çox bitkin halda idi, hətta bəzən mənim qoluma girərək yeriyirdi. Oğlum Emre də bir neçə dəfə meyvə və içki alaraq onun evinə aparıb. Tarixini tam olaraq xatırlamıram, amma bir dəfə onun evinə baş çəkəndə yanında bir cavan oğlan və xanım var idi. Bu cavan oğlanın bacısı oğlu, qadının isə qohumu olduğunu dedi. Bundan başqa, bir gün öncə halı pisləşdiyi üçün təcili yardım gəldiyini dedi. Bir neçə gün sonra oğlum Emre Ağlayana vəziyyəti izah etdim və Məryəm adlı xanımı xəstəxanaya aparmasını istədim. Bir gün sonra oğlum onu bir taksi ilə Cərrahpaşa Tibb Fakültəsinə apardı. Mənə bildirdilər ki, orada müayinə olunub, amma daha köklü müalicə və analizlər üçün ciddi məbləğdə pullar lazımdır. O da buna görə müalicədən vaz keçib. Mənə bildirdi ki, pulu gələndən sonra yüksək səviyyəli bir xəstəxanada müalicə olunacaq. Hadisə gününə qədər mən və ya bəzən oğlum Emre iki-üç günlük bir ehtiyacı olub-olmadığını soruşardıq və ehtiyaclarını alıb, özünə təslim edərdik. Bəzən özü də qonşuları və ya avtomat telefon vasitəsilə mənə zəng edir, nəyəsə ehtiyacı olduğunu deyirdi. Mənim bildiyim qədər ilə Azərbaycan və ya Türkiyəyə aid bir cib telefonu nömrəsindən istifadə etmirdi.

"Oğlu Ayxanı mənə bacısı oğlu kimi təqdim etmişdi"

26.12.2012-ci il tarixində səhər saatlarında Ayışığı binasının təhlükəsizlik xidmətinin adını xatırlamadığım əməkdaşlarından biri mənə zəng edərək 29-cu dairədə yaşayan Məryəm xanımın halının pisləşdiyini, təcili olaraq ora gəlməyimi dedi. Mən də dərhal öz maşınımla binaya getdim, təhlükəsizlik xidməti əməkdaşları bildirdilər ki, Məryəm xanımı artıq yaxınlıqdakı Esenyurd Dövlət Xəstəxanasına apardılar. Dərhal həmin xəstəxanaya yollandım. Həkimlər məndən onun dərmanlarını istədilər, orada təcili olaraq reanimasiyaya yerləşdirdilər. Daha sonra mənə ürəyinin dayandığını və təkrar müdaxilədən sonra həyata qaytardıqları dedilər. Amma xəstəxanada kardiologiya şöbəsi olmadığı üçün yüksək səviyyəli bir xəstəxanaya aparmağımı məsləhət gördülər. Günortadan sonra onu Beylikdüzündə, yaxınlıqdakı özəl Medicana Xəstəxanasına apardım. Orada müalicəsinə başladılar. Mən də ödəmə üçün imzamı atdım. Daha öncədən Məryəmin Beylükdüzündəki evində gördüyüm, bacısı oğlu olaraq tanıdığım oğlan (söhbət oğlu Ayxan Məmmədovdan gedir-S.T.) bir neçə dəfə mənə zəng edib, onun vəziyyətini soruşmuşdu. Mən də həmin nömrəni telefonumun yaddaşına yazmışdım. Odur ki, İstanbulda bir yaxını olmadığı üçün həmin an ağlıma gələn ilk şey bu şəxsə mesaj göndərmək oldu. Ona Məryəm xanımın halsız olduğunu və xəstəxanaya aparıldığını, reanimasiyada olduğunu, təcili gəlmələrinin lazım olduğunu yazdım. Bu mesajı bir neçə dəfə yolladım. Mən ordan öz evimə getdim, axşam saatlarında mənə xəstəxana həkimi zəng etdi və vəziyyətinin çox ciddi olduğunu, ora getməli olduğumu söylədi. Mən də xəstəxanaya gələn kimi həkimlərlə görüşdüm. Onlar da xəstənin vəziyyətinin kritik olduğunu dedilər. Bu əsnada həkimə bir zəng gəldi və ona Məryəm xanımın öldüyünü xəbər verdilər. Dərhal onun bacısı oğlu olaraq tanıdığım gəncə mesaj yolladım ki, Məryəm xanımın durumu pisdir, aparata bağlı yaşayır və təcili gəlməlidilər. Bir neçə dəfə mesajlaşdıq. Mənə bilet tapmağa çalışdıqlarını, tapan kimi gələcəklərini bildirdilər. Bir gün sonra gördüm ki, gəlib-gedən yoxdur. Yenidən Məryəm xanımın bacısı oğlu olduğunu düşündüyüm şəxsə mesaj yazıb, Məryəm xanımı itirdiyimizi dedim. O da mənə "ürəyim qanayır, gəlirik" deyə cavab yazdı. Eyni gün 27.12.2012 tarixində günorta saatlarında iki nəfər Medicana xəstəxanasına gəlmiş. Həmin vaxt xəstəxanadan mənə zəng edərək, dünyasını dəyişən qadının həqiqi adının Sevinc Babayeva olduğunu, ora oğlu və dayısının gəldiyini dedilər. Üstəlik, soruşdular ki, xəstəxananın 9000 TL(4500 dollar) məsrəflərini kim ödəyəcək? Mən də dedim ki, pulu yaxınlarından istəyin, onlar verməsə, mən verərəm.

"Polislər onun evində axtarış apardılar"


Polislərlə birgə xəstəxanaya gəldik, daha öncə Məryəm Solmazın evində bacısı oğlu olaraq tanıdığım şəxsin oğlu olduğunu öyrənib çox təəccübləndim. Yanında yaşlı bir kişi də var idi. (söhbət S.Babayevanın dayısından gedir-S.T.) Biz xəstəxanaya gəlmədən əvvəl polislər Məryəm Solmazın qaldığı evdə axtarış apardılar. Amma evdə pasport, eləcə də şəxsiyyətini təsdiqləyən heç bir sənəd tapmadılar. Daha sonra xəstəxanaya gəldik, orada mənim ifadəmi aldılar və imza atdırdılar, bir gün sonra əmimin həyat yoldaşı Hampaşa vəfat etdiyi üçün onun Çayıroba Gebzedəki yas mərasiminə getdim. Orada ikən polislər cib telefonuma zəng edərək hadisə ilə bağlı məni dindirmək istədiklərini, M.Solmaz adlı xanımın evinin açarı məndə olduğu üçün məni Ay işığı binasına çağırdılar. Mən də gəldim. Gələndə isə evdə prokuror və polislərin yanında yenidən axtarış apardılar.

Məndən soruşmuş olduğunuz Məryəm Solmaz olaraq tanıdığım, ancaq daha həqiqi adının Sevinc Babayeva olduğunu öyrəndiyim bu şəxsin oğlu Ayxanın cib telefonunu isə xatırlamıram. Mən onun telefon nömrəsini telefonuma yazmışdım. Amma Gebzedəki yas mərasiminə gedəndə, maşın hərəkətdə ikən telefonum yerə düşdü, telefon qırıldı. Simkarta yazdığım telefon nömrələrim yerində idi, amma telefonun yaddaşındakı nömrələr silinmişdi. Buna görə də Ayxanın telefon nömrəsini xatırlamıram. Mənim bildiyim qədər Sevinc Babayeva adlı qadının İstanbul və Türkiyə sərhədləri daxilində tanışı yox idi. Bu barədə mənə heç nə danışmadı və mən görmədim. Mənim Azərbaycanda Sevinc Babayeva və oğlu xaricində heç bir tanıdığım yoxdur". (musavat.com)

AzNews.az