Bakı-Tbılısi-Qars dəmiryol layihəsinin ilk relsləri qaynaq edildi

28 İyun 2013 07:17 (UTC+04:00)
Qarsda Bakı-Tbılısi-Qars dəmiryol layihəsinin ilk qaynaq işləri edilməsi mərasimi təşkil olunub.

Mərasimdə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili iştirak ediblər.

Binəli Yıldırımın sözlərinə görə, BTQ layihəsi gerçəkləşdirildikdən sonra hər kəsə açıq olacaq.

"Bu təkcə Azərbaycanın, Gürcüstanın, Türkiyənin layihəsi deyil, bu Orta Asiya ölkələrinin layihəsidir, Çinin layihəsidir, Balkan ölkələrinin layihəsidir, Yaxın Şərq ölkələrinin layihəsidir, hətta Avropa Birliyi ölkələrinin layihəsidir. Bölgənin ölkəmizin rifahı daha da artacaq. Daha çox birlikdə iş görəcəyik",- nazir bildirib.

Ziya Məmmədovun sözlərinə görə, bu layihədə çalışan bütün insanlar çox böyük tarixi bir iş görürlər.

"Burada insanlar bir bölgədən digərinə getmək üçün imkanlar əldə edəcək. Yüklərin daşınması üçün iqtisadiyyat dünyası və iş adamları bu koridorun imkanlarından istifadə edəcək. Öz büdcələrini zənginləşdirəcək",- nazir bildirib.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili layihədə əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

Kvirikaşvili qeyd edib ki, Türkiyə, Azərbaycan və Gürcüstan üç strateji ortaqdır və layihə ilə birlikdə üç ölkənin insanları da daha da yaxınlaşacaq.

Daha sonra üç nazir dəmiryolu xəttində ilk relslərin qaynağını ediblər.//trend//

AzNews.az