"Sosial şəbəkələrdə hər kəs ətrafında çevrə yarada bilir" - Yazıçı

31 Yanvar 2022 14:38 (UTC+04:00)

Gənc yazar İlahə Səfərzadə AzNews.az analitik-informasiya portalına müsahibə verib.

Müsahibəni təqdim edirik:

- İlahə xanım, yazmağa necə başladınız? Nə vaxtdan yazırsınız ?

- Yazmaq istəyi məndə 5-6 il öncə formalaşıb. Ola bilsin ki, həmin dövrdə özümü hazır hiss etmədiyin üçün 2 il öncə yazmağa başlamışam.

- Maraqlıdır, ədəbiyyata meyl etməyinizdə mühitinizin rolu olub?

- Bəli, mühitin də rolu var. Babam ədəbiyyatçı olub. Hətta ən sevdiyi yazıçı Rəşad Nuri Güntəkin olduğu üçün atamın adını ondan ilhamlanaraq Rəşad qoyub. Daha sonra ədəbiyyat müəllimlərim də ədəbiyyatı sevdirməyi bacarıblar. Bunun nəticəsidir ki, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşam. Orada bakalavr və magistr təhsili almışam.

- Əsərləriniz haqqında danışaq. Hansı əsərlərin müəllifisiniz? Neçə kitabınız çap olunub?

- İki roman və hekayələr müəllifiyəm. “Son Xəyanət” və “Naməlum məktub” adlı iki romanım nəşr olunub. Hər iki əsər psixoloji roman janrındadır.

- Bəs mövzu?

- Mövzular müxtəlif olur. Yazdığım ərəfədə hansı mövzu məni ilhamdırırsa, o mövzunu qələmə almışam.

- Mövzuları necə seçirsiniz? Mövzu seçimi təsadüfüdür, yoxsa həyatınızda baş verən hadisələrin təsiri ilə yazırsınız?

- Mövzularım əsasən təsadüfü seçilib. Həyatımda baş verən hadisələrlə əlaqəsi yoxdur. Təbii ki, hər bir yazar öz həyatında baş verənlərdən müəyyən mənada təsirlənir. Amma heç vaxt sırf öz həyatımda baş verənlərlə bağlı olmayıb. Həm obrazlar, həm hadisələr təxəyyül məhsuludur.

- Özünüzün ən uğurlu saydığınız, yaradıcılığınızda önəmli yer tutan əsəriniz hansıdır?

- Hələ ki “Naməlum məktub” romanı

- Əsərlərinizi kimlərəsə xitabən yazırsınızmı, auditoriyanız kimlərdir?

- Xeyr, istənilən sənət və peşədən asılı olmayaraq yazıram. Müəyyən auditoriya nəzərdə tutmamışam.

- Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüzmü?

- Xeyr. Hələki Yazıçılar Birliyinin üzvü deyiləm.

- Azərbaycanda yazıçı olmağın müsbət və mənfi tərəfləri nələrdir?

- Cəmiyyətdəki xoşagəlməz hallara işıq tutmaq, öz fikirlərini ifadə etmək, obrazlarının timsalında müəyyən yanlış və doğru məqamları göstərmək mümkündür.

Mənfi tərəfi odur ki, insanlar az kitab oxuyurlar. İstəyərdim ki, ölkədə daha çox insan kitab oxumağa meyilli olsun.

- Sizcə, Azərbaycanda niyə az kitab oxuyurlar? Cəmiyyətin kitab oxumaq, mütaliə etmək vərdişini necə qiymətləndirisiniz?

- Bunun əsaslı səbəblərindən biri odur ki, kiçik yaşlarından uşaqlarda kitab oxumaq istəyi formalaşdırılmır. İndi məktəblərdə şagirdlər sırf dərslikləri oxuyurlar. Şagirdləri sinifdən xaric oxuya maraqlandırmaq , onlarda oxumaq vərdişi, həvəsi yaratmaq lazımdır.

Pedaqoqlar uşaqlara məcburiyyət kimi yox , əksinə onları maraqlandıraraq, maraq dairəsində olan kitabları kəşf edərək onlara yardımçı olaraq oxumaq vərdişi yarada bilərlər.

Əgər bu vərdiş yaradılarsa, böyükdükcə, hər yaşda kitab oxumağa davam edəcəklər.

Ancaq şagirdlər universitetə qəbul olmaq, test suallarına düzgün cavab yazmağa köklənirlər. Təbii, bunlar da önəmlidir. Ancaq bununla bərabər oxumaq vərdişi formalaşdırılmalıdır.

Bu formalaşdırılmağı üçün Azərbaycanda mütaliə edənlər azdır.

-İndi Azərbaycanda bir hal dəbdir ki, sanki ədəbi mühitdə hər kəsin çevrəsi olmalıdır. Sizin çevrəniz kimdir?

- Hazırda sosial şəbəkələrdə elədir ki, hər kəs ətrafında çevrə yarada bilir.

Amma sırf ünsiyyət qurduğum insanlar ətrafımda az saydadır. Çevrə deyə biləcəyim qədər geniş ətrafım yoxdur.

- “Bu əsəri mütləq hamı oxumalıdır” dediyiniz bir əsər var?

- Olmayıb, çünki hər kəsin başa düşmə qabilliyyəti fərqlidir. Mənə çox təsir edən bir əsər başqasına eyni cür təsir etməyə bilər. Özüm oxuyub çox bəyəndikdə ətrafımdakı insanlara da məsləhət görmüşəm. Ancaq sırf hamı oxumalıdır dediyim əsər olmayıb.

-Bəs, Azərbaycan və dünya ədəbiyyatından ən yaxşı hesab etdiyiniz yazıçı və əsər varmı?

-Mənim çox təsirləndiyim əsərdən başqası az təsirlənə bilər. Ədəbiyyatçıların, tənqidçilərin çox böyük qiymət verdiyi əsərlər bəzən çox oxunmaya da bilir.

Hansı yazıçının əsərlərini qələmini bəyənirəmsə, o yazıçıları oxumuşam. Amma sırf düşünməmişəm ki, bu yazıçılar Azərbaycan və dünya ədədiyyatının ən yaxşı yazıçılarıdır. Çünki mənim üçün maraqlı olan başqasına maraqlı olmaya bilər.

- Bəzən insanlarda həyatımı yazsam, roman olar fikrini eşidirik. Necə düşünürsünüz, hər kəs roman yaza bilərmi?

-Bu fikirlə yazı deyiləm. Yazmaq üçün istedad lazımdır. Müəyyən texniki şeyləri bilmək lazımdır. Roman yazmaq elədir ki, oxucunu hər an maraqda saxlamağı bacarmalısan. Oxucu əsəri oxuyarkən sıxılmamalıdır. Axıra qədər eyni maraqla oxuyub bitirmək arzusunu onda yaratmalısan. Yoxsa hər kəsin həyatı keşməkeşlidir. Elə dünyada yaşayırıq ki, hamının həyatına müxtəlif, fərqli hadisələr baş verir. Hətta deyərdim ki, heç əsərlərdə baş verməyən hadisələr də yaşanır. Bu o demək deyil ki, həmin adam əsər yazsa, geniş oxucu kütləsi qazanacaq. Yazmaq isdedad məsələsidir.

-Yazmaq üçün ədəbi mühitə hakim olmaq lazımdırmı?

-Hakim olmaq yox , izləmək lazımdır. Yazıçı olmaq üçün mütaliə əsaslardan biridir. Yazıçı öz fikirləri ilə bir çox insana təsir edə bilir. Bu səbəbdən o insanları yanlış yönləndirməməlidir. Yazıçı mütləq şəkildə savadlı olmalıdır.

-Siz yazmazdan öncə nə qədər mütaliə edirdiniz? Kimləri oxuyurdunuz?

-Filologiya fakültəsində təhsil aldığım üçün universitet illərindən bədii əsərlər çox oxumuşam. Ancaq universiteti bitirdikdən sonra daha çox dünyada və Azərbaycanda şəxsi inkişaf kitabları yazan insanların əsərlərini oxuyurdum. Daha çox detektiv, macəra, psixoloji roman janrında oxumuşam.

-Yazmaq istəyən, amma yazmağa necə başlayacağını bilməyənlər üçün təklifləriniz varmı?

- Nə qədər ki, yazmaq istəkləri var, ancaq cəsarətləri yoxdur bu cəsarəti özlərində formalaşdırmaq üçün çoxlu kitablar oxusunlar. Nə qədər çox kitab oxusalar müəyyən müddətdən sonra görəcəklər ki, artıq özlərini yazmağa hazır hiss edirlər. Yazmaq cəsarətində olduqdan sonra artıq onlara heç nə əngəl ola bilməyəcək.

Şəbnəm Zahir