Türkiyə və Ermənistan arasında yaxınlaşma müşahidə edilir. Əlaqələrin normallaşma üçün bəyanatlar səslənir. Bununla bağlı, daha öncədən də təşəbbüslər olmuşdu. Lakin müəyyən səbəblər yaxınlaşmaya əngəl törətdi. Əlaqələrin ilkin təməli 1991-ci il sentyabrın 21-də Ermənistan müstəqilliyini elan etdikdən sonra Türkiyənin rəsmi nümayəndə heyətinin İrəvanda ölkənin birinci Prezidenti Levon Ter-Petrosyanla görüşü oldu. 1991-ci il 16 dekabrda Turqut Özalın hakimiyyəti dövründə Türkiyə Ermənistanı tanıdı. 1992-ci ildə iki ölkə arasında diplomatik nümayəndəliklərin açılma ərəfəsində ermənilər işğal siyasətinə başladılar. Beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olan və ermənilərin də paralel yaşadığı Qarabağın dağlıq hissəsinin işğalı Türkiyə ilə Ermənistan münasibətlərinə son verdi və Türkiyə bu məsələdə Bakının mövqeyini dəstəklədi. Ermənistan Kəlbəcərə daxil olduqdan sonra, Ankara 1993-cü il aprelin 3-də bu ölkəylə bütün sərhədləri bağladığını, dəmir yolu və hava əlaqələrini, tranzit ticarət xətlərini kəsdiyini elan etdi. 98-ci ildə Koçaryanın hakimiyyətə gəlməsindən sonra o vaxtadək diaspora səviyyəsində yürüdülən “1915-ci il hadisələrinin soyqırımı kimi tanınması” fəaliyyəti dövlət səviyyəsinə qalxdı. Bu fəaliyyət nəticəsində Ankaranın etirazlarına baxmayaraq bir neçə ölkə parlamenti 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıdı.
ABŞ-da Corc Buşun hakimiyyətə gəlməsindən sonra iki dövlət arasında yaxınlaşmanı təmin edəcək görüşlər üçün təşəbbüslər irəli sürüldü. Lakin görüşlər heç bir nəticə vermədi. Ardınca Türkiyədə problemin elmi həlli istiqamətində ilk rəsmi addım atıldı və “Tarixçilər Komissiyası”nın yaradılması haqqında bəyannamə imzalandı. Ərdoğanın Koçaryana tarixçilərin və ekspertlərin cəlb olunması üçün məktubuna cavab neqativ oldu. 2008-ci ildə Serj Sarkisyanın hakimiyyətə gəlməsi, o zamankı prezident Abdulla Gülün təbrik məktubu, ardınca İrəvanda milli futbol komandalarının oyununu izləmək üçün Gülün paytaxta səfəri əlaqələrin yaranması yolunda ilkin addımlar idi. 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində ABŞ-ın Dövlət katibi Hillari Klinton, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Bernard Kouchner-in iştirakıyla Türkiyə və Ermənistanın xarici işlər nazirləri Ahmet Davutoğlu və Edvard Nalbandyan protokolları imzaladılar. Lakin Azərbaycanın hakimiyyət və cəmiyyət səviyyəsində neqativ mövqeyi, eyni şəkildə Türkiyədə də müxalifət partiyalarının və cəmiyyətin etirazları nəticəsində parlament protokolu ratifikasiya etmədi. Sonrakı açıqlamalara görə, növbəti danışıqlarda Ərdoğan “Dağlıq Qarabağın işğalına son verilməsi” şərtindən, Sarkisyansa “soyqırımının tanınması və qurbanlara təzminat ödənilməsi” tələbindən vaz keçmədi və yenidən durğun vəziyyət yaşandı.
2020-ci ilin sentyabr ayında indiyə qədər atılan addımların reallaşmasına mane olan səbəblərdən biriylə bağlı vacib irəliləyiş baş verdi. Türkiyənin Ermənistanla yaxınlaşması üçün başlıca əngəllərdən olan işğal siyasətinə Azərbaycan ordusu son verdi. Savaş müddətində Türkiyə həm hərbi, həm mənəvi dəstəyini əsirgəmədi. 9 Noyabrda Ermənistan kapitulyasiyaya uğradıldı. Ardınca Ərdoğan “Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər” deyərək bu məsələdə Əliyevlə razılaşdıqlarını bildirdi. Nəhayət, 2021-ci ilin dekabr ayında hər tərəfdən bir nəfər olmaqla, Türkiyə və Ermənistan birbaşa danışıqlar üçün xüsusi nümayəndələr təyin etdilər. Türkiyə ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı, Ermənistan vitse-spiker Ruben Rubinyanı seçdi.
Türkiyə və Ermənistan arasında yaxınlaşma Sovet İttifaqının dağılmasının və iki ölkə arasında münasibətlərin başlanmasının 30-cu ildönümündə baş verir. Təbii ki, bu yaxınlaşma regional sülh və təhlükəsizlik baxımından əlverişlidi. Mövcud siyasi konyuktura əvvəlkindən Bakının bu yaxınlaşmaya əks olmaması ilə seçilir. Ankara İrəvan yaxınlaşması cənab Ərdoğanın və cənab Əliyevin təklif etdiyi 6lıq platforması baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflər arasında əməli və praktiki addımlar baş tutması Azərbaycan və Türkiyənin xarici siyasət strategiyasına adekvat cavab verir. Bu yaxınlaşma bir neçə aspektdən müsbət qiymətləndirilə bilər.
x) İlk növbədə Qarabağda rus sülhməramlı qüvvələrinin 5 ili keçmədən bölgəni tərk etməsinə, ümumilikdə isə Rusiyanın dominantlığının azalmasına rəvac verə bilər.
x) Sülh müqaviləsinin imzlanmasını sürətləndirə bilər.
x) Siyasi və iqtisadi inteqrasiya sayəsində Ermənistan iqtisadiyyatının dirçəlişi erməni cəmiyyətinin də mövqeyində dəyişikliyə səbəb ola bilər ki, bu da Qarabağda post-münaqişə dövrünün daha tez başa çatması ilə nəticələnmiş olar.
x) Ermənistan-Türkiyə sərhədi açılsa, Ermənistan ilk növbədə Trabzon limanından və Zəngəzur dəhlizindən istifadə edə biləcək. Ermənistan üçün bu, təkcə Cənubi Qafqazda, Mərkəzi Asiyada deyil, həm də dünya ticarətində sıçrayış deməkdir ki, bu da bölgədə Türkiyənin və Azərbaycanın ciddi şəkildə rolunu daha da artıra bilər.
Bütün bunların qısa zamanda baş verməsini əlbəttə ki, ehtimal etmək çətindir. Ermənistan revanşist ideologiyadan əl çəkmək istəmir. Hələ də Azərbaycanın və Türkiyənin suveren ərazilərinə iddialar, soyqırım iddiaları davam edir. Ermənistan-Yunanıstan-Kipr ittifaqının Türkiyə-Azərbaycan-ŞKTC ittifaqı ilə necə mübarizə apardığı, həmçinin erməni diasporunun fəaliyyəti də unudulmamalıdır. Hazırda Türkiyə və Azərbaycanı Naxçıvan üzərindən birləşdirəcək dəhliz mövzusu və Türkiyə əsgərlərinin Qarabağda Rusiya hərbçiləriylə birgə işləməsi kimi məsələlərdə Ermənistanla problemlər də davam edir. Bütün bunları nəzərə alaraq, yaxınlaşma strategiyasında diqqətli davranmaq lazımdır. Əks halda, şərtlər qarşılanmadan yaxınlaşmanın baş tutması kiçik miqyasda Ermənistan-Yunanıstan-Kipr ittifaqı, böyük mənada isə ABŞ-Aİ, həmçinin Rusiya və İran üçün böyük fürsət olacaq.
Züriyə QARAYEVA,
AzNews.az analitik-informasiya portalının siyasi şərhçisi