2021-ci il iyunun 15-i Şuşada Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mötəbər hadisə baş tutdu. Azərbaycan prezidenti ilk dəfə Qarabağda qarşıladığı Türkiyə prezidenti Ərdoğanla möhtəşəm Şuşa bəyannaməsini imzaladı. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada imzalanan belə bir tarixi bəyannamə 01 fevral 2022-ci il tarixində Azərbaycan Milli Məclisi, ardınca Türkiyə Böyük Millət Məclisi tərəfinən ratifikasiya olundu.
Şuşa bəyannaməsinin Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olan Qars müqaviləsinin imzalanmasının 100-cü ildönümündə imzalanması təsadüfi deyildi. 100 il öncə beynəlxalq güclərin bölgədə mövqe toqquşmasının intensivləşdiyi bir vaxtda Türkiyə Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinə qarant dövlətə çevrildi. Bugün bölgədə yenə də eyni siyasi atmosfer mövcud olsa da, bugünkü günün şərtlərini həmin dövrdən fərqləndirən başlıca xüsusiyyət Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və bölgədə sözsahibi olan dövlətə çevrilməsiylə bağlıdır.
Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Qardaşlıq əlaqələri iki xalqın əbədiyaşar liderlərinin kəlamlarına da yansımışdır. Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir.
Ulu öndər Heydər Əliyev isə “Bir millət iki dövlət, Azərbaycan-Türkiyə” şüarını tarixə yazmışdır.
İki müstəqil ölkə arasında hərbi əməkdaşlığın da tarixi daha öncələrə söykənir. Bu yöndə müqavilə 11 avqust 1992-ci ildə hərbi təhsil sahəsində əməkdaşlığa dair imzalanmışdır. Müqavilə əsasında Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində minlərlə azərbaycanlı zabit hazırlanmışdır. Bu müqavilə həm də Azərbaycanın NATO ilə birgə iş potensialının inkişaf etdirilməsi, Avroatlantik məkana inteqrasiyasına mühüm töhfələr vermişdir. Təsadüfi deyil ki, qısa müddət sonra Azərbaycan NATO-nun Sülh Üçün Əməkdaşlıq proqramına daxil edilmişdir. Azərbaycan Ordusunun zabit ehtiyacını qarşılayan ən önəmli təhsil müəsəsələrindən biri olan Bakı Ali Hərbi məktəbi də Türkiyənin aktiv iştirakı və köməyiylə NATO standartlarında təhsil verən təhsil ocağı halına gətirilmişdir.
2010-cu il sentyabrın 15-də imzalanmış müqaviləylə Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması isə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Müqavilənin maddələrindən birinə görə, ölkələrdən hər hansı birinə qarşı hərbi hücüm həyata keçirilərsə hücuma uğramayan ölkə bütün imkanlarını istifadə edərək hücuma uğrayan ölkəni dəstəkləyəcəkdir. Bu müqavilə faktiki olaraq iki qardaş ölkənin hərbi ittifaq müqaviləsi olaraq da dəyərləndirilə bilər. İki ölkə ordularının müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən yerdən və havadan zərbələr endirməklə düşmən hədəflərinin məhv edilməsi tapşırıqlarının yerinə yetirilməsiylə bağlı zirehli texnika, artillerya qurğuları, hərbi aviasiya və hava hücumundan müdafiə qüvvələrinin də cəlb edilməsiylə həyata keçirilən çox saylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərdən birini təşkil etməkdədir.
Dostluq və qardaşlığın ən yüksək nümunəsini 44 günlük müharibədə də gördük. Türkiyə prezidenti Ərdoğan beynəlxalq tribunalarda bu savaşın Azərbaycanın haqq savaşı olduğunu və üçüncü dövlətin qarışmağa ixtiyarı olmadığını bildirmişdi. İ. Əliyevin bölgədə təhlükəsizlik və sabitlik üçün iki qardaş ölkə ordularının inteqrasiyasının daha da dərinləşdirilməsinin vacibliyi haqdakı sözləri, müharibədə Azərbaycan Ordusuna böyük üstünlük qazandıran Türkiyə istehsalı Bayraktarları mədh edərək Azərbaycanın xaricdən silah alımında da yaxın zamanlarda Ankaranın ilk sıralara yüksələcəyini ifadə etməsi iki qardaş ölkənin hərbi əməkdaşlığının inkişaf səviyyəsini göstərmək baxımından mühümdür.
Digər müqavilələrin məntiqi davamı olan Şuşa bəyannaməsi, iki ölkənin hərbi sahədə əməkdaşlığı yalnız Azərbaycan ordusunun gücləndirilməsini deyil, eyni zamanda regionda sülhün təminatı, ortaq gücün yaradılması yolu ilə milli məsələlərin həllini özündə ehtiva edir. İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni siyasi arxitekturada Türkiyə Azərbaycan hərbi əməkdaşlığının rolu əhəmiyyətli dərəcədə böyükdür.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bəyannamənin ratifikasiyası da təsadüfi vaxta təyin edilmədi. Bir neçə gün öncə Rusiyanın NATO-a göndərdiyi təhlükəsizliyinin təminatı ilə bağlı tələblərdə keçmiş sovet ölkələrində hərbi qüvvələrin yerləşdirilməməsindən əlavə, hərbi əməkdaşlığın da qurulmaması tələbi yer almışdır. Bu müddəanın NATO tərəfindən qəbulu Türkiyə Azərbaycan arasında hərbi əməkdaşlığı da kölgə altına ala bilərdi ki, bütün bu təhdidlərin qarşısının öncədən alınması baxımından bəyannamənin imzalanamsı və ratifikasiyası olduqca əhəmiyyətli və geosiyasi baxımdan uğurludur.
Yaşasın sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığı!
Züriyə QARAYEVA,
AzNews.az analitik-informasiya portalının siyasi şərhçisi