Ermənistan Qarabağda filiz yataqlarını istismara verməyə hazırlaşır

28 İyun 2013 11:17 (UTC+04:00)
Ermənilər Dağlıq Qarabağda yeni iki filiz yatağını istismara verməyə hazırlaşırlar.

Bu barədə APA Qarabağda yayımlanan "Azat Artsax" qəzetinə istinadən məlumat verib.

Ağdərənin Canyataq və Xocalı rayonunun Pircamal (Vardadzor) kəndi ərazisindəki yatağında hazırlıq işləri yekunlaşmaq üzrədir. Hər iki mədənlərin istismara açılması üçün hazırlıq işlərinə ötən ilin sonlarında başlanıb. Yeni yataqların açılması hazırda ermənilərin istismar işləri apardıqları Kəlbəcərin Heyvalı (Drmbon) yatağının ehtiyatlarının tükənməsidir. Ermənilərin fikrincə, yeni yataqların istifadəyə verilməsi ətraf kəndlərdən insanların iş dalınca başqa ölkələrə getməsinin qarşısını alacaq.

Yataqları istismar edən Ermənistanın "Base Metal" şirkəti 2012-ci ildə Qarabağda mədən sənayesinə 85 milyon dollar sərmayə yatırıb.

Qeyd edək ki, ermənilər Dağlıq Qarabağda filiz yataqlarının, xüsusilə də qızıl yataqlarının istismarına 2002-ci ildə başlayıblar.

AzNews.az