Türkiyənin yerləşdiyi geostrateji mövqe onun xarici siyasətdə aktiv fəaliyyət göstərməsinə zəmin yaradır. Yaxınlıqda Yaxın Şərq kimi qaynar bölgənin yerləşməsi, Orta Şərq, Cənubi Qafqazla qonşuluqda olması Türkiyənin müvafiq regiondakı proseslərə müdaxiləsini labüd edir. Bu bir tərəfdən Ankaranın özünün milli təhlükəsizlik məsələsi olmasından, digər tərəfdən bu dövlətin dünyada supergüc olma yolunda uğurlu addımlar atması və NATO-nun 2ci böyük üzvü olmasından irəli gəlir. Məxsusi olaraq Ukrayna Türkiyənin Qara dənizdən qonşu dövləti olmaqla, 30 illik diplomatik münasibətləri və strateji müttəfiqlik əlaqələri mövcuddur. Üstəlik müharibə zamanı türk soydaşları olan krım tatarları təqiblərə məruz qalıb. Nəzərə alsaq ki, insan haqlarının pozulması da bir dövlətin daxili işi deyil, Türkiyənin prosesə müdaxiləsi, ələlxüsus soydaşlarının müdafiəsinə qalxması normal haldır. Rusiyanın Qara dənizdə hərbi gücünü artırması, başda Türkiyəni daha çox maraqlandırır. Rəsmi Moskvanın həm Ukrayna, həm də Qara dənizdəki fəaliyyəti Türkiyənin təhlükəsizliyi baxımından da ciddi "qırılma xətt"i yarada bilər.
3 fevral tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri və Zelenski ilə görüşü əməkdaşlığın dərinləşdirilməsi baxımından effektiv oldu. Tərəflər arasında elm, təhsil, müdafiə, maliyyə, iqtisadiyyat sahələrində əməkdaşlığa dair müqavilələr imzalandı. Razılaşmalara əsasən hazırda 7.4 milyard dollar civarında olan ticarət dövriyyəsinin yaxında 10 milyarda çatdırılması, Azad Ticarət Zonasının yaradılması ilə 20milyard dollar təşkil etməsi qərarlaşdırılıb. Türkiyənin Xarkov və Lvovda konsulluq açması təklif edilib. Danışıqların əsas mövzusu təhlükəsizlik olub. "Bayraktar" pilotsuz uçuş aparatlarının istehsalını genişləndirəcək müqavilə imzalanıb. Həmçinin pilotlara müxtəlif kateqoriyalı dronları idarə etməyi öyrədəcək təlim mərkəzinin yaradılması da nəzərdə tutulub. Zelenski Kiyev və Moskva arasında vasitəçilik məsələsi də gündəmə gətirilib.
Türkiyə bu istiqamətdə effektli nəticə ala bilərmi?
Bu suala müsbət cavab vermək olduqca çətindir. Çünki mövcud problem yeni dünya düzəninin yaranmasında açar məsələdir. Odur ki tərəflərdən heç biri öz strategiyasından asanlıqla vaz keçmək niyyətində deyil. Eyni zamanda Rusiya-Ukrayna arasındakı hərbi-siyasi böhranı çözmək üçün dəfələrlə cəhdlər olunub. Lakin tərəflərin öz mövqeyindən geri çəkilməsi və ya sülh variantının tapılması mümkün olmayıb. Nə ATƏT-in, nə də 2014-cü ilin dekabrında Ukraynadakı hərbi-siyasi böhranı çözmək məqsədilə yaranan “Normandiya Formatı”nın (Almaniya, Fransa, Rusiya və Ukrayna) effekli həll tapması mümkün olmadı. 3 il öncə 9 dekabr 2019-cu ildə Parisdə Almaniya və Fransa dövlət başçılarının iştirakı ilə Putinlə-Zelinski ilk dəfə bir araya gəldi. Həmin vaxt Rusiyaya bağlı silahlı güclərin Ukraynanın şərqindən çəkilməsi ilə siyasi dialoqun başlanmasına ümid artmışdı. Bu formatda keçirilən danışıqlarda ən çox təzyiq Ukrayna prezidentinə edildi. Onu Ukrayna Konstitusiyasında dəyişikliyin zərurətinə inandırmağa çalışdılar. Lakin Donetsk və Luqanskla bağlı status verilməsi, separatçıların aministiyası, yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilməsi məsələsi gündəmə gətirilir ki, bu da Ukraynanın federallaşdırılması demək idi.
Fəqət bundan öncə moderatorluq etmiş tərəflərdən fərqli olaraq Türkiyə həm Rusiya ilə, həm də Ukrayna ilə müttəfiq ölkədir. Rusiya ilə son illər çox sürətlə artan geosiyasi, iqtisadi-ticarət, enerji, humanitar sahədə ciddi əməkdaşlıq var. Türkiyə Rusiya ilə İdlibdə uyğunlaşıb. S-400 zenit raket komplekslərini ABŞ-ın sanksiyalarına rəğmən əldə etmişdir. Cənubi Qafqazda ortaq layihələri var. Potensial 3+3 formatı bunun bariz nümunəsidir. Bu baxımdan Türkiyənin iki müttəfiq ölkə arasında sülh danışıqlarının aparılması üçün vasitəçilik etməsi daha optimal olan seçimdir. Hər iki dövlətlə əlaqələrinin geniş olması, üstəlik Türkiyənin özünün bölgədə və dünyada nüfuzu onun tərəflər üzərində təsir imkanlarını artırır. Əgər tərəflər arasında dialoq prosesi baş verərsə bunun Türkiyəyə və Azərbaycana olduqca müsbət təsirləri ola bilər. Bu müharibənin onsuzda tam qalibi yoxdur. Müharibə baş verərsə, tərəflərin hamısı itirər. Habelə, ABŞ-ın strateji müttəfiqləri olan böyük Avropa ölkələri də bu hərbi qarşıdurmanı arzulamır. Müharibədən onlar da zərər çəkə bilər. O baxımdan ehtimal etmək olar ki, Qərb də Türkiyənin vasitəçilik imkanlarının artırılması üçün səylərini gücləndirə bilər.
Bütün hallarda sülh təşəbbüsü, dialoq imkanları müharibədən dəfələrlə yaxşıdır. Ukrayna prezidenti V.Zelenskinin Ərdoğanın vasitəçilik təşəbbüsünə müsbət reaksiyası, ona təşəkkür etməsi, habelə dialoqa açıq olmasını vurğulaması müsbət dəyərləndirilməlidir. Rusiya prezidentinin Türkiyəyə yaxın vaxtlarda baş tutacaq səfəri çərçivəsində yeni dialoq imkanları yarana bilər. Əlqərəz Türkiyənin vasitəçilik missiyasının böyük nəticələrə səbəb olacağını demək çətin olsa da, ATƏT və “Normandiya formatı”ndan fərqli olaraq daha məhsuldar olması ehtimalı var.
Züriyə Qarayeva
Aznews. az portalının siyasi şərhçisi