Ukrayna parçalandı, beynəlxalq nizam çökdü

22 Fevral 2022 13:05 (UTC+04:00)

Beynəlxalq münasibətlər Moskvanın və Kiyevin "Dinamo" komandalarının futbol matçını seyr etmək kimi bir şey deyil.

Elmdir, resursların hesablanması, maraqlar konfliktinin aydınlaşdırılması, gələcəyin proqnozlaşdırılmasıdır.

Rusiyanın marağı bizim Facebbok analitiklərinin iddia etdiyi kimi, heç də Kiyevə hücum çəkmək, Zelenskini devirmək, artistin yerinə canişin təyin etmək deyildi.

Bütün hay-küy ona yönəlmişdi ki, Rusiya Donbas və Luqansk "xalq respublikaları"nın müstəqilliyini tanımasın və bu ərazilərə açıq şəkildə qoşun yeritməsin.

Vladimir Putin Qərbin açdığı informasiya savaşını vecinə almadı, təhdidləri gözünə alıb qəti addımlar atdı.

Bunun müqabilində Qərbin və Ukraynanın etməli olduğu ancaq bir şey vardı: gecə ilə Donetsk və Luqanska qoşun çıxarmaq!

Etmədilər!

Etməzdilər də!

Qərb üçün Ukraynanın parçalanması ən yaxşı halda "cəhənnəmə ki..." reaksiyası ilə qarşılanacaq haldır.

Olan Ukraynaya oldu və olur.

Rusiyaya nə Donbasın müstəqillliyi lazımdır, nə də Luqanskın. Hər iki "respublika" artıq Rusiyanın əyalətidir, bir müddət sonra referendum keçiriləcək, rəsmən Rusiyaya birləşdiriləcək.

Ancaq məsələ bununla bitmir.

Yaxın zamanlarda bu "respublikalar" Ukraynaya qarşı yeni ərazi iddiası ilə çıxış edərək Azov və Qaradəniz sahillərini tam nəzarətə götürməyə çalışacaqlar. Rusiya Ukraynanı Azov və Qaradənizə çıxışı olan bir dövlət kimi görmək istəmir.

"Biz eyni xalqıq", "doğma qardaşıq" kimi söhbətlər imperiya nostalgiyasına qapılan dövlətlər üçün boş şeydir.

Ukraynanın milliləşmə sürəcini Putin hamıdan yaxşı bilir və onu da yaxşı bilir ki, dünyada nə qədər "qardaş" ərəb dövləti var.

Putin kimi uzun danışmayaq deyə, qısa kəsək. I və II Minsk razılaşmaları getdi tarixin arxivinə! Bu, həm də "sərhədlərin dəyişdirilməzliyi" barədə Helsinki deklarasiyasını ihlal etməklə bərabər beynəlxalq nizamın çökməsi deməkdir.

Qısacası, bundan sonra dünyada kimsənin canı, mülkü, torpağı, sərhədi güvəndə deyil.
Mənim üçün əsas meyar artıq elə budur. Bu güvənsiz dünyada nə Rusiyanın, nə Ukraynanın, nə də Qərbin dərdini çəkirəm. Azərbaycan bu prosesdən minimum itki, maksimum uğurla çıxmalıdır. Düşüncəmiz buna yönəlməlidir. Buna çox böyük imkanlarımız var.

Bir neçəsini sadalayım.

1) Qarabağ məsələsini həll etmişik. Xankəndidəki seperatçı qalıqları kimsəni çaşdırmasın. Proses Azərbaycanın xeyrinə bitib. Putinin son qərarlarından hərbi xunta qalıqları propoqanda üçün istifadə etməyə çalışacaqlar, amma təxmin etmək olar ki, az müddət sonra kimlərin kəlləsi gələcək Xankəndidən Bakıya. Bütün hallarda, yaxın hədəfimiz Qərbi Zəngəzurdur.

2) Azərbaycan "rəngli inqilab" ssenarilərindən yan keçib. Bu, çox böyük tarixi nailiyyətimizdir. Gürcüstan və Ukrayna təcrübəsi sübut edir ki, Qərb bu ölkələri topun lüləsinə rəngli inqilablarla qoyub.
3) Gürcüstandan, Ukraynadan və s. ölkələrdən fərqli olaraq, dünyada tək deyilik. Türkiyəmiz var. "Bir millət-iki dövlət" aksiomu Azərbaycanın qoruyucu mələyidir.

4) Azərbaycanın əsas geopolitik sorunu nə Rusiya ilədir (müstəqilliyimizi isbat etmişik), nə Qərblə, nə də "yüksələn ulduz" Çinlə. Əsas təlatüm çökməkdə olan İranla yaşanacaq. Bir gün tez, bir gün gec. Bu prosesdə Türkiyə ilə eyni mövqedən çıxış etməli, Rusiya da daxil olmaqla İranda gözü olan hər kəslə yaxşı münasibətlər qurmalıyıq.

5) Ötən əsrin əvvəllərində Azərbaycan Qafqazda ən zəif həlqə idi. Gürcü menşevikləri və erməni daşnakları daha ciddi resurslara malik idi. Bu gün Azərbaycan iqtisadi, siyasi, hərbi və geopolitik manevr imkanları baxımından Qafqazın lider dövlətidir. Bu, heç də şablon təbliğat tezisi deyil.

6) Azərbaycan oyunqurucu dövlət kimi Qafqazdan kənara çıxıb. Bu, olduqca ciddi diplomatik həmlə idi və strateji önəmi getdikcə artacaq.

7) Azərbaycan nə "Lenin adına Ukrayna respublikası"dır, nə Almaniyanın provakasiyası ilə yaranmış Gürcüstan, nə də daşnak zehniyyəti ilə Qafqazda süni şəkildə qurulan Ermənistan. Bizim dövlət ənənəmiz və identifikasiyamız var və bu ənənə Səfəvilərin timsalında nəhəng bir imperiya tarix səhnəsinə çıxardıb. Tarixi köklər gələcəyə boy atmaq üçün vacib amildir.

Taleh ŞAHSUVARLI