Qazax Rayon Polis Şöbəsinin yeni binasının açılışı oldu

28 İyun 2013 18:30 (UTC+04:00)
Qazax Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan polisinin peşə bayramı ərəfəsində - iyunun 28-də Qazax Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilib. İnşasına ötən ilin martında başlanan 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 2400, müvəqqəti saxlama yeri və digər yardımçı tikililərlə bərabər isə 3300 kvadratmetrdir. Ən müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, növbətçi hissə, yeməkxana və digər xidməti otaqlar istifadəyə verilib, həyətdə su hövzəsi tikilib. Yeni tikilidə 47 xidməti otaq, 100 yerlik akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov iştirak ediblər.

AzNews.az