Gürcüstan Müdafiə və Təhlükəsizlik Konfransı başladı

28 İyun 2013 18:50 (UTC+04:00)
Bu gün Batumi şəhərində Gürcüstan Müdafiə və Təhlükəsizlik Konfransı işə başlayıb.

APA-nın Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, konfransda Gürcüstanın baş naziri Bidzina İvanişvili, müdafiə naziri İrakli Alasaniya, xarici işlər naziri Maya Pancikidze, parlament nümayəndələri, həmçinin müxtəlif ölkələrdən hərbi qurumların, araşdırma mərkəzlərinin 220-dən çox nümayəndəsi iştirak edir.

Konfransda Gürcüstanın Avro-Atlantik məkana inteqrasiyasının perspektivləri, NATO ilə münasibətlər, Gürcüstanın müdafiə siyasəti, müdafiə sektorunda islahatlar və şəffaflıq, Qara dəniz regionu ilə Avropa arasında strateji tərəfdaşlıq və s. mövzularda müzakirələr aparılacaq.

Konfransda Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Silahlı Qüvvələrin hərbi attaşesi, polkovnik-leytenant İlham Əkbərov, Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Zaur Şiriyev, Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahim də iştirak edirlər.

AzNews.az