Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi axşam televiziya ilə çıxışından sonra Ukraynanın şərqindəki separatçı bölgələr, Donetsk və Luqanskın müstəqilliyinin tanınması haqqında fərman imzalayıb. “Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının dərhal tanınması ilə bağlı çoxdan gecikmiş qərarın qəbulunu zəruri hesab edirəm”, - deyən Putin Rusiya parlamentini bu qətnaməni qəbul etməyə və hər iki “respublika” ilə dostluq və yardım müqavilələrini ratifikasiya etməyə çağırıb. Putin Donetsk və Luqanksın rəsmi tanınmasından sonra dünən bölgəyə sülhməramlılar göndərib.
Rusiya Prezidenti Putin çıxışında tarixi istinadlar edərək, “müasir Ukraynanı Rusiya yaradıb” deyib. Keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) qurucusu Vladimir Leninin Ukraynanın memarı olduğunu deyən Putin, ölkədə dağıdılan Leninin heykəllərinə toxunaraq, “Buna dekommunizm deyirlər. Siz kommunizmdən təmizlənmək istəyirsiniz? Ukrayna üçün kommunizmdən təmizlənməyin nə demək olduğunu sizə göstərmək üçün biz hazırıq” deyib. Putin bəyan edib ki, Qərb müttəfiqlərindən NATO-nun şərqə doğru genişlənməməsi, Rusiya sərhəddində silah yerləşdirməməsi və 1997-ci ildə imzalanan Rusiya-NATO Aktına əməl etmə tələblərinə müsbət cavab ala bilmədikləri üçün Ukraynanın şərqində atəşkəs razılaşmasının həyata keçirilməsi üçün artıq heç bir ümid görmürlər. Qərbin Ukraynanın idarə olunmasında fəal rol oynadığını dilə gətirən Putin, Kiyevin NATO-ya üzv olacağı təqdirdə Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradacağını vurğulayıb.
Tanıma nə anlama gəlir?
Parlamentin qətnaməni tanıması Luqansk və Doneskin açıq şəkildə Rusiyanın himayəsində olması deməkdir. Növbəti prosesdə hər iki respublikanın Krım kimi Rusiyaya qoşulmaq üçün müraciət edəcəyi gözlənilir. Hər iki respublikada keçiriləcək referendumdan sonra Rusiyaya qoşulma qərarı verilərsə, Putinə qoşulma qərarını təsdiqləmək qalır. Beləliklə, hər iki müstəqil respublikanın Krım kimi Rusiyanın tərkibində muxtar vilayətlər olması gözlənilir. Rusiyanın addımı 2014-2015-ci illərin Minsk sülh sazişlərini faktiki olaraq aradan qaldırır. Çünki, razılaşmalarda hər iki bölgənin Ukraynanın tərkibində muxtar qalması nəzərdə tutulurdu. Rusiya Gürcüstanın NATO-ya üzv olmaq istəyini qeyri-müəyyən müddətə əngəlləmək üçün Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını Ukrayna üçün təkrarladı. Hər iki hökumətə böyük büdcə dəstəyi verən Moskva bölgə sakinlərinə Rusiya vətəndaşlığı verdi və orada minlərlə əsgər yerləşdirdi. Ukraynada vətəndaş müharibəsində 8 ildir viran qalan və ciddi iqtisadi dəstəyə ehtiyacı olan iki rayonun məsuliyyəti də Rusiyaya məxsus olacaq.
Aİ və ABŞ-dan “sanksiya” bəyanatı
Qərb ölkələri, xüsusən də ABŞ, Aİ ölkələri Moskvaya “sərt sanksiyalar” tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel və AB Komissiyasının sədri Ursula fon der Leyen birgə bəyanat verərək, Rusiya prezidenti Putinin Ukraynanın şərqindəki separatçı bölgələri tanıyan addımını “qınadıqlarını” bildiriblər. Bu addımı "beynəlxalq hüququn və Minsk razılaşmalarının açıq şəkildə pozulması" kimi xarakterizə edən Mişel və fon der Leyen Aİ-nin "bu qanunsuz hərəkətdə iştirak edənlərə sanksiyalarla" cavab verəcəyini bildiriblər.
ABŞ hökuməti də Rusiyanın qərarına cavab olaraq sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Ağ Evin sözçüsü Cen Psaki ABŞ prezidenti Co Baydenin müvafiq fərmanı imzalayacağını bildirərək, tətbiq olunacaq sanksiyalarla Donetsk və Luqansk bölgələrində yeni investisiyaların, ticarətin və maliyyələşdirmənin qadağan ediləcəyini bildirib.
Ukrayna NATO-nun üzvü ola bilər?
Ukraynanı açıq şəkildə parçalayan Rusiyaya qarşı Ukrayna və NATO-nun realda hansı addımları atacağı maraqla gözlənilir. Ukraynanın qərarı tanımayacağı və sərt reaksiya verəcəyi aydındır. Lakin o, tək Rusiyaya müharibə elan etsə, regionda genişmiqyaslı müharibə başlamış olacaq. Bölgədə 2014-cü ildən bəri davam edən qarşıdurmada 14 mindən çox insan həyatını itirib.
Rusiyanın Luqansk və Donetski tanıma addımına cavab olaraq Ukraynanın NATO üzvü olması prosesini sürətləndirmək Qərbin planları sırasındadır. NATO müqaviləsində normal şəraitdə ərazi problemi olan ölkələrin üzv qəbul edilməsi qadağandır. Ancaq hesab edirəm ki, xüsusilə ABŞ və Böyük Britaniya bu vəziyyətdən istifadə edərək, NATO razılaşmalarını bir kənara qoyaraq, Ukraynanın qalan hissəsinin üzv olması üçün hərəkətə keçə bilər. Almaniya və Fransanın bu şərtlər altında çox da etiraz edə bilməyəcəyini təxmin edirəm. Bununla belə, Ukraynanın NATO-ya üzv ola biləcəyi təqdirdə Rusiya müxtəlif vasitələrlə, xüsusilə təbii qazla Avropaya təzyiqini artıra bilər. Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar isə təkcə enerji sektoruna şamil olunmayacaq, daha geniş iqtisadi sahəni əhatə edəcək. Rusiyanın beynəlxalq pul köçürmə sistemindən (Swift) kənarlaşdırılması da ehtimallar arasındadır. Belə görünür ki, “Şimal axını 2” təbii qaz xəttinin qısa zamanda işə düşməsi qeyri-mümkün olacaq və bu, bütün Rusiya iqtisadiyyatına, maliyyə sisteminə və ticarətinə mənfi təsir göstərəcək.
Kimlər nə qazandı? Nə itirdi?
Putinin son addımını ABŞ üçün uğurlu hesab etmirəm. Hərçənd ki, Rusiya ABŞ üçün başlıca təhlükədən daha çox, Şərqi Avropa və bir sıra digər bölgələrdə Vaşinqtonun maraqlarına qarşı təhdid yaradan aktor olduğunu dünyaya göstərdi. Lakin Ukrayna üzərindən Almaniya-Fransa oxu ilə Rusiya arasında iqtisadi və siyasi əlaqələr dərinləşə biləcəyi ehtimalı ABŞ-ın Qərb ittifaqını öz rəhbərliyi ətrafında möhkəmlətmək cəhdlərini fiaskoya uğradacaq. Həmin ikili ABŞ-ın planlarını dəstəkləmiş kimi görünsələr də, strateji maraqlar baxımından Rusiyanın yanında yer almalı olacaqlar. Vaşinqtonun Moskvanın Avropa neft-qaz bazarından sıxışdırılması üçün əlində rıçaqlar olsa da, bu rıçaqları öncədən də istifadə etdiyi üçün artıq Kremlə təhlükə yaratmır. Onsuzda Bayden hakimiyyətə gələr-gəlməz Rusiyaya qarşı sanksiyaların sayı artmaqda davam edib.
Rusiya siyasi, strateji baxımdan qazandı. Bugünə qədər dünya siyasətində iqnor edilən ölkədən dünya nizamını tənzimləyən ölkəyə çevrildi. Putin keçmiş SSRİ-ni diriltmə cəhdlərinin deyil, yeni Rusiya imperiyasının yaradılma hədəflərini dünyaya bəyan etdi. Avropada ikili cəbhə yaradaraq, Fransa və Almaniyanı anqlo-sakslarla qarşı-qarşıya qoymağı bacardı.
Ukrayna Krımı və Donbası itirdi, ərazilərinin digər hissəsi də təhlükə altındadır. Əvəzində NATO-ya üzvlük yolunda qət etməli olduğu yolu daha da qısaltdı. Dünyanı inandırdı ki, Ukrayna Rusiyanın genişlənməsinin qarşısını almaq üçün əsas baryerdi. İşğal səbəbiylə əldə etdiyi yardımlarla ordusunu gücləndirdi. Lakin müharibədən dolayı iqtisadiyyatı kəskin səviyyədə zəiflədi.
Çin gərginlikdən ən çox udan tərəflərdən biridir. Rusiyanı özündən aslı vəziyyətə salmaq üçün əsl şərait yetişib. Əgər Rusiyaya qarşı kəskin sanksiyalar olsa, Moskvanın Pekinə möhtaclığı dəfələrlə artacaq, Çin daha ucuz neft-qaz alacaq, Rusiyanın təbii resurlarına daha asan çıxış əldə edəcək. Üstəlik, dünyanın diqqəti Rusiya Ukrayna münaqişəsinə köklənmişkən, Pekin tədricən xarici ölkələrdə hərbi bazalarını artıracaq. Fransanı oyundankənar vəziyyətə gətirərək, Afrikada oyun qaydasını dəyişəcək.
Beləliklə, kimlərin qalib, kimlərin məğlub olduğunu müəyyən qədər ehtimal etmək olsa da, tərəflərin bundan sonra atacağı addımlar gələcək dünya nizamını dəqiq müəyyən edəcək. Hələlik isə xəmir su aparmağa davam edir.
Züriyə Qarayeva