Ukraynada savaş

2 Mart 2022 09:00 (UTC+04:00)

24 fevral Rusiya və Ukrayna arasında müharibə başladı. Bütün dünyada oyun qaydalarını dəyişən bu müharibə 2-ci dünya müharibəsindən sonra Avropa qitəsində baş verən ən geniş hərbi əməliyyatlardı. Müharibənin artıq eskalasiya həddinə yüksəldiyini demək mümkündür. Putin avanturist imperializm maraqlarının təmin olunması üçün sivil insanların belə hədəf alınmasından yan keçmir. Müharibə başlayandan bəri yüzlərlə insan həyatını itirib, 500 mindən çox ukraynalı ölkəni tərk edərək qonşu ölkələrə sığınıb. Təəssüf ki, ötən gün Belarusun Qomel vilayətində Rusiya ilə Ukrayna arasında danışıqlar da heç bir nəticə vermədi. Tərəflərin tələbləri qəbul edilmir və mövqeləri anlaşma üçün ümid yaratmır. Rusiya tələbləri ilə faktiki Ukraynanı Belaruslaşdırmağa çalışır. Bu hədəf ölkənin müstəqilliyinin itirilməsi deməkdir. Rəsmi Kiyev isə qoşunların Krım və Donbas daxil olmaqla bütövlükdə ölkə ərazisindən çıxarılmasını istəyir. Putinin geri dönüş addımı gözlənilməzdir. Putin üçün bu savaşı uduzmaq təkcə hakimiyyətini deyil, həyatını da itirmək riski yaradır. Rusiya Ukrayna ərazilərinin, xüsusən Kiyevdən şərqdəki Odessa və Azov dənizin sahilində yerləşən Mariopol kimi liman şəhərləri, Xarkov, Dneptorpetrovsk kimi strateji şəhərlərin ələ keçirilməsində israrlıdır. Bu bölgələri əldə etməklə Rusiya NATO-dan qorunmaq üçün bufer zona yaratmağa, həm ərazi problemini dərinləşdirməklə Ukraynanın NATO-a üzvlüyünü əngəlləməyə çalışır, həm də Krımın su təchizatı problemi həllini tapmış olur.

Savaşın şiddətlənməsi ilə paralel, Qərb də sanksiyaları dərinləşdirir. Bu işin neft embarqosuna qədər getməsi mümkündür. Rusiyada iqtisadi vəziyyət kritikdir və getdikcə daha da pisləşir. Artıq Rusiya beynəlxalq maliyyə sistemindən izolyasiya olunub. Bank sistemi dollar, avro sistemindən təcrid olunub. Rusiyanın ixracat və idxalatında ciddi problemlər yaranıb. İqtisadi çöküş ehtimalı yüksəkdir. Avropa İttifaqının Rusiya qazından aslılığı kifayət qədər (510 milyard kub metr olan illik qaz istehlakının 178 milyard kub metri Rusiyadan əldə edilir) olduğu üçün Rusiya arxayın idi ki, ən mühüm iki sanksiya tətbiq edilməyəcək. Böyük iqtisadi zərbəyə səbəb olacaq sanksiyalar 1) neft-qaz alış-verişindən imtina; 2) Swift sistemdən çıxarma. 2ci sanksiya artıq icra olunduğu üçün neft-qaz embarqosunun də tətbiqi gözləniləndir.

İndi ortaya çıxan əsas sual ondan ibarətdir ki, müharibənin lokal səviyyədən çıxma ehtimalı varmı?
Hələ ki NATO Rusiya ilə müharibədə açıq şəkildə tərəf olmaq üçün addımlar atmır. Lakin Rusiyanın müharibə çizgilərini aşması bu ehtimalı gücləndirir. Bunun üçün ilkin versiya NATO-nun Bosniya savaşındakı təcrübəsini təkrarlayaraq Ukrayna səmasına uçuş qadağası qoyması ola bilər ki, bu zaman tərəflər açıq qarşıdurma vəziyyətinə keçə bilərlər. Digər versiya İsveç və Finlandiyanın Alyansa üzvlüyüdür. Bu barədə artıq Mariya Zaxarova ölkəsinin hədələyici mövqeyini dilə gətirib: "Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ciddi hərbi-siyasi nəticələri olacaq və ölkəmizin cavab addımları atmasını tələb edəcək”.

Yaponiya tərəfi hazırda faktiki olaraq Rusiyanın Ukraynanı işğal etdiyini deyərək Kuril adaları uğrunda ehtimal hərbi münaqişəni legitimləşdirməyə çalışır. Tərəflər arasında məlum toqquşma dünya tarixində çox az sayda nümunələrdən biridir ki, sülh müqaviləsi ilə yekunlaşmayıb. Qərbin sanksiyaları və Ukrayna ilə müharibədə Kremlin iqtisadi baxımdan zəifləyəcəyini nəzərə alsaq bu Tokio ilə Moskva arasındakı güc balansının yenidən dəyişəcəyini göstərir.

Dünya müharibəsi Çinin də müdaxiləsi ilə genişlənə bilər. Belə ki, Ukraynada müharibə başladıqdan sonra bu ölkənin xüsusən Yaxın Şərq və Afrikada hərbi bazalar yaratması ilə bağlı məlumatlar yayılıb. Çinin məxsusi olaraq Afrikanın Atlantik okeanı sahillərində yerləşən hissəsində hərbi dəniz bazası qurması ABŞ-la qarşıdurmaya gətirə bilər ki, bu da gələcək çoxtərəfli müharibənin qığılcımlarından xəbər verir.

Əslində Rusiyanın da məhz indiki geosiyasi vəziyyətdə hücum planını icra etməsi təsadüfi deyildi. ABŞ cəmiyyətində sosial-siyasi qütbləşmə dərinləşib. ABŞ-ın Çini əsas strateji rəqib elan edərək, əsas gücünü Hind-Sakit okean regionuna yönəltməsi Moskvanın ikinci cəbhə açmasına fürsət yaradıb. Putin rejiminə qarşı blokun sərt siyasət apara bilməməsi və Avropada müvafiq problemdən doğan ikiləşmə Kremlin düşünmədən müharibə əmri verməsinə səbəb olub.

Geosiyasi durum gərginliyə doğru gedir, müharibə ocaqlarının sayı artdıqca beynəlxalq qurumların təsir imkanları zəifləyir, ATƏT-in adı çəkilmir. BMT heç bir qərar qəbul edə bilmir. Artıq Vyana, Paris, Yalta, Tehran, Potsdam kimi konfranslar keçirilə bilmir. Son 150-200 ilin məhsulu olan beynəlxalq hüquq işə yaramır. Çünki, həmin hüquqlar Rusiyadan qabaq Qərbin özü tərəfindən pozulmuşdu. Bugün isə qarşı cəbhə göz yumduğu hadisələrin acı nəticəsini yaşayır. Müharibənin hansı nəticələrlə bitəcəyini demək tez olsa da, tək həqiqət isə odur ki, dünya birliyi hələ uzun müddət qınamağa davam edəcək.

Züriyə Qarayeva
Aznews.az saytının siyasi şərhçisi