“AES-yə hücumda Putinin strateji məqsədi var”- Politoloq

4 Mart 2022 16:29 (UTC+04:00)

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi ərazi Rusiya Federasiyasının hərbi qüvvələri tərəfindən ələ keçirilib.

Bunula bağlı siyasi şərhçi Əlimusa İbrahimov AzNews.az analitik-informasiya portalına açıqlama verib.

“Bu gün gecəyarısı Ukraynanın Zaporojye vilayətində yerləşən və Ukraynanın əsas elektrik enerjisi tələbatını ödəyən Atom Elektrik Stansiyasını rus qoşunları tərəfindən raket və ağır toplarla atəşə tutulduqdan sonra ələ keçirilib. Stansiyada baş verən güclü yanğın Ukrayna yanğınsöndürənlərinin səyi ilə söndürülüb. Xoşbəxtlikdən nüvə reaktoru zədələnməyib. 2002-ci ildə atom elektrik stansiyasının ətrafındakı müşahidə zonasında radiasiya vəziyyətini avtomatik olaraq davamlı izləyən “Koltso” informasiya-ölçü sistemi istifadəyə verilib ki, bu da şüalanma təhlükəsinə tam nəzarət etmək imkanı yaradıb. AES rəhbərliyi stansiyanın Rusiya hərçiləri tərəfindən atəşə tutulduğunu və bunun real nüvə təhlükəsi olduğunu bildirib”.

Siyasi şərhçi Ukrayna xarici işlər naziri Dmitri Kulebanın stansiyada baş verən yanğınla bağlı bəyan etdiklərinə də toxunub.

“Rusiya ordusu Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyasını hər tərəfdən bombalayır. Artıq stansiyada yanğın başlayıb. Ruslar dərhal atəşi dayandırmalı, yanğınsöndürənlərin hadisə yerinə buraxmalı və təhlükəsizlik zonası yaratmalıdırlar. Nazir onu da qeyd edib ki, Zaporoyje AES-nin partladılmasının fəsadları Çernobıl AES-dəki qəzanın fəsadlarınadan on dəfə artıq olacaq.

Atom Elektrik Stansiyasına hücum və onun ələ keçirilməsində Rusiyanın taktiki məqsədi Ukrayna şəhərlərini elektrik təchizatından məhrum etmək və bununla onların Rusiyaya qarşı müqavimətini qırmaqdır. Amma burada Putinin güddüyü strateji məqsəd də var. O AES-yə hücumla Rusiyaya qarşı birləşən Qərb ölkələrinə nüvə silahlarının işə salınacağı ilə əlaqədar xəbərdarlıqlarına ciddi yanaşmaq haqqında növbəti dəfə xəbərdarlıq edir”, - deyə o vurğulayıb.

Şəbnəm Zahir