Milli Şuradan mətbuata embarqo

29 İyun 2013 11:11 (UTC+04:00)
Qurumun üzvləri mətbuat nümayəndələrinin növbəti iclasa buraxılmamasını tələb edir

Milli Şuranın ikinci sessiyasının vaxtı dəqiqləşib.

AzNews.az-ın məlumatına görə, qurumun ikinci iclası Açıq Cəmiyyət Partiyasının qərargahında keçiriləcək.

Əldə etdiyimiz məlumatda bildirilir ki, sessiyada vahid namizədin öhdəlikləri ilə bağlı işçi qrupunun hazırladığı sənəd müzakirə edilib, qəbul olunacaq. İyulun 2-dəki iclasda Milli Şuranın vahid namizədinin müəyyənləşdirilib, elan olunması məsələsi də müzakirəyə çıxarılacaq. Qeyd edək ki, qurumun sədri Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi olmağa razılıq verdiyini açıqlamışdı.

Milli Şuranın növbəti sessiyasında qəbul ediləcək qərarlardan biri də qurumun seçki qərargahının yaradılması olacaq. AXCP sədri Əli Kərimlinin sədrlik edəcəyi iclasla bağlı ən maraqlı məqam isə ondan ibarətdir ki, növbəti toplantı mətbuat nümayəndələri üçün qapalı keçirilə bilər. Əldə etdiyimiz məlumata görə, qurum üzvləri vahid namizəd məsələsinin müzakirəyə çıxarılacağı halda iclasda gərgin müzakirələrin olacağını və bunların mətbuatda çıxmasının Milli Şuranın nüfuzuna ziyan gətirəcəyini nəzərə alaraq, növbəti toplantını qapalı keçirməyi planlayırlar. Ancaq bu məsələ ilə bağlı hələ ki, yekun qərar qəbul edilməyib.

Bahar Rüstəmli
AzNews.az